Hacıqabul rayon prokurorundan Baş Prokurora ŞİKAYƏT - TƏFƏRRÜAT

OXUNUB: 1114 Özəl SOSİAL HADİSƏ
Prokurorluq orqanlarında baş verən yeniliklər və dəyişikliklər, fəaliyyətin təkmilləşməsi üzrə görülən tədbirlər ölkədə aparılan kardinal islahatların tərkib hissəsidir. Cinayətkarlığın yeni və daha mürəkkəb formalarının meydana çıxmasına gətirən qloballaşma, cəmiyyətlərin sıx inteqrasiyası və informasiya texnologiyalarının sürətli inkişafı prosesləri hüquq-mühafizə orqanları üçün də yeni çağırışlar formalaşdırır. Bu yeni çağırışlarla şərtlənən hazırkı dövrdə zamanın tələblərinə uyğunlaşmanın əhəmiyyətini dərk edərək ölkəmizdə ictimai həyatın və dövlət idarəetməsinin bütün sahələrində islahatlar reallaşdırılır ki, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti ortaya çıxdı.

Məhz belə bir məsuliyyətli dönəmdə cənab Prezident sizə böyük etimad göstərərək ölkənin baş prokuroru təyin etdi. Vəzifəyə təyin olunduqdan sonra üzərinizə qoyulan məsuliyyəti dərindən dərk edərək atdığınız addımlar bir daha göstərdi ki, prokurorluq orqanlarında həqiqətən yeni bir dönəm başlanıb. Artıq sizin rəhbərliyiniz altında korrupsiyaya qarşı mübarizənin tam səmərəli şəkildə aparılması, qanunun aliliyini təmin etməklə sosial ədalətin bərqərar olunması kimi hədəfləri daim diqqət mərkəzində saxlamaqla zəruri islahatlar həyata keçirilir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluğun fəallığı artırılıb və tam prinsipiallıq nümayiş etdirilir.

İslahatların davam etdiyi hazırkı dönəmdə Azərbaycan prokurorluğu qarşısında duran ümdə vəzifələrdən biri də əlverişli biznes mühitinin formalaşdırılması, ümumilikdə isə kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə hüquqi vasitələrlə yaxından iştirak, hüququn aliliyi təmin edilməklə özəl sektorun inkişafına dəstək göstərilməsi, buna mane olanlara qarşı sərt mübarizə aparılmasıdır. Təəssüf ki, hələ də bəzi məmurlar vəzifə səlahiyyətlərindən istifadə edərək kiçik sahibkarlara,iş adamlarına mane olur,qanunsuz yollarla onların fəaliyyətini əngəlləyirlər. Hətta bəzi hallarda onların mülkiyyətini ələ keçirməyə cəhdlər olunur. Hacıqabul rayon Pirsaat kənd sakinləri olan Həmidovlar ailəsi də belə məmur özbaşnalığı ilə üz-üzə qalıb. Belə ki, uzun illər ailənin istifadəsində olan, vaxtilə "Azərittifaq”ın balansında olan 3 saylı ictimai iaşə-(yeməkxana) obyektini ələ keçirmək üçün rayonun bir sıra səlahiyyət sahibləri hərəkətə keçiblər.

Şikayətçilər bildirir ki, dövlət səviyyəsində aparılan ağacəkmə kompaniyaları zamanı obyektin ətrafında onlarla ağac əkiblər və böyük yaşıllıq zonası yaradıblar. Ərazinin abadlığı və yaşıllığı sonradan ailənin baş bəlasına çevrilib. Rayonda rəhbər vəzifələr tutan məmurlar Həmidovlar ailəsini yeganə dolanacaq mənbəyindən məhrum etmək, ərazini ələ keçirmək üçün hərəkətə keçiblər. Hal-hazırda Hacıqabul rayon İcra Hakimiyyətinin əməkdaşları -Memarlıq idarəsinin məsul şəxsi Salman, Navahı kənd bələdiyyəsinin sabiq sədri Hüseyn, eləcə də ƏMDK-si yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşları F.İbrahimov,A.Axundzadə,xüsusilə özünü böyük fəxrlə Kərəm Həsənovun qudası kimi qələmə verən və onun adından sui-istifadə edən 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşı olan Cəfərov Ziyadxan Mirzəxan oğlu qabaqcadan plan quraraq müəyyən məbləğdə pul qarşılığında gizlin şəkildə mütəşəkkil dəstə halında obyektin yola yaxın ərazisini "yaşayış məntəqələrinin torpaqları" adı altında Hacıqabul rayon İH-nin sərəncamından qanunsuz olaraq Qasımov Ramin Könül oğlunun adına 108 saylı çıxarış tərtib edərək zəbt etmək istəyirlər. Xatırladaq ki, ərazini ələ keçirmək üçün hazırlanmış 108 saylı çıxarış 28.06.1998-ci il tarixində tərtib edilib ki,həmin gün də bazar gününə təsadüf edir. Necə olur ki, bazar günü dövlət sənədi tərtib edilir? Həmçinin gizlin şəkildə Navahı kənd bələdiyyəsinin sabiq sədri Hüseyn adlı şəxs və Dövlət Kadastr Xidmətinin əməkdaşları qaranlıq vaxtı heç kimə xəbərdarlıq etmədən obyektdə olublar və obyekt kimi deyil, yola yaxın ərazini yaşayış ərazisi kimi Dövlət Kadastr sistemində qeyd ediblər.

Həmidovlar ailəsi müxtəlif vaxtlarda dövlət strukturlarına müraciət etsələr də indiyə qədər heç bir əməli iş görülməyib. Elə bu günlərdə Əsgər Həmidov Hacıqabul rayon prokuroru Rövşən Maqsudovun qəbulunda olub və problemin həll olunması üçün köməklik istəyib. Rayon prokuroru isə şikayətçiyə bildirib ki, "sizin məntiqinizdən belə çıxır ki, hərə bir ağac götürüb istədiyi yerə əkib iddia edə bilər ki, bu yer mənimdir.” Amma cənab prokurorun mətiqini də başa düşmək olmur-belə çıxır ki, əlində vəzifə səlahiyyəti olan şəxs saxta sənəd tərtib etməklə istədiyi yeri zəbt edə bilərmi?

İndi Həmidovlar ailəsi çox çətin durumdadır. Rayonda heç bir dövlət qurumu,səlahiyyət sahibi onların səsinə səs vermir. Bir qrup vəzifə sahibi əlbir olaraq onların yeganə dolanacaq mənbəyini ələ keçirmək istəyirlər.

Belə çətin vəziyyətdə Həmidovlar ailəsi sizə-cənab Baş Prokurora müraciət edərək kömək istəyirlər. İnanırıq ki, cənab Prezidentin qarşıya qoyduğu birinci vəzifəyə-vətəndaşların problemlərinin həllinə nail olmaq prinsipinə sadiq qalaraq bu imkansız ailəyə hüquqi müstəvidə yardımçı olacaq,onları üzləşdikləri qanunsuzluqlardan qoruyacaqsınız. Azərbaycan dövlətinin ədaləti bir daha hamıya nümunə olmalıdır. Siz Azərbaycanın prokurorluq orqanlarında yeni mərhələnin-islahatların həyata keçirilməsində gördüyünüz böyük işlərlə iradənizi ortaya qoymusunuz. Bu dəfə də belə olacağına ürəkdən inanır və sizə minnətdarlığımızı bildiririk!

PS. Hacıqabul Rayon Prokurorluğu ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. /Rubrika.Az


RƏYLƏR