“Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi rolunu oynayacaqdır”

OXUNUB: 133 Özəl SİYASƏT

7NEWS.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib: "Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır.

Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Vətən müharibəsindən bir ay sonra isə Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini bütün dünyaya nümayiş etdirdi.
Hazırda isə qarşıda duran ən əsas vəzifə, cənab Prezidentin də vurğuladığı kimi işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab İlham Əliyev müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir.


Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir. Fond işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə güclü iqtisadiyyat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək.
Prezident cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də bildirmişdir ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir.

Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi rola malikdir. Bu il həmçinin Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi rolunu oynayacaqdır. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib addımdır. Zəngəzur dəhlizi isə artıq bu günün reallığıdır.
Prezident cənab İlham Əliyev çıxışı zamanı qeyd etmişdir ki, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq.
Bununla yanaşı, hazırda Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir.

İşğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri Ali Baş Komandan cənab İlham Əliyevin müzəffər rəhbərliyi, qalib Ordumuzun rəşadəti sayəsində gözlərində qaldı.

Cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən böyük layihələr, SMART kənd layihəsi, Zəngilanda ermənilər tərəfindən dağıdılan tarixi-dini abidələrimizin bərpası, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhər məscidinin yenidən qurulması, "DOST Aqropark”ın salınması bu rayonun Şərqi Zəngəzurun ən gözəl məkanlarından birinə çevriləcəyindən xəbər verir.”

Amil Qurbanov

7NEWS.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.7

 

 

 

RƏYLƏR