"Böyük Britaniya səfirliyi bəyanat mətnini sanki həftələr öncədən yazıb, hazırlayıb" - Deputat

OXUNUB: 652 Özəl SİYASƏT

Qərbin bəzi dairələri Azərbaycanda guya "insan hüquqlarının pozulması” ilə bağlı yeni kampaniyalar təşkil olunması istiqamətində iş aparırlar. Azərbaycana qarşı bu kampaniya mütəşəkkil şəkildə təşkil edilib və bir mərkəzdən idarə olunur. Mayın 14-də bir qrup "fəal”ın Bakıda keçirdiyi etiraz aksiyasına Qərbin bəzi dairələrinin şişirdilmiş münasibəti bu kampaniyanın bir tərkib hissəsidir.

Məsələ ilə bağlı sualımızı cavablandıran Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, may ayının 14-də müxalif kəsimin qanunsuz mitinqindən sonra Qərbin müəyyən dairələrinin mövzuya ədalətsiz münasibəti və xüsusən də Böyük Britaniya səfirliyinin bu haqda açıqlaması insanda təəssüf və təəccüb hissi doğurur.

"Çünki həmin aksiyada iştirakçılara qarşı heç bir zor tətbiq olunmayıb və ümumiyyətlə, proses boyunca heç bir insident yaşanmayıb. Üstəlik, Azərbaycan polisi və digər müvafiq qurumlar da maksimum dərəcədə səbrlə davranıblar.

Məndə belə bir təəssürat yarandı ki, Böyük Britaniya səfirliyi bəyanat mətnini sanki həftələr öncədən yazıb, hazırlayıb və məqam gözləyib ki, tezcə dərc etsin. Yoxsa bunun başqa adı yoxdur.

Britaniya səfirliyi oturub öz işi ilə məşğul olmaq əvəzinə siyasi bəyanatlar verir, səhv tutur, "ağsaqqallıq” sevdasına düşür. Niyə? Nə xəbərdi? Kim verib sizə bu ixtiyarı? Beynəlxalq hüquq demirmi ki, başqa dövlətlərin daxili işlərinə qarışmaq olmaz? O zaman bəs niyə qarışırsınız?

"Azadlıq” radiosu buradan, "Amerikanın səsi” ordan, müxalif bloqerlər başqa tərəfdən, xaricdə yaşayan "söyüş müxalifəti” o biri yandan, səfirlik bu biri yandan... Hamısı sanki növbəyə düzülüb. Görəsən, səbəb nədir? Ortada koordinasiyamı var? Təlimatmı belədir?”, - deyə deputat bildirib.

O qeyd edib ki, həmin mitinqdə heç bir insident olmayıb. "Həmin mitinqdə demək olar ki, heç iştirakçı da olmayıb. Olubsa da barmaqla sayılacaq qədər. Ona görə də məsələni, mövzunu şişirtməyin, siyasiləşdirməyin heç bir anlamı yoxdur. Qərbin həmin o müəyyən dairələri də, Britaniyanın səfirliyi də gedib özlərinə aid işlərlə məşğul olsunlar”, - deyə deputat əlavə edib./trend

7NEWS.az

RƏYLƏR