İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyası fəaliyyətini genişləndirəcək

OXUNUB: 95 QHT
İnsan alverinə qarşı mübarizə üzrə QHT-lərin koalisiyasının növbəti yığıncağı keçirilib.

Koalisiyanın katibilyindən "İki sahil”ə verilən məlumata görə, koalisiya üzvləri keçən dövr ərzində görülmüş işlər barədə məlumat veriblər.

Koalisiyanın sədri Mahirə Əmirhüseynova Prezidentin 2173 nömrəli 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda QHT-lərin iştirakı nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib. Mahirə Əmirhüseynova  bildirib ki, koalisiya üzvləri bu sahədə müxtəlif maarifləndirici təlimlər, görüşlər keçiriblər. Amma koalisiyanın fəaliyyətini genişləndirmək və səmərəliliyini artırmaq məqsədi ilə iş mexanizminin keyfiyyətini  daha da yaxşılaşdırmaq lazımdır. Koalisiya üzvləri iş bölgüsü aparmalıdır.

Koalisiyanın üzvü Mehriban Zeynalova koalisiyanın fəaliyyətini genişləndirməyin vacibliyindən danışıb. O qeyd edib ki, kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqini aparmaq, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətini öyrənmək və müvafiq tədbirlər görmək, habelə təhlillər aparmaq, ölkədaxili və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə etmək vacibdir. Bunun üçün bir neçə qrup yaradılması təklif edilib. İnsan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi təlimlərin keçirilməsi üşün təlimçilər qrupu hazırlanmalı, monitorinq keçirmək üçün standartlar, monitorinq meyarları və alternativ hesabatlar yazılmalı və insan alverinə qarşı mübarizə üzrə beynəlxalq şəbəkələrə qoşulmaq və beynəlxalq təşkilatlarla işləmək təcrübəsi olan başqa QHT-ləri  koalisiyaya dəvət etmək lazımdır.

Koalisiya üzvü Şəmsəddin Əliyev insan alverinin qurbanı olan uşaqların və ya potensial qurbanların müəyyən edilməsi və müdafiəsi mövzularında təlimat kitabçalarının hazırlanmasının vacibliyini vurğulayıb. Koalisiya üzvü Gülayə Səfərova isə uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı apardıqları monitorinlər barədə danışaraq bildirib ki, bu cür monitorinqləri davam etdirmək, təhsildən yayınan, sosial təhlükəli vəziyyətdə olan uşaqlarla  fərdi profilaktik işlər aparmaq lazımdır. Koalisiya üzvü Ramiz Alıyev yığıncaq iştirakçılarının diqqətini insan alverinə qarşı mübarizədə təbliğat məsələlərinin gücləndirilməsi, bu məqsədlə sosial çarxların və verilişlərin hazırlannması məsələlərinə yönəldıb. Koalisiya üzvü Eynulla Xeyrullayev insan alverinə qarşı mübarizə koalisiyasının əsasnaməsini hazırlamağı öhdəsinə götürüb, eyni zamanda Əli Mirzəyevlə bərabər regionlarda maarifləndirici tədbirləri davam etdirəcəklərini vurğulayıblar. Koalisiya üzvü Mehriban Abdullayeva bundan sonra da maarifləndirmə tədbirləri keçirəcəyini, təşviqat vasitələrinin paylanmasını təşkil edəcəyini bildirib.

Üzrlü səbəbdən yığıncaqda iştirak edə bilməyən koalisiya üzvü Zenfira Mustafayevanın maraqlı təklifləri səsləndirilib.

Yekun sözü ilə sədr Mahirə Əmirhüseynova çıxış edərək bildirib ki, koalisiyanın üzvləri olan təşkilatların hər biri güclüdür və bu gücü birləşdirərək insan alverinə qarşı mübarizədə daha böyük işlər görmək olar.

Qərara alınıb ki, bundan sonra birgə fəaliyyətlər həyata keçirilsin. Hər hansı bir tədbir keçirilərsə, koalisiyanın digər üzvləri bundan xəbərdar olmalı, onlara tədbir keçirilmədən öncə xəbərdarlıq edilməlidir.
 
7News.Az

RƏYLƏR