6 nömrəli məktəb-liseyindəki "anarxiya"dan ŞİKAYƏT - "60 nəfər uşaqlı sinifmi olar?!"

OXUNUB: 851 SOSİAL HADİSƏ
Sonxeber.az-ın redaksiyasına 6 nömrəli məktəb-liseyi ilə bağlı şikayət daxil olub. Şikayətçi, maarifləndirici "ZehinX", "ОпытХ", "ZihinX", "SabioX" kimi məşhur "Youtube" kanallarının yaradıcısı Fuad Əliyevdir.

O, adı keçən məktəbdə 47, 49, 60, hətta 70 şagirddən ibarət siniflərin olduğunu bildirir.

Fuad Əliyevin şikayətini olduğu kimi təqdim edirik:

"Sizə nədən danışım, öz oxuduğum məktəbdə olan, heç bir məntiqə və normalara sığmayan qərardan... Söhbət 6 nömrəli məktəb-liseydən gedir. O məktəb ki, Prezident İlham Əliyev özü də orada təhsil alıb və hətta illər əvvəl onun göstərişi ilə bina tamamilə sökülüb, yenidən tikilib. O məktəb ki, mən özüm bir neçə yaxınlarıma məsləhət görmüşəm və mənə çox yaxın olan insanların övladları da hazırda orada oxuyur.

Demək, sırağagün ailə dostlarımızla idik və onlar valideynlərin "Whatsapp" qrupuna yazılan bir xəbəri oxuyub özlərindən çıxdılar. Xəbər nə imiş? Bir sinfə 49 uşaq salıblar. Təsəvvür edin, o sinfin təhsil səviyyəsi nə olacaq? Təkcə bu sinif də deyilmiş, digər dostumun da uşağının sinfində 47 uşaq var. Etiraz etdikdə isə, deyiblər ki, "Niyə etiraz edirsiniz? Başqa siniflərdən birində 60, digərində 70 uşaq və heç onlar çox da etiraz eləmirlər".

Hər şey bir qırağa, etirazlarını bildirən valideynlərə bildirdiklərinə görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi deyib ki, kimin xoşuna gəlmirsə, uşağını çıxartsın, başqa məktəbə qoysun. Dedikləri səbəb isə odur ki, məktəb bu il çox uşaq qəbul edib və sinif çatdırmır. Sinif çatdırmırsa, o qədər uşaq niyə qəbul edib? Bu da ayrı bir mövzudur.

Düzü, mən inanmıram, Təhsil Nazirliyi də birbaşa elə cümlə işlətsin. Məncə, məktəb nazirliyin adından yalan danışır ki, hamı ümidsizləşsin, heç kim şikayət etməsin.

Bizim universitetdə "potok" dərslərimiz 50-60 nəfər olurdu və "ağız deyəni qulaq eşitmirdi". Bu, hələ universitet idi, görün indi məktəb necə olacaq? Pandemiya vaxtı o qədər uşaq bir otaqda, üzü soyuğa gedən vaxtda (pəncərələr də bağlı olacaq), 60 nəfər uşaqlı sinifmi olar? Heç pandemiya olmasaydı da, belə sinif hansı standardlara uyğun gəlir? Həqiqətənmi, qanunvericilikdə bunu tənzimləyən bir normativ, qayda yoxdur?

Hər dərsdə, hər şagirdə cəmi 45-60 saniyə vaxt düşür. Hərə bir dəfə dərsdə öskürsə, dərs qurtaracaq. Belə dərsin keyfiyyəti olar?

Mənim dostlarım rəsmi şikayət yazacaqlar, amma əksər valideynlər nəsə etməyə qorxur ki, "birdən mənim uşağımı "gözüm çıxdıya" salarlar". Hələ bu guya sayılıb-seçilən məktəblərdəndir. Allah bilir, digərlərində necə anarxiyadır.

Əziz valideynlər, xahiş edirəm belə vəziyyətlərdə "uşağımı gözüm-çıxdıya salarlar" deyə rəsmi şikayət etməkdən çəkinməyin. Heç kim sizin uşağınıza heç nə edə bilməz. Etsələr, bir də ondan şikayət edəcəksiniz və onda artıq uşağın "başına fırlanacaqlar". Belə nüanslara biganə qalmayın, uşaqların təhsili ən önəmli şeylərdən biridir. Bu dəqiqə belə vəziyyətlərlə bağlı dövlət qurumlarını dindirdikdə "Bizə şikayət daxil olmayıb" deyirlər. Elə buna görə də, sadəcə dost-tanış arasında deyinmək, etiraz etmək yerinə, nazirliyin saytından, "əlaqə" bölməsindən "e-mail"i götürün, oraya şikayət yazın, ya da "müraciət" bölməsindən yazıb göndərin. O qədər əziyyətli iş də deyil, hər şey onlayndır. Şikayətlər çox olsa, hər halda, daha sürətlə nəzarətə götürülər. Amma rəsmi şikayət olmadan, heç bir tədbir də olan deyil (ictimailəşməsə). Hələ eşitdiyim çox şey var. Yuxarıda yazdığım sadəcə biridir".

Şikayətlə bağlı 6 nömrəli məktəb-liseyin rəhbəri Gülşən xanımla əlaqə saxladıq.

O, ilk öncə "kimin xoşuna gəlmirsə, uşağını çıxartsın, başqa məktəbə qoysun" ifadəsinə münasibət bildirərək, leksikonunda elə bir tərzin olmadığını deyib:

"Mən 30 ildir, bu məktəbdə işləyirəm və müəllimlik statusunu hər cəhətdən saxlamağa çalışmışam. İşlədiyim məktəbin də statusunu gözəl anlayıram. Yəni o elə bir adamın adı ilə bağlıdır ki, hər hərəkətimizdə, hər davranışımızda, hər cümləmizdə ona layiq olmağa çalışırıq.

Uşaqların sıxlığına gəldikdə isə, bəli, etiraf edirəm ki, bizdə 44, 46, 48 nəfərlik siniflər var. Amma 50 nəfəri keçən siniflərimiz yoxdur. Mərkəzi məktəblərin əksəriyyətində bu sıxlıq var. Məktəb birnövbəlidir. Bu sıxlığı yalnız o təqdirdə azaltmaq olar ki, məktəb iki, üçnövbəli olsun. Amma bu da valideynlərin digər bir narazılığına səbəb olur.

Mən keçən il pandemiya dövründə ikinci növbəyə keçmişdim. İkinci növbə qərarını verəndə amalım o olub ki, paralel keçsin, bölmə olmasın, sabah valideynlər arasında narazılıq olmasın, məsələn, bütün 5-ci, yaxud 6-cı siniflər keçsin.

İkinci növbənin də nazirliyə və digər yerlərə şikayətləri gəlir ki, uşaq üçün ikinci növbə itirilmiş gündür. Bəzi müəllimlər də ikinci növbədə işləməkdən imtina edirlər. Məktəbimizin çox gözəl müəllim kollektivi var. Valideynlər də xahiş edirlər ki, yaxşı müəllimlə həmin sinifləri təmin etmək üçün uşaqlarını birinci növbəyə salaq. Mən xidmət etdiyimi başa düşürəm və xidmət edərkən müştəri məmnunluğuna nail olmağa çalışıram. Mənim üçün bu gün şagird və valideyn müştəridir. Şagird məmnun olursa, deməli, mən artıq təhsil sisteminin fəaliyyətinin müəyyən faizini həll etmişəm.

O ki, qaldı 60-70 nəfərə, başqa bir saytdan Təhsil Nazirliyinə də bu barədə şikayət yazılmışdı. Onlar UTİS sistemini özləri yoxlayırlar, nəzarət edirlər. Mənə zəng etdilər ki, "UTİS sistemində baxdıq, sizdə 50 nəfəri keçən sinif yoxdur, amma şikayət gəlib. Bu informasiya haradandır?" Dedim, onsuz da bizim xalq "birinin üstünə beşini qoyub" danışmağı bacarır.

Mən 2010-cu ilədək ibtidai sinif müəllimi olmuşam, mənim sinifimdə də 46 uşaq olub və 46 uşağın heç birini qiymətləndirməmiş bircə gün də olsun, evə buraxmamışam. Bu gün bizim də bu potensialda işləyən müəllimlərimiz var. Onlara arxalanaraq, istərdim ki, valideynlər birinci yarımilin sonunda keyfiyyətdən, müəllimin fəaliyyətindən danışsınlar.

Başa düşürəm, bu qədər uşağın bir sinifdə olması düzgün deyil, amma məsələ burasındadır ki, biz, lisey olaraq, hər il zəif uşaqları kənarlaşdırırıq. Yalnız bu iki il müddətində mən uşaqları kənarlaşdırmamışam, humanist yanaşmışam o mövqedən ki, onlayn dərslər olub, pandemiya ilə bağlı olaraq davamiyyət lazımi qədər olmayıb. Bu səbəbdən birinci yarımilin sonuna kimi şans vermişəm. İlin sonunda artıq zəif uşaqlar uzaqlaşdırılacaq və siniflər seyrələcək, inşallah, şagirdlər normal sayda olacaq.

Eyni zamanda, otaqlarımız azdır, buna görə də sinifləri ayıra bilmirik. Gəlin etiraf edək ki, 30 nəfər oturan siniflə 40 nəfər oturan sinif arasında pandemiya baxımından fərq yoxdur, yenə uşaqlar eyni dərəcədə kontaktda olacaqlar. Keçən il siniflər yarımqruplar şəklində gəlirdi deyə şagirdlərin çoxluğu builki kimi hiss olunmadı, amma bu il dərslər bütöv sinif şəklində keçirildiyi üçün belə qabarıq göründü. Əslində elə deyil. Bizdə xüsusi tibb personalı var, uşaqları mütəmadi yoxlayırıq və nasaz olanları məktəbə buraxmırıq. Müəllimlərin maska taxması məcburidir, amma şagirdlərlə bağlı könüllülük prinsipi var. Şagirdin maska taxması valideynin öhdəliyinə buraxılıb".

RƏYLƏR