Hadrutda iki erməni əsgərinin güllələnmə videosunun analizi- Şok faktlar!

OXUNUB: 126 GÜNDƏM SİYASƏT

Ötən ilin oktyabr 15-də sosial şəbəkələrdə Azərbaycanın işğaldan azad olunmuş Hadrut şəhərində 2 mülki şəxsin güllələnməsi ilə bağlı video yayıldı. Həmin video ermənilər tərəfindən "Azərbaycanın növbəti hərbi cinayəti” kimi təqdim olunurdu. Elə həmin gün məşhur faktyoxla saytı olan Bellingcat böyük analiz yazısı ilə çıxış etdi, daha sonra isə BBC-də Qriqor Atanesyan və Bencamin Strikin həmmüəllifliyi ilə Bellingcat-a istinadən "Dağlıq Qarabağ münaqişəsi: edamla bağlı video hərbi cinayət araşdırmasını tələb edir” araşdırma yazısı təqdim edildi. 

Maraqlıdır ki, videonun ilk mənbəyi bəlli deyil. Lakin bütün retvit və facebook paylaşımları yalnız və yalnız erməni müəlliflər tərəfindən aparılıb. Ələlxüsus da TigranAvakian adlı facebook istifadəçisinin paylaşımına istinad edilib. Hazırda qeyd edilən səhifə mövcud deyil və müharibə bitəndən sonra səhifənin də fəaliyyətinə son verilib.

 

Faktyoxla Lab. Hadrutda mülki şəxslərin güllələnməsi videosunu araşdırıb.

Öncədən bildirək ki, biz, Faktyoxla Lab. olaraq bu araşdırmanı elə Qriqor Atanasyanın və Bencamin Stirkin irəli sürdükləri arqumentlərin yoxlanması və digər faktyoxla texnoloji alətləri əsasında aparmışıq.

Maraqlıdır ki, "Bellingcat” saytı bu hadisə haqda məlumatı elə həmin gün 15 oktyabrda Nik Uoters müəllifliyi ilə təqdim edib. Müəllif yazır ki, araşdırma apardıq və videoda hər hansı saxtakarlıq görmədik, səlis çəkilişdir. Hətta Bellingcat saytının mütəxəssisi müəyyən edib ki, kaska və silahlar yalnız Azərbaycan əsgərlərinə məxsusdur. Təsəvvür edirsiniz? Müharibə 20 gündür davam edir və hər iki tərəf yetərli sayda həlak olmuş əsgər meyitlərinə malikdilər. Onların silahlarını və geyimlərini əldə etmək olduqca asandır. Belə məşhur saytın ciddi araşdırma aparıb, tələm-tələsik nəticə çıxarması olduqca qəribədir. Bəlkə sayt əməkdaşlarından kimsə qeyri-obyektiv yanaşmanın müəllifi ola bilər. Kimlər? Sadəcə məşhur Bellingcat-da çalışan jurnalistlərdən bəzilərini təqdim edir, qərar verməyi oxucuya və mütəxəssislərin ixtiyarına buraxırıq.

  

Biz bu haqda daha danışmaq istəmirik. Araşdırmaya keçək. 

Əvvəlcə videonun ümumi analizini aparaq. 

Videoda Azərbaycan dilində danışan hərbiçilərin biri mülki, digəri hərbçi olmaqla 2 erməni əsgərini əsir götürüb, sonradan parklardan birində nümayişkaranə güllələmələri səhnəsi əks olunub. Doğrudan da videonu çəkən şəxs Azərbaycan dilində danışır və kadrlardan görünür ki, hərbçilər iki erməni əsiri saxlayırlar və aparıb bir parkın qarşısında güllələyirlər.

Bu adi izləyicinin videoya baxıb gəldiyi ilk qənaətdir. Amma biz azərbaycanlılar, bizim dildə kimin aksentlə, ləhcə, şivə ilə danışdığını və bu əlamətlərə görə həmin şəxsin Azərbaycanın hansı bölgəsindən olduğunu təyin edə bilirik. Və təbii ki, bu hala digər xalqlarda da rast gəlinə bilər. Bu səbəbdən əminliklə deyirik ki, bu danışıq, bu aksent vaxtilə Azərbaycanda yaşamış ermənilərin aksentidir. Bunu qəbul etmək üçün BBC-nin Azərbaycan bürosunun İrəvan müxbiri milliyyətcə erməni, vaxtilə Gəncədə yaşamış Aleksey Manvelyanı dinləmək kifayətdir.

İkincisi, orada olan digər hərbçilər Azərbaycan dilində demək olar ki, danışmırlar, bəzən müəyyən emosional səslər çıxardırlar. Çünki dili səlis bilmirlər. Yalnız bir fraqmentdə- edam səhnəsində "Gözlə” komandası verilərkən yanda dayanan əsgər "gOzlayıram da, boy” deyir. Azərbaycan dilini bilməyənlər üçün məlumat verək ki, məhz həmin ifadə Azərbaycan dilində səslənmiş ən köntöy cümlədi. "Gozlayıram” deyil, "Gözləyirəm” olmalıdır. "Gozlayıram da” ifadəsini də adətən bizimlə bir yerdə yaşayan ermənilər deyirdilər. Uzun illərdən sonra yenidən biz erməni aksenti ilə Azərbaycan dilində söz eşitdik.  

Üçüncüsü, müəlliflər videolardakı obyektlərə görə müəyyən ediblər ki, bu kadrlar 39.524118, 47.027827  koordinatlarında qeydə alınıb. Hərçənd "bir neçə nəfərin araşdırmasına görə bu qənaətə gəlmişik” arqumentinin peşəkar jurnalistikaya yad olduğunu bilə-bilə, bu məqamla razılaşırıq ki, bu koordinatlar Azərbayanın Dağlıq Qarabağ ərazisində, Xocavənd rayonunda yerləşən, 30 il işğalda olan Hadrut qəsəbəsini (şəhər) göstərir.

Burada diqqət. Azərbaycan tərəfi Hadrutu 09 oktyabrda işğaldan azad etdiyini elan etsə də, bəlli olurdu ki, orada bir neçə gün ağır döyüşlər gedib, şəhər bir neçə dəfə əldən-ələ keçib. Hətta erməni oliqarxın layihəsi olan wargonzo saytının rəhbəri 13 oktyabrda oradan reportaj hazırlamış, Ermənistan MN sözçüləri Şuşan və Artsyun dəfələrlə şəhərin onların əlində olduğunu bildirmişdilər. Yəni, oktyabrın 15-ə qədər şəhərə Azərbaycan Ordusunun tam nəzarət etdiyini demək erməni mənbələrinə inanarıqsa, faktiki mümkün deyildi.

Scrindən də görünür ki, BBC əməkdaşları bu kadrları Hadrutun peykdən çəkişi ilə tutuşduraraq hadisənin baş verdiyi yeri müəyyən ediblər. Olsun, etiraz etmirik. Bura şəhərin şimal hissəsidir. Amma "edam səhnəsi” nədənsə şəhərin ermənilərin artilleriya zərbələri və snayper atəşləri altında olan cənub girişinin bir kilometrliyində ( Mkrtıçyan küçəsində) aparılıb. Hazırda həmin xəritəni təqdim edirik ki, qaranlıq heç bir məqam qalmasın.

İndi sual olunur. Əgər edamı yerinə yetirən Azərbaycan əsgərləridirsə, niyə iki "əsiri” tutub 4-5 km yol qət edib (foto-scrində qırmızı xəttlə göstərilib-red.), hansısa bir parkda edam etsinlər ki? Bu qədər yol qət edib, özünü təhlükəyə atmağın nə mənası var? Bundan nə əldə edirlər?

Video kadrların vaxt və yerinin dəqiqləşdirilməsi

Müəllif müəyyən edir ki, Azərbaycan tərəfinin verdiyi açıqlamaları tutuşdurarıqsa Hadrut Azərbaycan tərəfinin nəzarətində 9-15 oktyabr tarixlərində olub və kölgələrin ölçülərinə görə videonun 14 oktyabrda çəkildiyi qənaətinə gəlinir.

SunCalc saytı vasitəsilə aparılan kölgə analizi ilə edam vaxtı 14:00-a düşür. Dəqiq kordinatlar olmadığı üçün yanılma haradasa 1 saat fərqlə ola bilər. Yəni bu səbəbdən həmin hadisənin saat 15:11-də baş verdiyini iddia edirlər.

"Kölgə analizi” nəticəsində çəkilişin 14 oktyabr, saat 15:11 aparıldığı bildirilir. (Nik Uotersin araşdırmasına görə). Ağacın düşmə bucağı 45 dərəcə olduğu üçün azimut bucağı 225 dərəcə alınır, bu isə qeyd edilən resursda vaxtın 15:11 olduğunu göstərir) 

Amma araşdırmaçı müəllif bir məqamı diqqətdən qaçırıb. 1-ci videoda nisbətən yaşlı əsir saxlanılarkən onun kölgəsi yerə düşür. Niyə bu kölgə haqda fikir bildirilməməsi müəmmalıdır. Həmin kölgənin SunCalc saytında araşdırmasını apardıqda məlum olur ki, bəstəboy erməni "əsir” üzü şimala gəldikdə (kameraya çəkən şimal istiqamətdə dayanıb) onun kölgəsi bizdən sola, yəni günəşin video çəkiliş aparılan zaman bizdən sağda, əsirdən sol tərəfdən düşdüyü görünür.

Qeyd olunan internet resursda ölçmələri apardıqda kadrların 15:11 -də deyil (çünki kölgənin uzunluğu burada 1,76 metrdir), həmin vaxtdan xeyli sonra təxminən günorta 16:10-da çəkildiyini göstərir.

Belə çıxır ki, bu həbs videosu "edam” videosundan sonra çəkilib? Yani gülləbaran edilmiş insanları gətirib, şəhərin şimalında bir yerdə yenidən kadrlara alıblar?  

 

Bir də ona diqqət edək ki, əgər doğrudan da kadrlar 14 oktyabr 2020-ci ildə çəkilibsə, həmin gün xoşbəxtlikdən Hadrutda hava oktyabr ayının ən isti günü olmalı idi. Bunu təsdiqləmək üçün linkinə daxil olmaq kifayətdir.

Bu məqamı niyə qeyd etdik? Əsirlərdən biri tutularkən hərbiçilərin qış geyimi olan "buşlat”da idi. Qarabağda 29 dərəcə isti, günəşli havanı və əsgərin qış geyimini təsəvvür edin. Bu, yaşlı kişi, niyə belə isti havada qış geyimində olsun ki? Demək kadrlar həmin gün çəkilməyib. Bu kadrlar Hadruta erməni əsgərlər nəzarət etdiyi vaxtlarda, təqdim olunan vaxtdan xeyli qabaq, haradasa oktyabrın 8-9-u qeydə alınıb.

Qayıdaq edam videosuna.

Təqdim etdiyimiz kadrlarda (edam videosu çəkilən parkda) "yerli televiziya”da 2019-cu ilin avqustunda yayımlanan bir tədbir əks olunur. 

Eyni yer olduğu görünür. Burada diqqəti cəlb edən yuxarıdakı edam səhnəsində arxada yazılan "Qarabağ Azərbaycandır” yazısıdır. Bu məqam diqqətimizi cəlb etdi və videokadrlarda həmin fraqmentləri araşdırdıqda gördük ki, məhz bu hissə videoya sonradan montaj edilib. Bunu anlamaq üçün üst şəkildə yazı olan hissə ilə aşağı fotoda görünən divarın fərqli rənglərini müqayisə etmək yetərlidir.  

Və xüsusi diqqət. Əsgərlərin özləri ilə kraska gətirib divara yazmaqları, bayraq tapıb əsirləri bayrağa böləməkləri kimi absurd fikirləri bir kənara qoyub, sizə əminliklə deyirik ki, son illərdə dilimizdə əzbər olan "Qarabağ Azərbaycandır” ifadəsini heç bir azərbaycanlı "GaraPağ AzərbayGan”dır yazmaz. Bunu Azərbaycan dilini səlis bilməyənlər edə bilərlər, necə ki, nümayiş etdiriblər.

Edam səhnəsinin özünə gəldikdə isə ...yerli və xarici film dizaynerləri, montajçılar kiçicik araşdırma ilə bu səhnənin qurama olduğunu müəyyən ediblər. Bu öz yerində. Amma deməliyik ki, dünyanın heç bir ordusu və heç bir əsgəri taqətsiz (oturubsa deməli ayaq üstə dayana bilmir) əsiri oturaq halda edam ETMƏZ! Bu əsgər adına və ləyaqətinə böyük bir ləkədir. Bu kadrlardan sonra bəlli olur ki, əslində erməni rejissorlar "əsirləri" niyə əyləşdirib, "edam" edirlər. (Video-analiz məqalənin əvvəlində təqdim olunub). Bəlli olur ki, "əsirlərin” yaxın oturmasının səbəbi sonradan yıxılan qoca əsirin arxada gizlətdiyi tüstüverən qurğunu işə salması üçün imiş.

 

Daha bir yalnışlıq. Güllələnmə səhnəsinə diqqətlə baxdıqda görünür ki, azərbaycanlı komandirin "başları nişan al” əmrindən sonra güllələr kənara gedir, bədənin müxtəlif hissələrinə dəyir, təkcə başdan savayı. Belə xüsusi təyinatlı, belə nişan almaq olar? Bunlar nə qədər qeyri-peçəkar oldular ki, yalnız divara, bədənə vura bildilər, bircə başı nişan ala bilmədilər?Niyə? Axı, başa dəyən gülləni imitasiya etmək mümkün deyil. Qan tökülməli, beyin dağılmalıdır. Kadrlarda isə bir damcı da qan ləkəsi görünmür.

Digər məqam. Güllələnmə səhnəsində güllənin asvalta və bardura da dəymədiyinin şahidi oluruq. Eləcə də nə plitələrin parçalanması, nə torpağa sancılan güllələr, nə də sapmalar gözə dəyir. Hətta təlim keçmiş döyüşçülər belə yaxın məsafədən bədənə atəş açıb, başqa nahiyələrə ələ-qola, başa, hətta divara sapma ilə də olsun güllə vura bilməzlər. Bu qədər dəqiqlik mümkün deyil.   

Hərbi xidmət keçmiş insanlar, filmlərə baxanlar, hətta bu işlə ötəri də olsa maraqlananlar bilirlər ki, Kalaşnikov avtomatının zərbəsindən insan geri yıxılar, önə deyil. Bu səhnədə isə yaşlı kişinin üzü üstə yerə yıxıldığını görürük. Hətta ilk yıxılan gənc əsgər sol əlini yerə qoymağa da macal tapır. Bu məqam da saxtalığı sübut edən vacib nüanslardandır. Gülləylə vurulan adam heç vaxt əlini yerə qoymaz, əl yerə düşər. Bu, əsgər isə yerə uzanırmış kimi əlini böyrünə uzadır.

Videonun Azərbaycandan deyil, ilk olaraq məhz ermənilər tərəfindən yayılması da ayrıca qeyd edilməli məqamdır. İstənilən qəhrəmanlıq videosu ilk olaraq əsgərlərin yaxın dostlara, tanışlara göndərilməsi ilə yayılar. Axı, bu video, illərdir işğal altında olan şəhərin içindən çəkilişdir. Amma video ermənilər tərəfindən yayılır. Nə məqsədlə? "Hadrutu Azərbaycan Ordusu azad edib” demək istəyirlər?

Digər tərəfdən belə bir cinayət törətmiş azərbaycanlılar öz cinayətlərini niyə sənədləşdirsinlər ki? Belə mənzərəni necə təsəvvür edə bilərsiniz? Əsgərlər şəhəri azad ediblər, nə işıq var, nə başqa kommunal xidmətlər, internetdən danışmaq isə gülüncdür və əsgərlər bu hadisəni törədib dərhal qaçıb dostlardan kiməsə göndərirlər? Və bu azmış kimi elə həmin gün Bellincat faktyoxla saytı araşdırma aparıb, nəticə çıxardır və cinayətin törədildiyini elan edir. Bu qədər qeyri-peşəkarlıq, bu qədər qurama səhnə ilə iddia etmək çox gülüncdür.

Bellingcat-ın əməkdaşı əksər MDB məkanı ölkələrinin ordusunda mövcud olan ekipirovkanı çəkinmədən Azərbaycan Ordusuna məxsusluğunu bildirir və bu aruqmentlərə əsaslanaraq hadisənin məhz Azərbaycan əsgərləri tərəfindən törədildiyini rahatlıqla iddia edir. 

    

Tutarlı və ətraflı araşdırma aparmadan, tələm-tələsik fikir bildirmək tanınmış sayta yaraşmır. Həmin videoya diqqətlə baxanlar bu fraqmenti görməyə bilməzlər. 

Əsgərin şevronuna diqqət edin. Əsgərin qolunda Ermənistan bayrağıdır. Təbii ki, çəkiliş və montaj zamanı bu fakt erməni rejissorlaın diqqətindən qaça bilər. Bellingcat əməkdaşları isə Azərbaycan və Ermənistan bayraqlarını bu qədər dəqiqliklə ayırd edə bilməzlər təbii ki. Onlar üçün ən asan yol əksər ölkələrin ordularında mövcud olan ekipirovka, silahları Azərbaycan Ordusuna məxsusluğunu deməklə, yekun rəyi çıxartmaqdır. 

Adətən, müharibələrdə edam olunanların gözləri qara lentlə bağlanır. Amma bu edam səhnəsində rast gəlinən "bayraqla bürünmə” edamı doğrudan da çox qəribə və ssenari baxımdan çox gülməlidir. Sanki bu videonu hazırlayanlar göstərmək istəyirlər ki, gələcəkdə haradasa nümayiş olunarsa "bunlar ermənidir ha, başqa millətdən deyil, səhv salmayın" deyə bilsinlər.

Nəticə. Hadrut şəhəri işğaldan azad edilərkən iki erməni əsgərinin güllələnməsi videosu real deyil, saxta ssenari əsasında çəkilib./faktyoxla.az

RƏYLƏR