Azərbaycanlı yazıçı: “Oğlum İtaliyada virusa yoluxdu” – Müsahibə

OXUNUB: 41731 MÜSAHİBƏ MƏDƏNİYYƏT

Kulis.az tanınmış yazıçı, tərcüməçi Etimad Başkeçidlə müsahibəni təqdim edir.

"Xəbəri eşidəndə” adlı bir trend yaranıb... Siz koronovirus haqda ilk dəfə eşidəndə reaksiyanız necə oldu?

- Reaksiyam belə oldu ki, bu virus da əvvəlki illərdə olan quş qripi, pinevmoniya, donuz qripi kimi bir şeydir. Çində peyda olmuş virus bizə uzaq görünürdü. Məlum oldu ki, bir neçə günlük məsafədəymiş. Doğurdan da inanmırdım ki, bu xəstəlik ciddi fəsadlar törədə bilər. Amma get-gedə bizim mətbuat məni inandırmağa başladı ki, nəsə faciəvi hadisələr ola bilər. Həm də təkcə bizim mətbuat yox. Elə bil, bir-birinin ağzına tüpürüblər, hamısı eyni havanı çalır. İstər-istəməz ehtiyatlanmağa başlayırsan.

- Həm də virus sərhədlərimizi keçməmiş cəmiyyət olaraq virusa şəbədələr qoşur, sosial şəbəkələrdə koronavirusa lağlağıya qoyuruq. Bu gün də virusa inanmayan adamlar var. Bu mənzərəyə münasibətiniz necədi?

- Biz bu şəbədə qoşan, karikatura çəkən, lağlağı edənlərə baxıb deyirik ki, belə olmaz. Niyə olmur ki?! Qonşu ölkələrə baxın. İstər Türkiyə olsun, istər Rusiya mətbuatı. Lağlağısı da, karikaturası da, şəbədə qoşanı da öz yerində. İnsan neyləməlidi? Səhərdən axşamacan başına-gözünə döyməlidi? Vay, virus məni öldürəcək deyə...

 

 

 

 

- Razıyam, cəmiyyət olaraq nikbin olmalıyıq, amma lağlağı səviyyəsinə düşməməliyik. Axı, ortada təhlükə var.

- İngilislərin bir məsəli var: şeytan deyildiyi qədər də qorxunc deyil. Bu, doğrudan da, görünməmiş bir müsibət olsaydı, insanların lağlağı eləmək həvəsi olmazdı. İstənilən toplumun müəyyən qismi, ümumi toplumun mədəni səviyyəsindən asılı olaraq, konsproloji teorilərə inanır. Guya hardasa qara bir kabinet var, 5-6 mason yığılır, orada nəsə plan qururlar, dünyanın başına fəlakətlər gətirirlər və s. Mən konspirologiyaya inanmıram. Çünki bu mənə elmi yanaşma kimi görünmür. Bu virusun hansısa laborotoriyada hazırlanmasına da inanmıram. Məlumdur ki, virus özünü mutasiya edə bilir. Qlobal iqlim dəyişikliyi baş verirsə, bunun fəsadları da olmalıdır.

- Bu nə bəladır? Hər kəsin öz şəxsi fikri var.

- Məni müəyyən mənada panteist saymaq olar. Təbiətə və onun qüvvələrinə inanıram. Təbiətin canlı olduğuna inanıram. Hər şey canlıdı, ot da, ağac da, bizim cansız hesab etdiyimiz şeylərə də canlı kimi baxıram hardasa. İndi, məncə, baş verən hadisələrə təbiət reaksiya verir. Çox təbii, verməlidi də. Bu dünyada karma deyilən bir nəsnə var. Səhərdən axşama zavodlar, fabriklər tüstünü havaya buraxır, milyonlarla maşın benzin yandırır. Bunlar hara gedir? Uçub kosmosa getmir, hamısı atmosferdə qalır. Parnik effekti, qlobal istiləşmə, ətraf mühitin çirklənməsi, bütün bunlar faktdır. Təbiət bu şəkildə özünü tənzimləməyə çalışır, özü də hələ yumşaq formada.

- Etimad müəllim, gördüyüm qədər evdə tək qalırsınız. Yaradıcı işlərinizə görə, ya başqa səbəbə görə?

- Yaşadığımız dövrdə təklik və ya tənhalıq şərti xarakter daşıyır. Elə bir zəmanədə yaşayırıq ki, ünsiyyət vasitələri təkmilləşdikcə insanlar daha da tənhalaşır. Amma bu, zahirən belədir, bizim tənhalığımız da adamlarla, danışan başlarla doludur. Evdə görürsən, tək oturmuşam. Anam Gürcüstanda qalıb, böyük oğlum İzmirdə, arvad-uşaq şəhərdə, mən də burda Robinzon Kruzo kimi... Amma guya təkəmmi burda?! Televizoru, kompüteri açırsan, hər yerdə insanlar nəsə danışır. Açığı mən heç vaxt təklikdən əziyyət çəkməmişəm, mənə elə gəlir, təklikdə darıxmaq üçün beynini söndürməlisən. Şairlərin ilahi darıxmaqlığından danışmıram, onların özləri bilər…

- Karantin günlərində evdə nə işlərlə məşğulsunuz?

- Həyətimizdəki ağacların dibini bellədim, gübrə, peyin verdim. Burda xırda təsərrüfatım var. Toyuq-cücəni, iti yemləyirəm. Evi qaydasında saxlayıram. Qalan vaxtımda da Tövratı tərcümə edirəm. Yəhudilərin dini kitabını. Yarısından çoxunu tərcümə etmişəm.

- Nə vaxta bitər?

- İnşallah, iyulun ortalarına yekunlaşdıracağam. Tövrat dünyanın mədəni dillərinə dəfələrlə, on dəfələrlə tərcümə olunub. Rus dilində ən azı altı variantı var. Azərbaycan dilinə də çevrilib. Amma inanıram ki, mənim tərcüməm ən mükəmməl tərcümə olacaq. Ona görə ki, qarşımda iki rus variantı var; birincisi hərfi tərcümədir, ikincisi geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Türkcə, azərbaycanca varinatları var. Beş-altı mənbə var qarşımda. Tərcümələrdə bir-biri ilə uyuşmayan məqamlar bilirsən nə qədərdir. Bunların hamısını araşdırıb ən mükəmməl səviyyədə tərcümə etməyə çalışıram. Tövratdan əxz elədiyim bəzi mətləblər var. Məlum olur ki, yaxşı adam olmaq çox asandır, pis adam olmaq üçünsə xeyli əmək qoymalısan. Amma nədənsə insanların çoxu asan olmayanı seçir.

- Bu günlərdə koronovirusdan özünüzü necə qoruyursunuz?

- Evdə əlimi hər on beş dəqiqədən bir yumağa ehtiyac yoxdur. Ötən gün maşınla yola çıxanda polislər dörd dəfə saxladılar. Əlimdə əlcək, ağzımda maska vardı. Çölə çıxanda maska, əlcək taxıram, Evə qayıdanda da hər yeri spirtləyirəm. (gülür) Deyirəm, birdən olmadı elə, oldu belə. Niyə özümü azara salım?! Maksimum dərəcədə də özümü təcrid edirəm. Heç kəsə də qonaq getmirəm.

- Ailənizlə niyə qalmırsız?

- Mən işə gedib-gəlirəm, adamlarla ünsiyyətdə oluram deyə, hər ehtimala tək qalıram. Bir növ ailəmi yoluxmadan sığortalamaq üçün. İki-üç gündən bir gedib dəyirəm. Yoldaşımdı, bir də kiçik oğlum.

- Böyük oğlunuz İzmirdədi. Onun vəziyyəti necədir? Əlaqə saxlayırsız?

- Tələbədir. Türkiyədə təhsil aldığı müddətdə altı aylıq "burs” qazanmışdı İtaliyaya. Son altı ayı orda oxudu. Sonra qayıtdı İzmirə. Oğlum İtaliyada olanda artıq bu virus tüğyan eləyirdi. Yoldaşımla hər gün ona zəng vurur, özünü qorumağı tapşırırdıq. Oğlum da bu şeylərə bir qədər bivec yanaşandır. Bir gün danışanda baxdıq ki, qripə tutulub. Yoldaşım, təşvişə düşdü, temperaturunu soruşdu, "bəlkə koronavirusa tutulmusan”, deyə sorğu sual eləməyə başladı. Oğlumla bərabər üç tələbə də qalırdı. Üçü də qripləmişdi. Bütün simptomları göstərirdi ki, bu elə belə virus deyil. İndi oğlumla danışanda deyir, mənə elə gəlir biz koronavirusu keçirdik. Hazırda İzmirdə tələbə yataqxanasında karantin rejimindədir. Hər gün danışırıq. Hər şey yolundadır. Narahat deyiləm. Ağıllı oğlandır.

- Bəlkə də bu virusun bizə vermək istədiyi mesaj budur: həyatın dəyərini bilmək, sərhədlərin olmamağı, bütün insanların eyni qorxunu duymağı. Siz necə düşünürsünüz?

- Virus nə qədər pis şey olsa da, yaxşı tərəfləri də var. Tarixçi, sosioloq kimi danışanda ən dəhşətli hadisələrin də, baxırsan, yaxşı tərəfləri olur. Tarixçi müharibələr, onun gətirdiyi bəlalar, fəsadlar haqda danışır. Sonra tutalım II Dünya Müharibəsinin gətirdiyi faydalardan söz açır. Məlum olur ki, müharibənin nəticəsində elm inkişaf eləyib, yeni texnologiyalar üzə çıxıb, yeni idarəetmə modelləri yaranıb və s. İndi bu virusun yaxşı tərəfləri yox deyil. Amma onu yaxın gələcəkdə biləcəyik.

Ölüm isə Allahın ən böyük ədalətidir. Yoxsa insan azğınlaşıb Tanrını, yeri-göyü vecinə almaz. Bu virus da o qədər demokratik virusdu ki, varlı, kasıb saymır. Bir qədər başqa kriteriyalarla yanaşır məsələyə.

- Ölümdən qorxursunuz?

- Xeyr, qorxmuram.

- Çexov deyirdi, hər ölüm vaxtsızdır.

- Təbii. İstənilən ölüm vaxtsızdır. Çexovla razıyam. Yeri gəlmişkən, Çexov özünün "6 nömrəli palata” əsərini karantin günlərində yazıb. Onun vaxtında da epidemiya vardı. Bundan başqa Puşkin "Yevgeni Onegin” romanını özünütəcrid vaxtlarında qələmə alıb.

- Karantin günlərdə hansı kitabları oxuyursunuz?

- Alberto Maraviyanın hekayələrini rus dilində oxudum, bir də O.Henrinin novellalarını. O.Henrinin novellalarını bir neçə dəfə oxumuşam. Amma hər dəfə oxuyanda ləzzət alıram. Novella da elədi ki, gözlənilməz sonluqla bitməlidir. Hər dəfə onun əsərini oxumağa başlayanda finalın necə olacağını yadıma sala bilmirəm. O qədər maraqlı dillə, təhkiyə ilə yazıb, aludə olursan, zövqlə oxuyursan. Hazırda Qurban Yaquboğlunun "Mən yoxam” kitabını axıra çatdırmaq üzrəyəm. Çoxdan oxumaq istəyirdim, indi macal tapmışam. Qurban, heç şübhəsiz, sənətkar adamdır, bu romanı da çox uğurlu alınıb. İndiki şabaş mühitində, başı, istedadı, qabiliyyəti ilə yox, daha çox dirsəkləri ilə özünə yer eləməyə çalışanların sırasında "mən yoxam” deyir və bu, onu daha da böyüdür.

- Deyirlər, pandemiyadan sonra dünyanın mənzərəsi dəyişəcək. Hətta iddia edənlər var ki, artıq dəyişməyə başlayıb. Siz nə düşünürsünüz?

- Dünyanın mənzərəsi pandemiyasız da dəyişirdi, virus prosesi daha da sürətləndirəcək. İstənilən halda bu şəkildə davam eləyə bilməz. Planetin bədənində parazit kimi, koronavirus kimi yaşamağın fəsadlarını hamı öz həyatında hiss etməlidir, necə ki, hiss edir.

- Bu həm də kapitalizmin çöküşüdürmü?

- Kapitalizm heç vaxt çökməyəcək. Kapitalizm sistemin adı deyil. Məsələn, feodalizm, sosializm, liberalizm və s. kimi. Kapitalizm sadəcə bəşəriyyətin yaşayış formasıdır. Yəni insan əməyinin müqabilində pul qazanır. Bu yaxşı forma olmaya bilər, amma bundan yaxşısı da yoxdur.

- Ədəbiyyata necə təsir edəcək? Sizcə ədəbiyyat insanlara lazım olacaqmı?

Ədəbiyyat həmişə lazım olacaq. Ədəbiyyatın hansısa qolları sıradan çıxa bilər. Vaxtı ilə hansısa bəhrlərdə, vəznlərdə yazılan ədəbiyyat nümunələri kimi. Ümumilikdə isə, ədəbiyyat ibtidaidən aliyə və ya sadədən mürəkkəbə doğru inkişaf vektoru ilə irəliləmir. Belə olsaydı, min illər bundan əvvəl yazılmış ədəbiyyat bu qədər aktual olmazdı. Ədəbiyyat virus kimidir, hey dəyişilir və onun bütün cazibəsi də bundadır. Ayrıca götürdükdə, şeirin gələcəyi yaxşı görünmür. Poeziya yavaş-yavaş sıradan çıxır. Mən səndən soruşsam, dünyada bir neçə yazıçı adı çək, gözünü qırpmadan sadalayacaqsan. Amma şair adı çəkə bilməyəcəksən, təbii özümüzünkülərdən savayı. Dünya dağılır, qlobal istiləşmə, pandemiya, koronavirus, hansısa hadislər baş verir, rəqəmsallaşma gedir, sən oturub şeir yazırsan ki, mən səni sevirəm, sən məni niyə sevmədin, kəpənəklər uçuşur...

Əvvəllər hər şey, romanlar da şeirlə yazılırdı. Bu prosesin son mərhələlərində Puşkin "Yevgeni Onegin”i roman adlandırır. Şeirlə yazılmış roman. Amma insan təkmilləşdikcə, ağıllandıqca, dünyagörüşü genişləndikcə şeir forması artıq ona inadırıcı gəlmir. Şeir formasında nəsə deyirsənsə, qarşında oturan adam artıq sənin hiylə işlətdiyini düşünür.

- Sizin yaradıclığınızda nələr dəyişəcək?

- Müsahibələrimizdə tez-tez deyirik ki, imkan olsaydı, vaxt olsaydı, oturub yazardıq. İndi hər bir şərait var. Səni buraxıblar evə. Maaşını da bir ay verirlər. Otur, yaz. Bir ayın tamamında vaxt yoxdu deyə həşir təpənlər nə yazıb ortaya qoyacaqlar, görəcəyik. Məndə elə bir dəyişiklik yoxdur və bunu planlaşdırmıram da. "Tövrat”ın tərcüməsini bitirdikdən sonra, yarımçıq romanımı bitirməyə çalışacağam.

RƏYLƏR