70 ilin təntənəsi və yaxud MEDİAMIZIN AĞBİRÇƏYİ ƏMİNƏ YUSİFQIZI HAQQINDA

OXUNUB: 248 index-manşet Özəl GÜNDƏM

Hər bir xalqın, millətin formalaşmasında, milli-mədəni inkişafında müstəqil mətbuatın müstəsna xidmətləri var. Azərbaycan xalqı XIX əsrin sonlarına doğru milli mətbuatın intişarına nail ola bilmişdir. 1875-ci ilin iyul ayının 22-si "söz və fikir zadəganı" kimi böyük hörmət və şöhrət sahibi olan Həsən bəy Zərdabinin səyi nəticəsində işıq üzü görən "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Sonradan bu böyük fikir adamının əməllərini davam etdirən Azərbaycanın görkəmli ziyalıları milli mətbuatın möhkəm təməllər üzərində inkişafına şərait yaratmış, milli mətbuat və jurnalistika ənənələri formalaşdırmışlar.

Bu ənənələri 45 ildir yaşadan, gənc nəsilə ötürən dəyərli ziyalılarımızdan biri də «Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızıdır. Milli Mətbuatımızın inkişafını ömrünün ən gözəl çağlarını sərf edən ağbircək jurnalistimizin həyat yoluna qısa nəzər salaq.

Əhmədova Əminə Yusif qızı 1951-ci il iyun ayının 1-də Yevlax şəhərində anadan olmuş, 1968-ci ildə Mirzə Fətəli Axundov adına 1 nömrəli orta məktəbi bitirmişdir.

1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK-nın təyinatı ilə Yevlaxda çıxan «Təşəbbüs» qəzetində (sonrakı adı «Kür») jurnalist fəaliyyətinə başlamışdir. Əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri işləmiş, 1991-ci ildən indiyəcən isə «Kür» qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir.

Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə «Qızıl qələm» mükafatına (1982), 2 dəfə H.B.Zərdabi adına (1993-2001), Məhsəti Gəncəvi adına (1995) mükafatlarına layiq bilinib. 1991-ci ildə respublikanın əməkdar jurnalisti fəxri adını almış, 2005-ci ildə isə ölkə başçısının daha bir sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur. 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının da sahibiydir. Çalışdığı müddətdə dəfələrlə keçirilən fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuşdur, fəaliyyəti çoxsaylı diplom və fəxri fərmanlara layiq bilinmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şura üzvüdür. Ailəlidir, 2 övladı, 6 nəvəsi var.

1 iyun tarixində 70 illik yubileyi qeyd olunacaq, eyni zamanda, əmək fəaliyyətinin 45, baş redaktor olmağının 30 ili tamam olacaq.

Bəli, Əminə xanım savadı, jurnalistika bilikləri ilə paytaxtda qala, böyük redaksiyaya rəhbərlik edə bilərdi. Ancaq o region mətbuatını seçdi və illərini sərf etdi. Etiraf edək ki, 30 il regionda baş redaktor olaraq ayaqda qalmaq, redaksiyanı saxlamaq və inkişaf etdirmək çox çətin və məsuliyyətlidir. Bu mənada Əminə xanımın fəaliyyətini yüksək qiymətləndirir və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm.

Ümid edirəm, Medianın İnkişafı Agentliyi bu il, Milli Mətbuat günündə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Əminə Yusifqızının adını Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü siyahısına salınması üçün təqdimat edəcəkdir. Bu həm Əminə xanımın 70 illik yubileyinə hədiyyə, həm də onun timsalında region mətbuatının inkişafı üçün böyük stimul olacaqdır.

Səbuhi Abbasov

7NEWS.az saytının baş redaktoru,

İnternet-media ekspert

 














RƏYLƏR