GƏNCLƏR FONDUNUN TƏŞKİLATÇILIĞI İLƏ “AZƏRBAYCAN GƏNCLƏRİ HEYDƏR ƏLİYEV YOLUNDA” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

OXUNUB: 166 QHT SOSİAL
Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Heydər Əliyev dövlət idarəçiliyi məktəbi”ndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Azərbaycan gəncləri Heydər Əliyev yolunda” mövzusunda seminar keçirilib. Seminarda ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının otuza yaxın rəhbər və nümayəndəsi iştirak edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə seminar iştirakçılarına gənclər siyasətinin formalaşmasında Heydər Əliyevin oynadığı tarixi rol, ulu öndərin siyasi irsi və müasir Azərbaycanın inkişafı yolunda nümayiş etdirdiyi böyük siyasi iradə barədə ətraflı məlumat verərək, Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu, Azərbaycanın II Qarabağ müharibəsində qazandığı tarixi qələbənin əsasında Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını diqqətə çatdırıb.

Seminar çərçivəsində gənclərlə geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar Aydın Mirzəzadə tərəfindən cavablandırılıb. Qeyd olunub ki, Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə atdığı tarixi addımlar, azərbaycançılıq ruhunun dirçəldilməsi və müstəqil Azərbaycan Respublikasının inkişafı istiqamətində gördüyü işlərin öyrənilməsi gələcəyin liderləri üçün yüksək əhəmiyyətə malikdir.

Tədbirdə iştirak edən Dövlət İdarəçilik Akademiyasının prorektoru Cəfər Eyvazlı və Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov Heydər Əliyev irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin gənclərin qarşısında duran əsas vəzifələrdən biri kimi xüsusilə qeyd ediblər.

Sözügedən seminar Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında imzalanmış 18 mart 2022-ci il tarixli Anlaşma Memorandumuna əlavə olunan Fəaliyyət Planı çərçivəsində təşkil edilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Bakıda, 55 şəhər və rayonda intellektual yarışlar, müsabiqələr, seminarlar, sərgilər və bir sıra silsilə tədbirlər həyata keçirilib. Gənclər Fondunun əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək ulu öndərə sevgi və hörmətlərini ifadə ediblər.

RƏYLƏR