İdman siyasəti ölkəmizdə uğurla reallaşmaqdadır: TƏHLİL

OXUNUB: 834 İDMAN

Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi sistemində özünəməxsus yeri ilə seçilir. Azərbaycan bu naliyyəti güclü liderin – Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Başqa fəaliyyət sahələrində olduğu kimi, Azərbaycan idmanda da böyük uğurlar qazanır, sürətli inkişaf dövrünü yaşayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bədən tərbiyəsinin tərəqqisi və Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində daha qətiyyətli addımlar atılır. Bu prosses 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanıb desək, yanılmarıq.

Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan ölkə başçısı İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradır. Sevindirici haldır ki, respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artır. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, idman zalları tikilərək idmançıların istifadəsinə verilib.

Bunların nəticəsi olaraq idmançılarımız beyxəlxalq arenalarda və yarışlarda ölkəmizi layiqincə təmsil edir, Azərbaycanın dövlət himnini dəfələrlə səsləndirib, bayrağımızı yüksəklərə qaldırırlar. 2004-cü il olimpiya oyunlarından başlayaraq qazanılan uğurlarlar bunu deməyə əsas verir.

Həmin yarışda güləşçimiz Fərid Mansurovun olimpiya çempionu olaraq ölkəmizin idman tarixində yeni səhifə açması, ardınca 2008-ci il Pekin olimpiadasında Elnur Məmmədlinin 5 görüşün 4-nü ipponla (təmiz qələbə) qalib gələrək, əfsanəvi çıxışla cüdo üzrə olimpiya çempionu olması, 2012-cı il London olimpiadasında eyni gündə güləşçilərimiz Toğrul Əsgərov və Şərif Şərifovun olimpiya çempionu adını qazanmaları Azərbaycan idmansevərlərinin ömürlük yaddaşlarında həkk olundu. Digər əlamətdar hadisə isə ondan ibarətdir ki, Toğrul Əsgərov güləş üzrə dünyada 2-ci ən gənc olimpiya çempionu olaraq tarixə düşdü.

2016-cı il Rio olimpiadası bu günədək ölkəmizin idman tarixində ən çox medal qazanılan olimpiadası oldu. İdmançılarımız 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal qazandılar. Həmin yarışda bütün zamanların ən yaxşı qadın güləşçisi, dünya və dəfələrlə Avropa çempionu olan və Avropa oyunlarının qalibi Mariya Stadnik gümüş medala sahib olmaqla 3 qat olimpiya mükafatçısı kimi yeni rekorda imza atdı.

Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biri də "Bakı-2015” Avropa Oyunları olmuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətində başa çatdırdı. Azərbaycan bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı. 17 gün davam edən yarışın sonunda idmançılarımız 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə isə 56 medal qazanmaqla 50 ölkə arasında 2-ci yeri tutmağı bacarmışdı.

2017-ci ildə keçirilən İslam həmrəyliyi oyunlarına ölkəmizin ev sahibliyi etməklə yanaşı, 40 ölkə arasında qalib olması növbəti uğur demək idi.

Həmçinin, Dünya şahmat olimpiadasının, Bədii gimnastika üzrə Avropa çempionatının və Formula 1 üzrə Qran prilərin ölkəmizdə keçirilməsi də bu uğurlar siyahısındadır.

Uğurlarımız bununla bitmir.

Prezident İlham Əliyevin dəstəyi sayəsində Azərbaycan dünyada şahmat ölkəsi kimi də tanınır. AzərbaycanFİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir. Həmçinin şahmatçılarımızın, xüsusilə də Dünya şahmat tarixinin 13 ən güclü şahmatçısından biri olması ilə bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşən Şəhriyyar Məmmədyarovun, 14 yaşında qrossmeyster adını qazanaraq tarixin 2-ci ən gənc qrossmeysteri olan Teymur Rəcəbovun uğurlarını sadalamaqla bitməz.

Dünya karatesinin canlı əfsanəsi, "Qara brilyant” ləqəbli, 5 qat dünya və 11 dəfə Avropa çempionu olan Rafael Ağayevi, 3 qat dünya və 3 qat Avropa çempionu, olimpiya mükafatçısı, İslam və Avropa oyunlarının qalibi güləşçimiz Hacı Əliyevi, 2 qat Paralimpiya çempionu, 2 qat dünya çempionu, 7 dəfə avropa çempionu və Avropa oyunlarının qalibi cüdoçumuz İlham Zəkiyevi qeyd eləməsək olmazdı. Onlar Azərbaycan idmanının ən parlaq simalarından biri olmaqla, adlarını ölkəmizin idman tarixinə xüsusi hərflərlə yazdırmağı bacarmışlar. Bunun nəticəsi olaraq onlar, cənab prezident İlham Əliyev tərəfindən fəxri diplom, müxtəlif mükafatlar və vətənə xidmətə görə ordenləri ilə təltif olunublar.

Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir.

Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz illərdir işğal altında olan topraqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bötövlüyünü təmin edildi.

Dövlət başçısının qeyd etdiyi kimi, həmin ərazilərimiz, şəhər və kəndlərimiz yenindən qurulacaq, Qarabağ toprağında həyat canlanacaq. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastrukturu da yaradılacaq. Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaq. Əminliklə demək olar ki, Azərbaycan idmanı ölkə başçısı, Milli Olimipiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, idmançılarımız yeni-yeni naliyyətlər qazanacaq.

 

Abdullayev Vaqif,

ATU, tələbə

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.19

 

RƏYLƏR