Deputatın xanımının vəzifəyə təyinatı niyə etiraz doğurdu?

OXUNUB: 251 SOSİAL HADİSƏ
Sadiq Qurbanov: "Günay Qurbanova təkcə bu gün deyil, əmək fəaliyyətinə başlayandan təhsil sahəsində çalışıb”

Təhsil eksperti Kamran Əsədov keçmiş Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki qohumbazlıq siyasətini "Facebook” hesabında sərt tənqid edib: "Dostumun dostu, qohumumun qohumu, tanışımın tanışı?! Bakı Şəhəri üzrə Təhsil İdarəsində qohumluq, tanışlıq və dostluq zəminindəki təyinatlar barəsində ona görə təkrar danışmağa dəyməz. Zatən Təhsil Nazirliyi strukturunun bütünlüklə bu sindromdan əziyyət çəkdiyi barədə ətraflı yazmışdıq.

Bir dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadənin özəl kursdan birbaşa təhsilin keyfiyyətinə cavabdeh sahəyə rəhbər təyin edilməsini qınadıq. O və keçmiş kurs yoldaşları gəlib paylaşmanın şərh hissəsində bizi qərəzli olmaqda ittiham etdilər. Biz hələ onun məhz BŞTİ müdiri ilə qohum olması barədə bir kəlmə yazmadıq, o isə özünün təhsil üzrə böyük mütəxəssis olduğunu yazıb bizi borclu da çıxartdı".

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Ekspert əlavə edib: "Xəyalə Əhmədzadə ailə münasibətləri zəminində nazirliyə tabe məktəbə direktor və bir müddət sonra Bakı kimi şəhərin təhsil idarəetmə orqanına müdir müavini gətirilib. Heç kim şübhə etmir ki, təyinat zamanı müsahibə mərhələsi mənzillərində həyata keçirilən bu şəxs tezliklə BŞTİ müdiri təyin ediləcək. Bu azmış kimi, onun təhsilə bağlılığı məlum olmayan qardaşı da artıq nazirin müşaviri postuna təyin edilib. O da heç kimə sirr deyil ki, nazirin müşaviri postu hərbiləşmiş qurumlardakı sərəncamda olmaq kimi bir şeydir. Yəni ya adamı yüksək vəzifəyə gətirmək üçün bir müddət müşavir saxlamaqla ona təhsil işçisi imici qayırırlar, ya da ki, adama heç bir vəzifə vermək istəməyəndə müşavir adlandırıb, adamı bu vəzifə ilə yola verirlər. Lakin bu təyinatlarda şübhəsiz ki, bu bacı-qardaşın daha yüksək vəzifələrə gətirilməsi hədəflənir”.

"Ümumtəhsil sahəsində heç bir fəaliyyəti olmayan, yalnız icra hakimiyyəti sistemində çalışan Günay Qurbanova birdən-birə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri təyin edilib. İşi, sənəti sosial şəbəkə hesabında belə öz selfilərini və deputat ərinin fotosessiyalarını qoymaq olan bu adamı birdən-birə təhsili inkişaf etdirmək kimi ciddi vəzifəyə təyin etməyin arxasında nə dura bilər?

Göründüyü kimi, artıq qohum, dost və tanışlarını bitirib, dostlarının dostlarını, qohumlarının qohumlarını və tanışlarının tanışlarını vəzifəyə gətirirlər... Vallah buna da etiraz etməzdik. Heç olmazsa, belələrini mühüm əhəmiyyətli vəzifələrə gətirib xalqın genefondunu məhv etməyin!", - deyə K. Əsədov fikrini yekunlaşdırıb.

Məlumata görə, nazirin vəzifə verdiyi xanım deputat Sadiq Qurbanovun həyat yoldaşıdır. O, Bakı Şəhər İcra Hakimiyyətindəki vəzifəsindən bu ilin iyun ayının 3-də istefa verib. Günay Qurbanova cəmi bir neçə gün işsiz qaldıqdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.

Sadiq Qurbanov: Cərimələrin artırılması vətəndaş məsuliyyətinin yüksəldilməsinə xidmət edir -
Sadiq Qurbanov

Məsələ ilə bağlı Günay Qurbanovanın mövqeyini öyrənə bilməsək də həyat yoldaşı Sadiq Qurbanov bu haqda "Yeni Müsavat”a danışıb: "Mənim həyat yoldaşım təxminən 10 ildir ki, bu sahədə çalışır. Peşəsi də təhsillə bağlıdır. Haqqında o cür məlumat yayanlar, sadəcə, bundan xəbərsiz olanlardır. Günay Qurbanova təkcə bu gün deyil, əmək fəaliyyətinə başlayandan təhsil sahəsində çalışıb. Daha sonra isə Bakı Şəhər icra Hakimiyyətində 3 il Məktəbəqədər Təhsil İdarəsində çalışıb. Sonradan isə dövlət qulluğuna daxil olub. Onun haqqında yalan yazanların məqsədi nədir bilmirəm, amma hamı kimi o da dövlət qulluğunda çalışır və bu, normal haldır. Hər halda, nazirlikdən və Bakı Şəhər İcra Hakimiyyətindən soruşa bilərsiniz, Günay  Qurbanova təhsildən təhsil idarəçiliyinə gəlib”.

"Sizcə, niyə Günay Qurbanovanın vəzifəyə təyinatı etiraz doğurdu” sualımıza isə deputat bu cür cavab verdi: "Cəmiyyətdə bəziləri çalışır ki, yeni kadrlar haqqında müəyyən məlumatlar yaymaqla gündəmə gəlsin, gündəmdə qalsın. Yəni yeni adamlar tapmaqla, əslində özlərini gündəmdə saxlamaq istəyirlər”.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib: ""Favoritizm” qohum, dost və tanışlıq zəminində bir şəxsə və ya qrupa xüsusən səlahiyyətli şəxslər tərəfindən göstərilən ədalətsiz dəstək mənasındadır. Onun dar forması olan nepotizm "bacıoğlu” (nephew) sözündən gəlib, xüsusilə işə qəbul zamanı ailə fərdləri lehinə qərar vermək, digər dar forması "kronizm” isə dostlara birincilik vermək mənasındadır. Bizim xalqımızın ifadə etdiyi "day-dayı” söz birləşməsi bu anlayışları özündə tam etiva edir.

Təhsil Nazirliyi son illər öz bütün siyasətini məhz favarotizm əsasında həyata keçirdir. Nazirlikdə təyinat alan dostlar, tanışlar və qohumlar da öz növbəsində dostlarını və tanışlarını, imkan olarsa, qohumlarını da vəzifəyə gətirməkdə davam edirlər. Bu təyinatlar zamanı ən maraqlı cəhət isə Təhsil Nazirliyinin bütün rəhbər kadrlarının özəl kurslardan işə götürülməsidir. Ümumtəhsilə rəhbərlik edən şəxslərdən bir neçəsi "Kaspi” Təhsil Mərkəzindən, nazirliyin informasiya siyasətinə cavabdeh şəxslər "Mədəd Azərbaycan”, "Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzindən, təhsilin metodik təminata və məzmuna cavabdeh şəxslər isə "TAİM”, "Hədəf”, "Türk” və "Araz” kurslarından nazirliyə və onun strukturlarına gətiriliblər. Primitiv özəl təhsil kursları rəhbərliyində çalışanların və elementar repetitorların artıq mərkəzi və yerli təhsil idarəetmə orqanlarına başçılıq etməsi təhsilimizin dərin böhranlı durumda olmasının səbəbinə tam aydınlıq gətirən faktordur.

Vəzifəyə təyinat alan bu kadrların pedaqoji staja və təhsilə malik olmamaları bir yana, onların sırf iqtisadi sahədə işləmələri diqqəti çəkir. Təhsil Nazirliyi açıq-aydın elan edir ki, təhsilin təşkili və idarə olunması pedaqogikaya daxil olsa da, bu, iqtisadiyyatın bir sahəsidir. Əvvəllər nazirin heç olmazsa bir müavini pedaqoqlardan təyin edilsə də, hazırda onun bircə müavini belə təhsil sistemindən bu vəzifəyə təyinat almayıb. Bu azmış kimi, nazirliyin aparat rəhbəri də pedaqoji təhsilə və staja malik deyil. Eləcə də nazirliyin nəinki şöbələrinin və sektorlarının müdirləri, hətta onların müavinlərindən biri belə pedaqoji təhsilə və staja malik deyil. Bircə nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu pedaqoji təhsilə malikdir, lakin o da ömründə məktəbdə sinif rəhbəri belə olmayan primitiv bir təlimçidir. Nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev pedaqoq olsa da bu vəzifə ona həvalə qaydasında müvəqqəti verilib. Nazirin müşavirləri də qeydsiz-şərtsiz eyni meyarlar əsasında işə təyinat alıblar.

Təhsilin idarə edilməsi və təşkilində hüquqşünasların, iqtisadçıların və sair peşə sahiblərinin iştirakı, şübhəsiz, mümkün və zəruridir. Lakin bu zaman bilərəkdən pedaqoqların bir qayda olaraq vəzifədən uzaqlaşdırılması, hətta təhsilin məzmununa cavabdeh şöbə və sektorlara qeyri-pedaqoqların kütləvi təyinatı yalnız ölkə təhsilinin diz çökməsi ilə nəticələnəcək və nəticələnir. Qərbdə təhsil alan ölkəyə qayıdıb "day-dayı” olursa, onda burada təhsil alanın "nephew” olmaqdan başqa yolu yoxdur. İngiliscə bilən nepotist və kronist təhsil idarəçiləri bu əməlləri ilə ölkə üçün vətəndaş hazırlayırsa, onda vay bu xalqın halına!  Beləliklə, rüşvətxorluqdan daha böyük bəla - favoritizmlə üz-üzəyik. Hansı ki, favoritizm korrupsiyanı daha da dərinləşdirən mühüm faktordur".

RƏYLƏR