Deputat: “Müsabiqənin adında Şuşa sözü varsa, bütün iştirakçılar qalibdirlər”

OXUNUB: 585 Özəl QHT SOSİAL
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən "Şuşa ili”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri artıq elan edilib. Burada təbii məsələlər də var. Hər hansı müsabiqə, yarış tipli tədbirlərdə narazı qalanlar mütləq olur. İndi də elə dövrdə yaşayırıq ki, sosial şəbəkələr bir çox insanın xüsusi tənqid platformasına çevrilib. İnsanlar fikirlərini bölüşür, hər hansı məsələni müzakirə və tənqid edirlər. Bu, təbiidir. "Şuşa ili” çərçivəsində müsabiqə keçirilməsi, qrantların elan edilməsi çox müsbət haldır. Əgər bu qrantın və müsabiqənin adında Şuşa sözü varsa, layihənin iştirakçıları qalibdirlər. Çünki Şuşa həm də bizim qalibiyyətimizin rəmzidir və heç kim məğlub deyil, hamı qalib sayılır”.
 
Bu sözləri 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
 
Deputat bildirib ki, artıq müsabiqənin nəticələrindən narazı qalanlarla bağlı Agentliyin rəhbərliyi tərəfindən də açıqlama verilib: "Əvvəla, Agentlik öncədən meyarlar qoyub. Qaliblər də həmin meyarlara görə müəyyənləşdirilir. Burada heç bir təşkilatın rəhbərliyinin siyasi tərəfi, digər həyat tərzi, fəaliyyətləri, baxışları əsas götürülmür. Əsas məsələ qeyd olunmuş meyarlara uyğun olmaq, tələblərə cavab verməkdir. Agentlik tərəfindən xüsusi videoçarx da təqdim olunur, məlumat verilir. Bütün tərəflər həmin platformadan istifadə edə bilərlər. Əsas məsələ ədalətin qalib gəlməsidir. Əlbəttə ki, meyarlara cavab verən, ədalət prinsiplərini rəhbər tutan layihələr maliyyələşdirilməlidir. İstəməzdik ki, "Şuşa ili” ilə bağlı layihəyə kölgə salınsın. Bu, mümkün də deyil. Başa düşməliyik ki, harda maliyyə, pulla bağlı müsabiqə varsa, orada həmişə narazı qalan tərəflər də olacaq. Buna təbii baxmaq lazımdır. Əsas odur, Agentlik şəffaflığın olduğunu, hər bir layihəyə fərdi yanaşıldığını, xüsusi komissiya tərəfindən ən uyğun layihənin seçilib, qalib elan olunduğunu bildirir. Həmçinin nəticədən narazı qalan tərəflərə də tövsiyə edir ki, ciddi qanun pozuntusu və digər məsələlərin olduğunu düşünürlərsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Bu da Agentliyin obyektiv və şəffaf iş görməsi ilə bağlı özünə əminliyinin işarəsidir. Həqiqətən də, ciddi narazılığı olan təşkilatlar varsa, Agentlik səviyyəsində müzakirə edə bilərlər. Azərbaycan sivil, demokratik ölkədir. Hər bir məsələ hüquqi müstəvidə və qanunla tənzimlənir”.
 
Aytəkin Qardaşova
 
İcmal.Az

RƏYLƏR