Respublikanın müxtəlif bölgələrində toxum sərgi- satış yarmarkaları keçiriləcək

OXUNUB: 445 İQTİSADİYYAT

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında ənənəvi olaraq toxum sərgi-satış yarmarkaları keçiriləcək. Yarmarkalarda Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, AKİA,  Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul  olan şirkətlər, fermerlər iştirak edəcəklər.

Yarmarkanın müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, rəqabət mühitinin yaradılması, "seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqələrin və  münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumlara əlçatanlığının təmin olunmasıdır.

Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları  nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.

Qeyd edək ki, toxum istehsalı üzrə respublikanın torpaq iqlim zonalarını, həmçinin toxum istehsalçılarının, fermerlərin yarmarkaya maraqlarını və istəklərini nəzərə alaraq əvvəlki ildən fərqli olaraq toxum sərgi yarmarkası respublikanın 7 müxtəlif bölgələrində aşağıdakı qrafik üzrə keçiriləcək:

18 avqust - Şəki

20 avqust - İsmayıllı

24 avqust - Quba

29 avqust – Ağcabədi

31 avqust - Sabirabad

02 sentyabr – Cəlilabad 

08 sentyabr-Hacıqabul

Yarmarkada məhsulunu nümayiş etdirmək istəyən toxumçular öncədən Aqrar Xidmətlər Agentliyinə müraciət etməlidir.

RƏYLƏR