Əvvəl sığal çəkir, sonra qızım deyir...

OXUNUB: 5074 MARAQLI

Kubra Məhərrəmova yazır...

Deməli neçə illərdir idmançılarımız ən mötəbər idman yarışlarında ad-san qazanır, ölkəmiz dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi edir. Siyasi, iqtisadi sahədə böyük uğurlar əldə edirik, beynəlxalq layihələrdə iştirak edirik, amma bizim haqqımızda dünyada bu qədər danışılmamışdı. Pulsuz-parasız dünyanın ən böyük dərgiləri, saytları, qazetləri, hətta ABŞ-ın ən məşhur tok-şousunda Cimmi Kimmel də bu barədə danışdı. Azərbaycanın adını çəkdi. İllərlə əziyyət çək, ölkə üçün PR qur, hansısa keçmiş deputatın "gül üzü” və "mübarək əli” dünya səviyyəsində reytinqləri partlatsın. 

 

Hadisənin qısa qayəsi ondan ibarətdir ki, keçmiş deputat Hüseynbala Mirələmov onlayn konfrans zamanı işini atır bir tərəfə, keçir daha vacib məsələyə. Açığı işinin adı da bəlli deyil, amma yenə də. Keçir gənc xanımın yumşaq yerini sığallamağa. Daha sonra da bu video ümümxalq "sərvətə” çevrilir. Açığı insan yeni texnologiyalardan uzaq olanda belə olur. Keçmiş deputat gərək biləydi ki, daha vacib işlərlə məşğul olanda kameranı söndürmək lazımdır, bunun üçün düymə var. Onu basmaq lazımdır. Bəlkə də iki-üç ədəd kitab oxumaq lazım idi. Bəlkə də daha mənəviyyatlı və əxlaqlı olmaq lazım idi. Bəlkə də…

Amma əminəm ki, elə Hüseynbala Mirələmov küçədə bir gənc oğlanın gənc xanımla əl-ələ tutub getdiyini görsə, daş atıb başın tutacaq ki, bəs namus-qeyrət əldən getdi, indiki cavanların abır-həyası yoxdu, milli dəyərlərimizi heç ediblər. Amma başqasının xanımının yumşaq yerinə sığal çəkmək olar. Özü də kamera qarşısında. Bir daha qeyd edirəm, başqasının qadınına. Məni ən çox heyrətə salan isə bəzi tanınan adamların Hüseynbala Mirələmovun etdiyi hərəkəti ört-basdır etmək cəhdləridir. Biri dedi ki, "ayıbdır, kişi oruc tutur”, o biri dedi ki, "sizin atanız yaşdadır”, üçüncüsü də dedi ki, "montajdır”. Və başa düşdüm ki, bunu deyənlər də, edənlər də hamısı bir bezin qırağıdır. Onlardan bundan artığını gözləmək olmaz. Ümumən isə çox az faizi çıxmaq şərti ilə deyə bilərik ki, cəmiyyət fahişəliyi təqdir edir və buna haqq qazandırır. İndi soruşacaqsınız ki, niyə bu mövzuya yenidən qayıdırıq? Çünki keçmiş deputat bu gün açıqlama verib. Jurnalistin "Hüseynbala müəllim, videodakı xanımla hər hansı əlaqəniz olub?” sualına "Ay qardaş, nə danışırsan? O, mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır” cavabını verib. Nə deyim? Bu, o tiplərdəndir ki, doğulmayan uşaq üçün aliment alır.

Bu cavabdan isə iki nəticə çıxır. Ya Hüseynbala Mirələmov həqiqətən də anlayıb ki, qızı yaşında olan və başqasının xanımına qarşı belə hərəkət etmək olmaz. Ya da əlaqəsi olsa da, kişi kimi bunu etiraf etməyə cürəti çatmayıb. Deyə bilməyib ki, "Bilirsiniz nə var? Mənim şəxsi işimdir, sevirəm bu qadını. Vəssalam”. Daha qızım yaşımdadır nə deməkdir? Sığallayanda qadının hansı yaşda olması nə əcəb gözündən yayınıb. Və ya illərdir bir yerdə çalışanda Mirələmov qadının yaşını təyin edə bilməyib? Videodan da görünür ki, 76 yaşlı keçmiş deputatın görmə qabiliyyəti yerindədir. Sonra da Mirələmov şikayət edib ki, "İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar”. Vallah sizə oxşayırlar. Sizin tələbələrinizdir. Sizin yaratdığınız zümrədir. Nəyi əkmisinizsə, onu da biçirsiniz. Amma adam kişi olar. Etdiyinə don geyindirməz. Vəssalam./oxu

RƏYLƏR