Azərbaycanın Yunanıstandakı səfiri: “Hər bir vətəndaşımızla əlaqədəyik” - MÜSAHİBƏ

OXUNUB: 40309 MÜSAHİBƏ

Koronavirus praktik olaraq bütün dünya dövlətlərinə təsir edib. Hər bir dövlət öz üsuluna uyğun olaraq pandemiya ilə mübarizə aparır. Hardasa kütləvi şəkildə əhalini testən keçiriblər, bəzi ölkələr tam karantin metodunu seçməyə qərar veriblər. Ümumiyyətlə, aydın məsələdir ki, uzun müddət təcrid rejimində qalmaq çətindir, çünki bu, iqtisadiyyat üçün mənfi nəticələrə səbəb olur.

Media.Az Azərbaycanın dünya dövlətlərində olan səfirləri ilə müsahibələrə davam edir. Bugünkü müsahib Azərbaycanın Yunanıstan və Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynovdur:

- Dünyada davam edən koronovirus pandemiyası fonunda Yunanıstanda və Albaniyada vəziyyət necədir və hökumət tərəfindən hansı tədbirlər həyata keçirilir?

- İlk növbədə qeyd etmək lazımdır ki, Yunanıstan digər Avropa ölkələri ilə müqayisədə koronavirusun yayılmasına qarşı erkən qabaqlayıcı tədbirlər görüb. Xüsusi ilə qonşu İtaliyada koronavirusa yoluxanların sayında kəskin artım xəbəri eyni faciənin yaşanmaması üçün Yunanıstanı daha sərt tədbirlər görməyə sövq edib. Belə ki, mart ayından etibarən ölkədə tətbiq edilən sərt karantin qaydalarına uyğun olaraq, bütün təhsil müəssisələrinin, mehmanxanaların, ictimai iaşə və əyləncə mərkəzlərinin fəaliyyəti qadağan olunub, ölkəyə quru, dəniz və hava yolları ilə bütün giriş-çıxışı dayandırılıb, bununla yanaşı, insanların fərdi evləri və mənzilləri tərk etməsinə yalnız həyati əhəmiyyət kəsb edən obyektlərə gedildikdə xüsusi icazə əsasında yol verilib. 

Eyni zamanda, qeyd etmək istərdim ki, Yunanıstan hökuməti tərəfindən koronavirusun ölkə iqtisadiyyatına vurduğu zərərin qarşısının alınması, eləcə də iqtisadiyyatı stimullaşdırmaq üçün tədbirlər paketi təqdim olunub, nəticədə bir çox müəssisələrin bağlanılmasının qarşısı alınıb, eləcə də ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar çalışmayan və ya iş yerləri bağlanan şəxslərə, kiçik və orta biznes sahiblərinə maliyyə dəstəyinin göstərilib. 

Məhz xalqın hakimiyyətə birlik və həmrəylik nümayiş etdirərək bu tədbirlərə ciddi riayət etməsi nəticəsində virusun sürətlə yayılmasının qarşısı əhəmiyyətli dərəcədə alınıb. 

Qeyd etmək istərdik ki, koronavirusun yayılma dinamikasına nəzər saldıqda ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində Yunanıstanda epidemiya böhranından əziyyət çəkənlərin sayı nisbətən daha az olub, belə ki, bütün dünya üzrə virusa yoluxmuş insanların sayına görə 78-ci yerdə qərarlaşıb. 

Effektiv məhdudlaşdırıcı tədbirlərlə yanaşı, eləcə də ölkə iqtisadiyyatında mühüm yerə sahib turizm sektoru və onunla əlaqəli xidmət sahələrinin (ümumilikdə turizm sektoru ilə birlikdə xidmətlər sektoru Yunanıstan ÜDM-sinin 50%-ni təşkil edir) epidemiya böhranından xilas edilməsi məqsədilə karantin rejiminin gözlənilənlərdən daha erkən açılması ilə nəticələnib. 27 aprel tarixindən etibarən mərhələli şəkildə ədliyyə orqanlarının, kiçik ticarət obyektlərinin fəaliyyəti bərpa edilib və əhalinin sosial məsafəyə riayət edilməsi şərti ilə xüsusi icazə olmadan evlərini tərk etmələrinə icazə verilib. May ayının 4-dən etibarən isə əhalinin SMS icazəsi olmadan evdən çıxmasına və bir sıra kiçik ticarət obyektlərinin fəaliyyətinə icazə verilib. 11 may tarixindən kitab, elektrik cihazları, illik avtomobil baxışı verən qarajlar və idman malları mağazaları açılıb, bərbər salonları yalnız sifariş ilə fəaliyyətini bərpa edib. 17 maydan etibarən kilsələrdə sosial məsafə qorunub saxlanılması şərti ilə dini ayinlərin keçirilməsinə icazə verilib. Mayın 25-dən etibarən ictimai iaşə və əyləncə mərkəzlərinin fəaliyyəti bərpa edilib. Lakin buna baxmayaraq, tələb olunan maska taxmayanlara 150 avro məbləğində cərimə tətbiq edilir. Bütün müəssisələrdə sanitar gigiyena qaydalarına əməl olunmalıdır. İyun ayının 1-dən etibarən isə koronavirusa yayılması dinamikası aşağı olan ölkələr ilə sərhədlərin açılacağı bəyan edilib və hava nəqliyyatının bərpa ediləcəyi bir sıra ölkələrin siyahısı açıqlanıb. 

Bu günə olan məlumata əsasən, xəstəliyə yoluxmuş şəxslərin sayı 2882 nəfərdir, onlardan 1374 nəfəri artıq sağalıb. Epidemiya nəticəsində ölənlərin sayı isə 172 nəfərdir. Beləliklə, Yunanıstan Avropada nisbətən az insan itkisi vermiş ölkələr siyahısına daxil olub. 

Albaniyaya isə Balkan regionunda koronavirusun yayılmasına qarşı ən sərt qabaqlayıcı tədbirlər görən ölkələrdən biridir. Belə ki, şəhərlərdə karantin rejimi ilə əlaqədar yüksək cərimələr tətbiq edilib.  

Nəzərə alınmalıdır ki, Albaniya Avropada koronavirusun episentri sayılan İtaliyada yaşayan çoxsaylı diasporuna görə yüksək risk qrupuna daxil olan öklələrdən biri idi. Bütün gözləntilərin əksinə virusa yoluxanların və sağalanların sayına görə regionda ən yaxşı nəticələrə sahib ölkələrdən biridir. Bu ölkə bütün dünya üzrə virusa yoluxmuş insanların sayına görə 110-cu yerdədir. 

Koronavirus böhranı kövrək ölkə iqtisadiyyatını tənəzzüllə üzləşdirib və bu ölkəni Avropa maliyyə institutlarından maddi yardım almağa sövq edib. Albaniya hökuməti tərəfindən müəssisələrin bağlanılmasının qarşısı alınması, eləcə də ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar çalışmayan və ya iş yerləri bağlanan şəxslərə, kiçik və orta biznes sahiblərinə maliyyə dəstəyinin göstərilməsi ilə əlaqədar plan açıqlansa da, buna nail olunmayıb. Belə ki, ciddi maliyyə çatışmazlığı buna imkan verməyib.

May ayının 4-dən etibarən bu ölkədə də karantin rejimi mərhələli şəkildə aradan qaldırılıb və ilkin olaraq virusun daha az yayıldığı 11 şəhərdə, sonra isə digər şəhərlərdə məhdudiyyətlər aradan qaldırılıb. Ölkə sərhədlərinin cari ilin 1 iyun tarixindən konorvirusun yayılma dinamikasının aşağı olduğu qonşu ölkələrlə, daha sonra digər Aİ ölkələri ilə, iyul 1-dən isə bütün dövlətlərlə sərhədlərin açılacağı ilkin olaraq bəyan edilib. 

Qeyd etmək istərdik ki, epidemiya böhranının ən çətin dövründə bu ölkə yaxşı nəticələr sərgiləsə də, son günlərdə karantin rejimini aradan qaldırılması ilə yoluxanların dinamikasında yenidən artım müşəhidə edilməkdədir. 

Bu günə olan məlumata əsasən, xəstəliyə yoluxmuş şəxslərin sayı 1029 nəfərdir, onlardan 803 nəfəri artıq sağalıb. Epidemiya nəticəsində ölənlərin sayı isə 33 nəfərdir.

- Yunanıstanda və Albaniyada yaşayan Azərbaycan vətəndaşlarının sayı və onların vəziyyəti ilə bağlı nə deyə bilərsiniz? 

- Hazırda səfirlikdə konsulluq uçotunda olan 63 Azərbaycan vətəndaşı Yunanıstanda yaşayır. Onlardan yeddisi Afina şəhərində təhsil alan tələbələr təşkil edir. Albaniyaya gəldikdə isə bu ölkədə konsulluq uçotunda olan vətəndaşımız mövcud deyil. Məlum olduğu kimi, qlobal pandemiya dövründə xaricdə yaşayan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu kontekstdə diplomatik xidmət orqanları qarşısında duran tapşırığa uyğun olaraq, Yunanıstanda koronavirusun yayılmağa başladığı ilk gündən etibarən vətəndaşlarımızın vəziyyəti diqqət mərkəzində saxlanılıb və onların qarşılaşdıqları problemlərin həllində müvafiq köməklik göstərilib. Eyni zamanda mütəmadi olaraq hər bir vətəndaş ilə fərdi qaydada ünsiyyət saxlanılıb. Ünsiyyət zamanı bu infeksiyadan effektiv şəkildə qorunmaq üçün Yunanıstanın dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə, sosial məsafənin saxlanılmasına, sanitar və gigiyena qaydalarına ciddi riayət edilməsi, səfərlərdən mümkün qədər çəkinilməsi tövsiyə olunub. Bundan əlavə daxil olan müraciətlərə operativ qaydada baxılması və cavablandırılması üçün səfirlikdə 24 saat açıq olan qaynar xətt fəaliyyət göstərir. Bu günə kimi vətəndaşlarımızdan koronavirusa yoluxması barəsində məlumat daxil olmayıb. 

- Təxliyyə məsələsi: səfirliyə vətəndaşlarımızdan Azərbaycana geri qayıtması ilə bağlı müraciət daxil olubmu?

- Bu günədək səkkiz Azərbaycan vətəndaşı geri qayıtmaqla bağlı səfirliyə müraciət edib. Onlardan yeddisi Yunanıstanda təhsilini davam etdirən tələbələrdir. Həmin müraciətlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə göndərilib. Səfirlik vətəndaşlarımızın mümkün qədər ən qısa zamanda Azərbaycana geri qayıtmasını təmin etmək üçün Xarici İşlər Nazirliyi ilə daim təmas halındadır. Eyni zamanda, vətəndaşlarımıza Azərbaycana qayıdan şəxslərin 14-28 günlük karantin rejimində saxlanılacağı haqqında məlumat verilib.

RƏYLƏR