Anar Ələkbərov: Formula 1 yarışları Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi — MÜSAHİBƏ

OXUNUB: 6061 MÜSAHİBƏ index-manşet İDMAN

İCMAL.az Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun 2017 Formula 1 Azərbaycan Qran Prisi ilə bağlıTrend-ə müsahibəsini təqdim edir.

- Anar müəllim, ölkəmizin ev sahibliyi etdiyi Formula 1 yarışları artıq başlamaq üzrədir. Sizcə, yarışlara hazırlıq işlərini necə qiymətləndirmək olar?

- Azərbaycan artıq ikinci ildir ki, Formula 1 yarışlarına ev sahibliyi edir. Builki yarışılar Formula 1 üzrə Dünya Çempionatının 8-ci mərhələsidir və Azərbaycan Qran Prisi adlanır. Ötən il olduğu kimi, bu il də yarışların yüksək səviyyədə, təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb.

Reqlamentə uyğun olaraq, yarışların keçirilməsi ilə bağlı işlər Beynəlxalq Avtomobil Federasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Məsuliyyət bölgüsünü və təhlükəsizlik məsələlərini əhatə edən müqavilələr imzalanıb, Formula 1 Azərbaycan Qran Prisinin beynəlxalq yarış təqviminə salınması üçün rəsmi prosedurlar həyata keçirilib, tələb olunan tibbi avadanlıqlar və yarış halqasının təhlükəsizliyinin daha da artırılması sahəsində görülmüş işlər barədə zəruri arayışlar Azərbaycan Avtomobil Federasiyası tərəfindən Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunub.

Təşkilati işlər ötən il olduğu kimi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən Azərbaycan Avtomobil Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Yarışların əməliyyat komandası yaradılıb, 3000-dən çox könüllü işə cəlb edilib, geniş təbliğat kampaniyası aparılıb və yarış halqasının qurulması üzrə işlər görülüb. İnanıram ki, bu işə cəlb olunmuş komandanın bütün üzvləri təlimlərdə və iştirak etdikləri yarışlarda topladıqları təcrübəni bütünlüklə istifadə edərək yarışların uğurla keçirilməsinə öz töhfələrini verəcəklər.

- Bizdə olan məlumata görə, yarışların keçirilməsi ilə bağlı bütün məqamlarda yerli kadrlar fəaliyyət göstərir.

- Təşkilat heyəti, yarış rəsmiləri və avtoidman marşalları, əsasən, yerli mütəxəssislərdən ibarətdir. Təbii ki, bu, çox fərəhləndirici haldır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə bütün zəruri təlimlərdən keçən yarış rəsmiləri və marşallara Azərbaycan Avtomobil Federasiyası tərəfindən beynəlxalq avtoidman lisenziyası verilib. Bu lisenziya ilə onlar təkcə Azərbaycanda deyil, ümumiyyətlə, Beynəlxalq Avtomobil Federasiyası tərəfindən keçirilən beynəlxalq yarışlarda iştirak imkanı əldə etmiş olurlar. Digər ölkələrin avtomobil federasiyaları ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Avtomobil Federasiyası tərəfindən marşallarımız təcrübə toplamaq məqsədilə bir neçə ölkədə keçirilən Formula 1 yarışlarına göndəriliblər. Onlar iştirak etdikləri bütün yarışlarda peşəkarlıqları ilə seçiliblər. Marşallarımızın bu il ərzində də daha bir neçə ölkəyə ezam olunmaları nəzərdə tutulur.

- Formula 1 yarışları ərəfəsində adətən digər yarış seriyalarından ibarət dəstək yarışları da keçirilir. Bu il də belə plan varmı?

- Bu il Azərbaycan Formula 1 yarışı ilə eyni günlərdə keçirilən Formula 2 yarışına da ev sahibliyi edəcək. Bu, əsasən, daha gənc pilotların iştirak etdiyi yarış seriyasıdır. Həmin yarışlarda uğurlu çıxış edən pilotlar gələcəkdə Formula 1 yarışlarında iştirak imkanı qazanırlar. Məhz bu səbəbdən bu yarışlar bir çox hallarda kifayət qədər gərgin mübarizə şəraitində keçir.

- Bilirik ki, Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayırır. Yarış ərəfəsində də bu sahədə hansısa tədbirlər görülübmü?

- Azərbaycan Avtomobil Federasiyası Beynəlxalq Avtomobil Federasiyası ilə yol hərəkəti təhlükəsizliyinin artırılması sahəsində əməkdaşlıq çərçivəsində mütəmadi olaraq genişmiqyaslı təbliğat kampaniyaları aparır. Formula 1 yarışı günlərində də ictimaiyyətin diqqətinin bu yarışlara yönəldiyini nəzərə alaraq, Federasiya tərəfindən yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı tədbirlər həyata keçirilir.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə məşhur idmançıların, mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Formula 1 yarışları ərəfəsində aparılan dünya miqyaslı təşqivat kampaniyasının ölkəmizdə də həyata keçirilməsinə başlanılıb. Şəhərin bir sıra yerlərində bu kampaniyaya aid təbliğat-təşviqat materialları yerləşdirilir. Layihənin məqsədi sürücüləri avtomobil idarə edərkən daha diqqətli olmağa və yol hərəkəti qaydalarına riayət etməyə çağırmaqdır. #3500lives (#3500həyat) devizi altında keçirilən kampaniya hərəkət iştirakçılarına hər gün dünyada yol-nəqliyyat hadisələri nəticəsində orta hesabla 3500 insanın həlak olduğunu xatırladaraq, qəzaların qarşısının alınmasının hərəkət iştirakçılarının öz əlində olduğunu göstərir.

- Formula 1 Azərbaycan Qran Prisinin nəticələri ilə bağlı proqnozlarınızı da bilmək istərdik.

- Təbii ki, qış aylarında hazırkı idman mövsümünə hazırlıqları daha uğurla həyata keçirən və favoritlər qismində çıxış edən komandalar var. Amma hər bir idman yarışında olduğu kimi, burada da dəqiq proqnoz vermək qeyri-mümkündür.

Biz öz növbəmizdə, yarışın maraqlı və sağlam mübarizə şəraitində keçəcəyinə ümid edərək iştirakçılara uğurlar arzulayırıq.

- Ötən il beynəlxalq mətbuatda ölkəmizin ev sahibliyi etdiyi yarışların çox yüksək səviyyədə təşkil olunması haqqında məqalələr geniş yer almışdı.

- Formula 1 Azərbaycan Qran Prisinin 2016-cı ildə ölkəmizdə ilk dəfə keçirilməsinə baxmayaraq, yarışlar Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi. Təbii ki, bu, ölkəmizin son illər ərzində müxtəlif beynəlxalq tədbirlərin təşkilində əldə etdiyi təcrübədən irəli gəlir.

Beynəlxalq Avtomobil Federasiyası, Formula 1 komandaları və pilotları, müstəqil ekspertlər və jurnalistlər hazırlıq işlərinin və təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsini, təşkilati işlərə cəlb olunmuş komandanın peşəkarlığını, şəhər sakinlərinin qonaqpərvərliyini yüksək qiymətləndirmişlər. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi böyük bir nailiyyətdir.

Müqəddəs Ramazan bayramı ərəfəsində təşkil olunan Formula 1 Azərbaycan Qran Prisi şəhərimizə xüsusi ovqat bəxş edib. Sevindirici haldır ki, xalqımız, xüsusilə də Bakı əhalisi bu tədbiri böyük həvəslə gözləyir və yarışların ən yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verməyə çalışır. Əminəm ki, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımızın qonaqpərvərliyi, səmimiliyi və sülhsevərliyi həmişə olduğu kimi, buraya gələn bütün qonaqlarda xoş təəssürat yaradacaq.

Mən bütün iştirakçılara qələbə sevinci arzulayıram. Azərbaycan xalqını isə qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edirəm.

Şərh yaz

 

RƏYLƏR