Gələcəyin çempionları “Zenit”də belə məhv edilir — FOTOFAKT

OXUNUB: 943 İDMAN HADİSƏ
Azərbaycanda idman dövlətin, birbaşa Prezident İlham Əliyevin daim diqqət və qayğısında olub. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq arenalarda üçrəngli bayrağımızı daim uca tutur. İdmanın inkişafının bir çox əhəmiyyəti var, bu sahəyə yüksək qayğı da ondan qaynaqlanır.

Azərbaycanın imici dünyada müsbət mənada güclənir, üçrəngli bayrağımız beynəlxalq səviyyədə yüksəklərə ucalır. İdman həm də hər bir ölkənin nüfuzunun göstəricisi kimi qəbul olunur.

Gənclərimiz mənfi vərdişlərdən çəkinir, sağlam həyata meyllənir, beləliklə, sağlam gələcək yetişdirilir.

İllərdir bu sahəyə dövlət qayğısının olması ciddi nəticələr əldə olunmasına səbəb olub. Azərbaycan təkcə beynəlxalq yarışlarda daha çox qələbə qazanan ölkə yox, həm də beynəlxalq yarışların keçirildiyi idman ölkəsinə çevrilib.

Fotolara baxdıqda isə sual yaranır. Bura idman ölkəsi olan Azərbaycandır? Axı dövlətin qayğısı və əldə olunan nəticələrlə müqayisədə ölkəmizdə belə idman zalı, yaxud bu qədər bərbad şəraitdə olan idman məkanı olmamalıdır. 

Bura Həmkarlar İttifaqı İdman Təşkilatları Assosasiyasının "Zenit” İdman Cəmiyyətidir. 

- Məşq zalı bərbad vəziyyətdədir.
- Hovuzu baxımsızlıqdan çirkab bağlayıb.
- Duş kabinələrində də eyni hal yaşanır. 

Əldə etdiyimiz məlumatalra görə, məşqdən sonra duş kabinələrinin önündə uzun növbələr yaranır. Suyun verilməsində problemlər yaşanır, o cümlədən, sanitariya qaydalarının heç birinə əməl olunmur. Hovuzdan istifadə mümkün deyil. Məşq zalları isə 90-cı illərdə məhəllə uşaqlarının zirzəmidə həvəskar səviyyədə düzəltdikləri məşq yerlərindən çox da seçilmir. Fotolara baxdıqdan hər şey aydın şəkildə görünür. Hətta "qantel” və "ştanq”ların əyri olduğu da diqqətdən yayınmır. Halbuki, idman qaydalarına görə belə bir əyrilik insan orqanizimində xoşagəlməz hallara yol aça bilər. Nəzərə alsaq ki, bu zallarda məşq edən yeniyetmələrdir, onların inkişaf dövründə bu cür bərbad vəziyyətdə idman etmələri gələcəkləri üçün təhlükə yaradır. Belə demək mümkünsə, dövlət sağlam gələcək yetişdirmək üçün idmana ciddi diqqət ayırır, "Zenit” İdman Cəmiyyətində isə gələcəyimizi sözün gerçək mənasında məhv etməklə məşğuldurlar. Gələcəyin potensial Avropa, dünya və Olimpiya çempionları belə bir bataqlığa düşüblər.

Bataqlığı yaradan isə Cəmiyyətin sədri Fazil Hadıbəyovdur. Redaksiyamıza daxil olan məlumata görə, Fazil Hadıbəyov məşq zallarının təmiri, uşaqlar üçün şəraitin yaradılması və müəllimlərin aylıq əmək haqları üçün nəzərdə tutuıan vəsaitin böyük hissəsini mənimsəyir. Müəllimlər 150-300 manat arası məvacib alırlar. Bu məvacibə hansı müəllim uşaqların sağlamlığı naminə əmək sərf edər?!

Gənclərimizi, həm də gələcəyimizi xilas etmək lazımdır, özü də gecikmədən.

"Zenit” İdman Cəmiyyətində biri güləş, digəri boks olmaqla iki məşq zalı var. 

Azərbaycanın Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, Boks Federasiyasının prezidenti isə Sahil Babayevdir. Hər iki hörmətli nazirə müraciət edirik, gənclərimiz və gələcəyimiz naminə "Zenit” İdman Cəmiyyətindəki bərbad vəziyyətə müdaxilə edin, gələcək çempionlarını bu bataqlıqdan xilas edin. Bütün gənclərimiz normal, sağlam şəraitdə idman etmək haqqına sahibdir. Bu haqqı, bu şəraiti dövlət, dövlət başçısı İlham Əliyev onlara yaradır. İdman ölkəsi olan Azərbaycanda belə vəziyyətdə olan idman mərkəzini görmək həqiqətən də ürəkağrıdıcı mənzərədir.
 

RƏYLƏR