“Giveaway” saxtakarlığı: Bəzi səhifələr DİN-in “nəzarət”indədir? - RƏSMİ + FOTO

OXUNUB: 469 GÜNDƏM İQTİSADİYYAT HADİSƏ

"Instagram” sosial şəbəkəsində vətəndaşları aldadırlar.

Saxta yarış səhifələri yaradılaraq vətəndaşlara "giveaway” adlı yarışların qalibi olduqları və telefonu göndərmək üçün kart hesabına müəyyən məbləğin köçürülməsi bildirilir.

Həmin səhifələrin birində vətəndaşla dialoqda iddia edilib ki, səhifəyə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi "Instagram” səhifəsi olan "polisazərbaycan” nəzarət edir. 

 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, son zamanlar sosial mediada, əsasən "Instagram” platformasında yaradılmış (məs: "giveaway qalibləri”) səhifələrdən vətəndaşların media hesablarına iştirak etdikləri "giveaway” yarışlarının qalibi olduqları barədə məlumat verilir:

"Hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələb edilir. Hətta bir sıra səhifələr vətəndaşları inandırmaq üçün idarə etdikləri səhifələrin guya DİN-in rəsmi "Instagram” səhifəsi (polisazerbaycan) tərəfindən "nəzarət”də olduğu bildirir.

Vətəndaşlarımızın bu dələduzların qurbanına çevirilməməsi üçün mütəmadi olaraq tərəfimizdən nazirliyin sosial media hesablarında, həmçinin kütləvi informasiya vasitələrində maarifləndirici postlar paylaşılır və həmin şəxslərə inanmamaları barədə çağırışlar edilir.

Çox təəssüf ki, bəzən vətəndaşlarımız belə şəxslərin şirnikləndirici vədlərinə inanıb şəxsi bank hesablarının məlumatlarını həmin şəxslərə təqdim edir, hətta tələb etdikləri məbləği də ödəyirlər”.

"Vətəndaşlarımızın diqqətinə bir daha çatdırırıq ki, bu tipli mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər. Kibercinayətkarlıqla üzləşdikləri, həmçinin bu istiqamətdə onlarda şübhə yarandığı təqdirdə DİN-in "102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər”, - deyə o qeyd edib.

 


RƏYLƏR