İslahatlar hüquqi dövlət quruculuğunun təməlini təşkil edir - TƏHLİL

OXUNUB: 1024 GÜNDƏM

Hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü dövlətin inkişafında iştirak etməlidir. Post-müharibə dönəmində, eyni-zamanda islahatlar prosesi dönəmində dövlətin hüquqi əsasları daha da təkmilləşməli və sistemli çalışmalıdır. Bütövlükdə, islahatlar hüquqi dövlət quruculuğunun təməlini təşkil edir.

Bu, iştirak müxtəlif formalarda özünü göstərə bilər: seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində və ictimai dəyərlərin qorunmasında. Azərbaycanda da cəmiyyəti narahat edən problemləri aradan qaldırmaq, ictimai maraqları uzlaşdırmaq, mənəvi tələbatları ödəmək məqsədilə vətəndaşların müxtəlif ictimai birliklər yaratmaq ənənəsi tarixən mövcud olub.

Ancaq etiraf edilməlidir ki, tarixin müxtəlif mərhələlərində hələ vətəndaş cəmiyyəti kimi tam formalaşmamış ictimai birliklər müxtəlif siyasi qüvvələrin təsiri altına asanlıqla düşə biliblər. Vaxtilə bəzi qeyri-hökumət təşkilatlarının dəqiq missiyası və fəaliyyət planı olmadığından vətəndaş təşəbbüslərində fəal iştirak edə bilmirdilər. Əksər vətəndaş cəmiyyətlərin şəxsi maraqlara üstünlük vermələri onları ictimai-siyasi proseslərdən kənar qoymaqla barələrində xoşagəlməz fikirlərin yaranmasına rəvac verirdi.
Azərbaycanda yeni siyasi sistemin, o cümlədən vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir. Məhz ümummilli lider vətəndaş cəmiyyəti quruculuğu nüanslarına sadiq qalaraq Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu. Danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Bu baxışın nəticəsi olaraq ölkədə müxtəlif ideologiyalara malik siyasi partiyaların fəaliyyəti bərqərar oldu. Müasir vətəndaş cəmiyyətinin əsas elementi anlamında isə qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib. Artıq QHT-lər milli proqramların hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər ki, bu da ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına dəlalət edən amillərdəndir. Etiraf edilməlidir ki, son zamanlar QHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərirlər. Bunun nəticəsidir ki, artıq çoxsaylı QHT-lər qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində ixtisaslaşıblar. Siyasi hakimiyyət uğrunda mübarizədən çəkinmələri onların birbaşa nizamnamə fəaliyyətinə şərait yaradıb. Bu isə ölkənin demokratikləşməsi prosesində qeyri-hökumət təşkilatlarının rolunu xeyli dərəcədə artırıb.

Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada əsas yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir.

İnsan hüquqları ideyası öz kökü etibarilə qədimlərə, antik dövrlərə gedib çıxsa da, bu ideyanın müasir fəlsəfi-siyasi əsasları XVII-XVIII əsrlərdə böyük maarifçilik dövründə formalaşmışdır. XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş cəmiyyəti” anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanıb. Məlum olduğu kimi, bu cəmiyyətin gerçəkləşməsi üç tarixi mərhələdən keçib: XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşıb. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edib. Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə isə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrilib. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı və çoxpartiyalı sistem formalaşıb. Azərbaycanda da cəmiyyəti narahat edən problemləri aradan qaldırmaq, ictimai maraqları uzlaşdırmaq, mənəvi tələbatları ödəmək məqsədilə vətəndaşların müxtəlif ictimai birliklər yaratmaq ənənəsi tarixən mövcud olub. Ancaq etiraf edilməlidir ki, tarixin müxtəlif mərhələlərində hələ vətəndaş cəmiyyəti kimi tam formalaşmamış ictimai birliklər müxtəlif siyasi qüvvələrin təsiri altına asanlıqla düşə biliblər. Əksər vətəndaş cəmiyyətlərinin şəxsi maraqlara üstünlük vermələri onları ictimai-siyasi proseslərdən kənar qoymuş, yaxud barələrində xoşagəlməz fikirlər yaratmışdı.

Hüquqi dövlətin Azərbaycan modeli ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyası ilə gerçəkləşmişdir. 5 bölmə, 12 fəsil və 158 maddəni özündə birləşdirən Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarına üstünlük verən ən demokratik konstitusiyalardan biridir. Bu ali qanunun bütöv bir fəslinin və 60-a yaxın maddəsinin məhz insan hüquq və azadlıqları ilə bilavasitə bağlılığı dövlətimizin hüquqi və demokratik prinsipləri uca tutmasını təsdiq edir. Konstitusiyanın "Əsas insan hüquqları və azadlıqları” adlanan və 48 maddədən ibarət olan III fəsli insan hüquqları və azadlıqlarının geniş dairəsini nəzərdə tutur.

Heydər Əliyevin müəllifi olduğu yeni Konstitusiya dövlət quruculuğu sahəsində fundamental islahatlara yol açdı. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratdı və yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərləri özündə əks etdirdi. Müstəqil Azərbaycanın Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Konstitusiyanın "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq” müddəası ölkəmizin sivil gələcəyinə hesablanmış dövlət sisteminin qurulmasından xəbər verirdi. Belə ki, 1993-cü ildə ölüm cəzası üzərində moratorium qoyulmuş, 1995-ci ildə əfvetmə institutu bərpa edilməklə əfv komissiyası yaradılmış, 10 fevral 1998-ci il tarixdə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası tamamilə ləğv edilmişdi.

Ümummilli Lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir.Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bu gün Azərbaycan Respublikasında mövcud olan hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması Avropanın bir çox ölkələrindən daha güclü təşəkkül tapmışdır.

 

Amil Qurbanov

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.1

RƏYLƏR