“Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir” – BƏYANAT

OXUNUB: 63 SİYASƏT
7NEWS.az xəbər verir ki, bu barədə Azərbaycan Demokratik Maarifçilik Partiyasının yanatında qeyd edilib: "27 sentyabr bizlər üçün anım günüdür. Bu böyük tarixdə Azərbaycanın səbr kasası doldu və düşmənin növbəti təxribatlarından birinə cavab olaraq qəhrəman ordumuz əks-hücuma keçdi, 44 gün ərzində işğal altında olan əzəli torpaqlarımızı geri qaytardı. 

Ermənistan 30 ilə yaxın bizə qarşı qəsbkarlıq siyasəti yürüdüb və ona görə də həmin müddətdə bütün dünyanın qınağına tuş gəlib, bütün qlobal layihələrdən kənarda saxlanılıb, bütün beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində, siyahılarında terrorçu kimi tanınıb. Nəticə etibarilə isə işğal etdiyi torpaqlardan  geri çəkilməyə, kapitulyasiya aktını imzalamağa məcbur olub. Sadəcə mövzunun əsas diqqət çəkən tərəfi budur ki, həmin 30 il ərzində BMT qətnamələri icra olunmayıb, Ermənistan beynəlxalq təpkilərə məhəl qoymayıb, təyinatı birbaşa münaqişənin həllinə yönəlik olan təsisat – ATƏTin Minsk Qrupu heç nə edə bilməyib və sonucda Azərbaycan haqq-ədaləti öz gücü, öz cəsarəti, öz əzmi hesabına bərpa edib. Azərbaycan BMT-nin qətnamələrini məhz özü icra edib. 

İşğaldan azad olunan torpaqlar viran gündədir, acınacaqlı vəziyyətdədir. Bütün beynəlxalq təşkilatlar, müvafiq təsisatlar gəlib bunları öz gözləri ilə görməlidirlər və Ermənistanın necə vandal xislətə sahib olduğuna əyani şəkildə şahidlik etməlidirlər. Bu, hələ ərazinin mənzərəsidir. Unutmaq lazım deyil ki, həmin işğalçı ermənilər həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində minlərlə günahsız insanı yaşamaq hüququndan məhrum edib, onları qətlə yetirib, yüzlərlə uşağın ölümünə baiskar olub, sayı-hesabı olmayan müharibə cinayətləri törədib,  Xocalı soyqırımı kimi böyük faciəyə, qırğına imza atıb. Ona görə də Ermənistan törətdiyi məlum cinayətlərə görə mütləq cəzalanmalıdır və bundan sonra ədalət daha geniş və qlobal miqyasda öz hökmünü verməlidir. 

Hazırda Azərbaycan güclü və qalib, Ermənistan isə məğlub və cığal olan tərəfdir. Ona görə düşmən hər vəchlə verdiyi sözlərdən, imzaladığı kapitulyasiya aktındakı öhdəliklərdən yayınmağa çalışır, sərhədlərlə, Zəngəzur dəhlizi ilə bağlı öz xislətinə, rəzil xarakterinə uyğun narahatlıqlar yaradır. Amma faydası olmayacaq. Ermənistan bitib. Ermənistan məhv olub. Ermənistan bundan sonra əsla və əsla nəyisə diktə edə bilməz. O, yalnız qulaq asmalı, dinləməli və deyilənlərə əməl etməlidir. 

Eşq olsun Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə və Müzəffər Ordumuza! 

Tanrı doğma və əziz Azərbaycanımızı qorusun. 

Azərbaycan Demokratik Maarifçilik Partiyası" 


RƏYLƏR