Zərif: Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlıq əlaqələri uğurla inkişaf edir

OXUNUB: 792 SİYASƏT

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 1-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

İcmal.Az xəbər verir ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif İran prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. 

Məhəmməd Cavad Zərif Bakıda keçirilən "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının təşkili ilə bağlı göstərilən qonaqpərvərliyə görə prezident İlham Əliyevə minnətdarlıq edib. O, İran ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib və əlaqələrin genişləndirilməsi işində Azərbaycan prezidentinin verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında siyasi dialoqun gücləndirilməsində böyük irəliləyişlərin əldə edildiyini deyən iranlı nazir iqtisadi əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Məhəmməd Cavad Zərif Azərbaycan ilə İranın üçtərəfli formatlarda iştirakının önəmini qeyd edib.

Prezident İlham Əliyev İrana son səfərini məmnunluqla xatırlayaraq orada keçirilən üçtərəfli sammiti beynəlxalq səviyyədə mühüm tədbir kimi dəyərləndirib və səfər zamanı İran prezidenti ilə səmərəli müzakirələrin aparıldığını qeyd edib. Dövlətimizin başçısı bildirib ki, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq, dostluq əlaqələri uğurla inkişaf edir. Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə edib.

Dövlətimizin başçısı prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran prezidentinə çatdırmağı xahiş edib.

İcmal.Az

RƏYLƏR