Ata Abdullayev məhkəmədə ağladı

OXUNUB: 85 SOSİAL

Bakı Ağır Cinayətlər Məhkəməsində Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı keçirilib.

7News.Az Trend-ə istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Ata Abdullayev qeyd edib ki, 8 aydır 6 kvadrat metrlik otaqda tək qalır:

"Düzdür, iki dəqiqədən bir mənim təhlükəsizliyimi, psixoloji durumumu yoxlayırlar. Cənab hakim, mənim atam yoxdur, sizdən ata kimi xahiş edirəm".

A.Abdullayev prosesdə ağlayıb.

Daha sonra bildirilib ki, cinayət işi üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan yalnız biri Elmar Əliyev məhkəmədə iştirak edib.

Məhkəmədə prokuror ittiham aktını elan edib.

İttihamda göstərilib ki, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. İttihama əsasən, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq iPhone 11 Pro Max telefonu alıb.

Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 və 182.2.4 maddələrilə ittiham verilib.
Hakim Fikrət Qəribov ondan ittihamlara münasibətini soruşanda belə cavab verib: "Mən məhkəmə zalında iştirak eləmək istəmirəm. Çıxarın məni buradan. Haqqımı sizə halal edirəm, nə qədər istəyirsiz, hökm oxuyun. Canım sizə fəda olsun".

Daha sonra zərərçəkmiş Elmar Əliyev ifadə verərək bildirib ki, Ata Abdullayevlə bir neçə dəfə telefon danışığı olub: "Mənimlə aqressiv danışırdı. Elə tez-tez danışırdı, heç nə dediyini tam anlamaq olmurdu. Mənə zəng eləyəndə onu həyatda görməmişdim, sosial şəbəkələrdən tanıyırdım. Mənim biznes şərikim vardı, onunla aramızda problem oldu. Bundan sonra Ata Abdullayev mənə zəng elədi. Mənə deyirdi ki. sən məmursan. Dövlətin malını yeyirsən, talayırsan, satırsan. Guya mən Avropa Oyunlarından sonra Olimpiya kəndində evlərdən mebelləri və başqa əşyaları mənimsəmişəm, satmışam. Əlbəttə ki, yalandır. O, mənə zəng eləyəndə fikirləşdim ki, ictimaiyyət arasında tanınan adam deyiləm, məmur deyiləm, niyə mənə zəng eləsin? Mən müqavilə ilə işləyən mühasib olmuşam. İngilis dilini bildiyimə görə dəvət ediblər, xarici mütəxəssislərlə işləmişəm. Anladım ki, şərikim Turalın sifarişidir. Özü də növbəti zəngdə mənə dedi ki, sən Turalı döymüsən və s. Onda lap əmin oldum. Pulu vermədim, canlı yayım açıb, mənim haqqımda danışdı. Özüm baxmamışdım, tanışlar, qohumlar zəng eləyib xəbər verdi. Əvvəl 10 min demişdi, sonra iphone istədi. Dostumdan xahiş elədim, 2400 manata aldı, apardı Ata Abdullayevin göndərdiyi adama verdi. Dostum telefonu alanda kodunu çəkib saxlamışdı. Bundan sonra Ata Abdullayev məndən əl çəkdi, canlı yayımı da sildi".

Zərərçəkmiş bildirib ki, hüquqi məsələlərin həlli üçün mərhum vəkil Adil İsmayılovla müqavilə bağlayıb: " Adil ismayılovun da bu məsələ ilə əlaqədar Ata Abdullayevlə telefon danışığı olub. Ata Abdullayev məni elə təqdim edirdi, sanki nazirəm, nazir müaviniyəm. Bu adam pulla sifarişlər yerinə yetirir. Bunu hamı bilir. Bu, canlıya çıxanda mənə dedilər ki, hamı bilir niyə eləyir, nə istəyir ver, əl çəksin".

Zərərçəkmiş əlavə edib ki, Ata Abdullayevin polis idarələrinə ərklə girişinin şahidi olub: "Gözümün qarşısında polis idarəsinə vəsiqə təqdim eləmədən, yoxlanılmadan girən adam idi. Mən də o, həbs olunandan sonra şikayət ərizəsi verdim".

Ata Abdullayev zərərçəkmişin yalan danışdığını, onun haqqında heç bir video yaymadığını, onu şantaj etmədiyini bildirib.

Ata Abdullayev deyir ki, onun Elmar Əliyevdən telefon aldığını təsdiqləyən heç bir sübut yoxdur.

Zərərçəkmiş ifadəsinin sonunda Ata Abdullayevə verdiyi mobil telefonun qaytarılmasını tələb edib.

Məhkəmə oktyabrın 26-da davam edəcək.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

7News.Az

RƏYLƏR