"Həyatım boyu bir öpüşə görə o qədər əziyyət çəkməmişdim" - Rəşad Məcid gizlinləri açdı

OXUNUB: 6639 MÜSAHİBƏ
"525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi  Rəşad Məcid BakuPost-a müsahibə verib. Baş redaktor Ağdamda, Laçında yaşadığı uşaqlıq illərindən, oxuduğu orta məktəblərdən, o yerlərlə bağlı xatirələrindən, xarakterinin bilinməyən yönlərindən və ailəsindən danışıb. 

- Rəşad müəllim, orta məktəbi harda oxumusunuz? 
- Orta məktəb illərim üç məktəblə bağlıdır. Birinci sinfə Sədrəddin Bayramov adına Ağdam şəhər 1 nömrəli orta məktəbdə getmişəm. 8-ci sinifdə 2 ay Laçında, "yuxarı məktəb”də oxumuşam. 9 və 10-cu sinifləri isə Bakıda, indiki "525"in yerləşdiyi Əhməd Cəmil küçəsində Fizika-riyaziyyat təmaüllü internat məktəbində davam etdirmişəm. 

- O illəri necə xatırlayırsınız? Şirin xatirələrinizdən birini bizimlə bölüşün.
- Şirin xatirələrim çoxdur. Hansısa kiçik hadisələr şirin xatirəyə çevrilə bilir, amma o illəri xatırlamaq mənim üçün kədərlidir. Ona görə ki, mənim doğulduğum kənd, Ağdamda və Laçında oxuduğum məktəblər indi işğal altındadır. Bir dəfə Paşa Qəlbinurun Altsheymer - yaddaşın itirilməsi xəstəliyi ilə bağlı bir yazısını oxudum. Bu, müasir dövrün xəstəliyidir, prezidentlər, yüksək intellektual sahibi olan insanlar arasında bu xəstəliyə tutulanlar var. Bu xəstəlikdən qaçmağın əsas iki yolu var, birincisi, güclü mütaliə eləmək, ikincisi də uşaqlıqda yaşadığın yerləri görmək. Məsələn, sən ilk dəfə dərsə getdiyin məktəbi, doğulduğun, böyüdüyün evi görməlisən. Mən azdan-çoxdan mütaliə eləyirəm. Amma bədbəxtlikdən doğulduğum, böyüdüyüm evləri, oxuduğum orta məktəbi görə bilmirəm. Bu da məni qorxudur ki, birdən həmin xəstəliyə tutularam. Laçının Ağoğlan kəndində doğulmuşam. O kənddə mənim nənəmin alma, gilas, tut ağaclarıyla dolu bağı var idi. Həmin bağdakı ağacların altında kilim sərib, mütəkkə qoyub oynadığım günlər yadıma düşür. O kəndin üç tərəfindən çay axırdı. İndi o yerlərin heç birini görə bilmirəm. Bu mənada mənim yaddaşım zədəlidir. O günləri düşünəndə, elə bil, məni tok vurur, titrəyirəm, əsirəm, yada sala bilmirəm. 

- Niyə Ağdamdakı məktəbdən çıxıb Laçında oxumağa getdiniz?
- Ağdamda biz dördmərtəbəli binada olurduq. Mənim bir dostum var, adı Vaqifdir. Biz üç ay fərqlə doğulmuşuq, bir binada yaşamışıq, həmin dördmərtəbəli binada. Gözümüzü açandan dost olmuşuq. Ağdamdakı 1 nömrəli məktəbin "b sinfi”ndə oxumuşuq. O məktəbdə səkkiz il oxuduq. İndiyə qədər dostluğumuz davam edir. Mən bununla qürur duyuram ki, 55 yaşım, 54 illik dostum var. Sonra o binadan təxminən bir kilometr aralıda yerləşən həyət evinə köçdük. Ora "hamam məhləsi” deyirdilər. Oradakı uşaqlar xətalı, dəcəl idilər, it, quş saxlayır, qumar oynayıb avaralıq eləyirdilər. Biz ora köçəndən sonra yay aylarında mən də o uşaqlara qoşuldum. Məni həm o uşaqlardan ayırmaq, həm də pambıq vaxtı dərsə gedə bilməyim üçün Laçına göndərdilər. O vaxt Ağdamda pambıq vaxtı dərs olmurdu, şagirdləri pambığa aparırdılar. Amma Laçın dağ rayonu idi deyə dərslər dayanmırdı. Laçında birlikdə oxuduğum uşaqlardan bir neçəsi ilə indi də dostluğum davam edir. Praqada yaşayan Vaqif Məmmədovla eyni sinifdə oxumuşuq. Şahin Sinariya indi Fransada yaşayır. Məşhur əsərlər müəllifidir. Onunla da Laçında "yuxarı məktəb"də oxumuşuq. 

- Sonralar sinif yoldaşlarınızla harda rastlaşdınız, görüşünüz necə oldu?
- İllər keçmişdi, çox uşaqlar yadımdan çıxmışdı. Həm də onlar məni Ağdamda Əli İbrahimov küçəsi, döngə 1, ev 19-da yaşayan Rəşad kimi tanıyırdılar. Aradan bir neçə il keçəndən sonra biz ailəlikcə Ağcabədiyə köçmüşdük. Bülbülədə Ramiz Rövşənin qayınanası rəhmətə getmişdi. Mən Şahinlə orada rastlaşdım. Yaşar dedi ki, Laçından bir adam var, sizi tanış eləyəcəm. Ramizin qardaşı Yaşar məni ağcabədili kimi tanıyırdı. Yas yerində Yaşar bizi tanış elədi. Bir az söhbət edəndən sonra Şahin soruşdu ki, sən Ağdamda Əli İbrahimov küçəsi, döngə 1, ev 19-da yaşamısan? O anda bütün xatirələr oyandı və Şahini xatırladım.

- O vaxtlar, adətən, orta məktəblərdə dava-dalaş, şagirdlər arasında gizli "müharibə”lər olurdu. Sizi necə, orta məktəbdə döyüblər? 
- Bakıda oxuduğum məktəbə çox uşaq rayondan gəlmişdi. Hərdən şəhər uşaqları ilə konfiliktlər yaşanırdı. Bəzən şəhər uşaqları ilə kənd uşaqları arasında dava da düşürdü. Baxmayaraq ki, şəhər uşaqlarının da kökünü arasaq, çoxusu gedib kəndə çıxardı. Mən dayımgildə qalırdım. Bir dəfə yataqxanada qalmalı oldum. Uşaqlar təyin olunmuş vaxtda yatdılar. Mən isə tez yatmağa öyrəşməmişdim. Gecə durub onların saatını 2 saat qabağa çəkdim, kəmərlərini dəyişdim. Səhər zəng çalınanda aləm bir-birinə qarışdı. Biri dedi, mənim kəmərimə nə olub, o biri dedi, saatımı kim qabağa çəkib? Zarafatımı başa düşdülər, xeyli gülüşdük. Sonra mən onlara dedim ki, daha sizinlə qala bilmərəm. Ümumiyyətlə, lap əvvəldən mən çərçivə ilə yaşamamışam. Məmur həyatı, çərçivədə, rejimdə olan həyat mənə yaddır. 

- Rəşad müəllim, bəzən kənardan kobud insan təsiri bağışlayırsınız.
- Onu çox deyiblər mənə. Gənc yazarlardan biri mənim haqqımda yazmışdı ki, Rəşad kobud insandır. Amma yaxından tanıyanda yanıldıqlarını söyləyirlər. Çünki mən daxilən tamam başqa insanam. Həssas, kövrək və duyğusal biriyəm.

- Hər insanın bir xarici görünüşü ilə bağışladığı təsir var, bir də daxili aləmi. Mənə elə gəlir ki, sizin bir xarici görünüşünüz, bir daxili aləminiz, bir də lap içdə, hardasa öz dünyanız var. Mən lap içinizdəki Rəşad Məcidi tanımaq istəyirəm.
- Həddindən artıq kövrək olanda, hisslərə qapılıb şeir yazanda içimdəki o Rəşadı açıb göstərirəm. Mənim üçün yazıçılar həmişə maraqlı olub. Çünki hərdən insan içini bölüşməyə ehtiyac duyur. Bəlkə də lap içdəki özünü tanıtmaq istəyir. Buna görə də savadlı, ağıllı insana, çox vaxt da qadına ehtiyacı olur. Bir inandığın qadınla bölüşmək araq məclisində kişi ilə bölüşməkdən daha rahatdır. Çünki kişiyə axıra qədər sirrini verə bilmirsən. Amma ağıllı və inandığın qadına açılırsan. Bu, tək məndə deyil, ətrafımızda gördüyümüz çox adam belədir. Mən öz içimi bir neçə qatda gizlətmişəm. Əslində, Rəşad Məcidin kobudluğu, ironiyalı, kəskin zarafatları lap içdəki Rəşad Məcidi gizləmək üçün sipərdir. Digər sipər də mənim məmurluğa yaxın ciddi, rəsmi sifətimdir. Bir dəfə dostum dedi ki, Rəşad, sən gülümsəməsən, heç kim qorxusundan sənə salam da verməz. Bu sözlər məni özüm haqqında düşündürdü ki, yəni bu qədər qorxunc görünürəm? Görünür, itirdiklərim mənə o qədər təsir edib ki, zəif görünməyə haqqımın olmadığını düşünmüşəm. Məsələn, yadıma gəlir ki, Birinci Gənc Ədiblər məktəbinin fəal üzvü, gənc yazar Zərdüşt Şəfinin rəhmətə getməyini çox ağrılı qarşıladım. Onun məzarı üstündə (Qəbələnin Bum kəndində) hönkür-hönkür ağlamışdım. Uşaqların çoxu təəccüblənmişdi. Bəzi adamlar elə düşünür ki, Rəşad Məcid ağlaya bilməz. Amma mən çox şeyləri içimdə çəkirəm, müəyyən zaman dözüb dayanıram və birdən adicə televizorda Üzeyir Hacıbəyovun mahnısına qulaq asanda hönkürüb ağlayıram. Evdə həyat yoldaşım da gəlib məni ağlayan görəndə heyrətlənir. İldə bir neçə dəfə hönkürtüylə ağlayıb içimi boşaldıram. O gün Fərqanə Mehdiyeva deyirdi ki, Şahmar Əkbərzadənin xatirəsinə həsr olunmuş tədbirdə hönkürüb ağladın, mən də sənə şeir yazdım. Yəni içimdə həm kövrək, həm də qəddar Rəşad Məcid var. Bir dəfə Şərif Ağayar demişdi ki, Rəşad Məcid sənin ölümünə fərman verər, sonra da gəlib məzarın üstündə elə çıxış edər ki, qəbirdən qalxıb əlini sıxarsan və təşəkkür edərsən. Amma mən o qədər də qəddar biri deyiləm, qətlə fərman verən heç deyiləm, yumşaq adamam. Kiməsə qarşı günahım, səhvim olubsa, kimisə incitmişəmsə, üzr istəməyi özümə ar bilməmişəm. Bir anın içində hirslənib özümdən çıxar və acılaya bilərəm. Amma uzun müddətli kin saxlayan adam deyiləm. Çox kövrək və həssas insanam. Adi bir şeydən təsirlənib ağlaya da bilərəm. 

- Məsələn, axırıncı dəfə nə vaxt ağlamısınız?
- Üç gün öncə Nəsimi tədbirində kövrəldim. Mən əsas iki məqamda kövrəlirəm, birincisi, istedadın qalib gəlməsinin və təntənəsinin şahidi olanda, ikincisi, insanlarda vəfa, etibar, minnətdarlıq duyğusu görəndə. 

- Karyeranızdan, özünüzdən razısınız?
- Mən on beş yaşımda Bakıya gəldim. Qiyabi oxumağa başladım. Oxuya-oxuya başqa-başqa yerlərdə işləyirdim, sonra "Elm və həyat” jurnalında beş il korrektor işlədim. O vaxt mətbuata düzəlmək çətin idi. 26 yaşımda rəhmətlik Aydın Məmmədov məni Tərcümə Mərkəzinə dəvət etdi. Orada sədr müavini işlədim. 80-ə yaxın cavan, inqilabçı, üsyankar yazarlarla birlikdə işləyirdim. Onlarla işləmək mənə böyük təcrübə oldu. Sonra Anar müəllimin dəvəti ilə Yazıçılar Birliyinə getdim. Hərdən adama elə gəlir ki, bəlkə səhv yaşamısan, nəyisə, hardasa səhv eləmisən? Məndə pissimist hallar olur, amma ümumilikdə keçmişlə yaşayan adam deyiləm. 

- Niyə Anar müəllim məhz sizi dəvət elədi? 
- Mən hələ 20 yaşlarımdan ədəbiyyat adamlarının içində olmuşam, "Ulduz”da, "Azərbaycan"da dərc olunmuşam. Can atırdım ki, özümdən böyük, ziyalı, təcrübəli insanlarla münasibət qurum, onlardan nəsə öyrənim. Bir dəfə Anar müəllimi, Yusif Səmədoğlunu, Vaqif Cəbrayılzadəni və Zakir Fəxrini o vaxtın məşhur "Zümrüd" restoranına dəvət etmişdim. 22 yaşlı gənc idim. Onlarla bir masada oturmaq, yeyib-içmək mənim üçün böyük fəxr idi. Sonra zala keçdik, zalda müğənni oxuyurdu. Yusif Səmədoğlu o restorana tez-tez gəlirdi deyə müğənni onu görüb şərəfinə mahnılar oxudu. Sonralar Yusif Səmədoğlu ilə çox oturduq. Onlarla birlikdə oturmaq, söhbətlərinə qulaq asmaq, fikirlərimi bölüşmək mənim üçün böyük məktəb idi. O vaxt Ramiz Rövşənlə görüşmək çətin məsələydi. Yalnız qardaşı Yaşarla dostlaşandan sonra Ramizlə görüşə bildim. Uzun illər dekabrın 15-i Ramizin ad günündə olmuşam və bu da mənə çox böyük məktəb olub. Ramizin ad günlərində səhərə qədər danışılan söhbətlər, oxunan şeirlər mənə mənəvi cəhətdən bəlkə də bir illik bəs edirdi. Deməyim odur ki, həmişə özümdən böyük, təcrübəli insanlardan nəsə öyrənməyə çalışmışam. Konkret sənin sualına gəlincə, 2003-cü ildə "On sentyabr” adlı bir hekayəm çıxmışdı. Həmin günün axşamı da "Space" televiziyasında yazarlarla canlı efirdə debata çıxmışdım. Mən ömrüm boyu haqq-ədalətin tərəfində dayanmağa çalışmışam. Buna görə də gənclərin dediyi yalana, şər-böhtana dözə bilmədim. Onların ittihamına cavablar verdim. Səhəri gün redaksiyaya gələndə stolumun üstündə bir məktub gördüm. Anar müəllim yazmışdı ki, hekayəni oxudum, təbrik edirəm, gözəl yazmısan, verlişin də yarısına baxa bildim, sevinirəm ki, sənin kimi gənclərimiz var. Bu hadisədən bir il sonra Anar müəllim mənə gənclər üzrə katib olmağı təklif elədi. Mənim uşaqlıqdan bəri Anara dəyişməz münasibətim olub. Amma katib təklifində yəqin ki, "525-ci qəzet"in də rolu olub. Mətbuat Şurasının ilk idarə heyətində Anar müəllim də vardı. Yəqin, müşahidə edirdi. O vaxtlar mən ədəbi nəsildən hər kəslə oturub-dururdum. Elə gün olurdu ki, dörd müxtəlif yaş həddi olan insanlarla görüşürdük. AYB mənim həm yaşlı nəsil, həm də gənc nəsillə daim münasibətdə olmağımda böyük rol oynadı. Amma indi məclislərdən yorulmuşam. Həm də artıq hər şey mənə aydındır. Hamını əlimin içi kimi tanıyıram. Yəqin ki, yaş keçdikcə hamıda belə bir dövr olur. Bəlkə də bu, müdriklikdir, bilmirəm.

- Müəllim, müdriklik dediniz yadıma düşdü ki, həm də babasınız. Bir az da babalıq həyatınızdan danışın. Rəşad Məcid necə babadır?
- Babalıq da gözəl bir sərvətdir. Mənim üç oğlum var, üç qız nəvəm. Nəvələrimin xarakterləri müxtəlifdir. Bir dəfə böyük nəvəm Mehinlə iki saat oyuncaqlarla oynadım, tər tökdüm, sonra öpməyimə icazə verdi. Zarafatla dedim ki, mən həyatım boyu bir öpüşə görə bu qədər əziyyət çəkməmişdim. İkinci nəvəm Nihan "siyasətçidir", nəyisə əldə etmək üçün yalandan ağlaya bilir. Üçüncü nəvəmin adı İpəkdi. Çox saf və səmimi uşaqdır, məni lap çox istəyir. Nəvələr mənim üçün rahatlıq mənbəyidir. Bir dəfə nəvələrimi aparıb əyləncə mərkəzlərinin birində gəzdirdim, bəzi dostlar məni görüb təəccübləndilər ki, sən, doğrudan, iki saat nəvələri gəzdirmisən?. Mənim on il qabaq buna hövsələm çatmazdı. Yəqin, yaşın, müdrikliyin əlaməti məhz budur ki, iki-üç saat nəvələrimlə vaxt keçirə bilirəm, yorulmuram, bezmirəm. Bu da həyatın bir mərhələsi və səadətidir. 

- Elə indicə içəri bir adam girsə və desə ki, Rəşad Məcid, qalx, gedirik sənin doğulub boya-başa çatdığın o kəndə, nə edərsiniz?
- Həmişə içimdə o yerlərə qayıtmaq ümidi olub. O ümid olmasa, həyatımın mənası olmaz. Dostum Aqil Abbasın "Dolu" filmində də sonda insanlar dəstə ilə Ağdama gedirlər. Adam qocaldıqca doğulduğu yerə getmək istəyir. İndi səninlə danışıram və xəyalımda o yerlər canlanır. O yerlərə getmək istəyirəm və gedə bilmədiyim üçün acı çəkirəm. 

İcmal.Az

RƏYLƏR