Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı başa çatdı - FOTO

OXUNUB: 198 SOSİAL

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə könüllülərlə iş sahəsində çalışan əməkdaşların bu sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi, peşəkarlıqlarının artırılması, eləcə də müvafiq sertifikasiyadan keçirilməsi məqsədilə baş tutan Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı yekunlaşdı.

AKTİ-yə üzv olan könüllü təşkilatlarının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin könüllülər üzrə məsul şəxslərinin cəlb olunduğu proqram çərçivəsində ümumilikdə 44 əməkdaş və 6 təlimçinin iştirakı ilə müxtəlif istiqamətli təlim sessiyaları baş tutub.

Proqramın ilk günündə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri, Formula 1 könüllülərinin koordinatoru Tural Hümbətov və Bakı Şəhər Halqasının İşçi qüvvəsi şöbəsinin meneceri Atif Qəmbərovun təqdimatında müvafiq olaraq  "Könüllülüyün qanunvericilik üzrə əsasları”, "Könüllülərin cəlb olunması və saxlanması” və "Kütləvi tədbirlərdə könüllülük sisteminin qurulması” təlimləri baş tutub.

 

Növbəti gün Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavinləri Canoğlan İlyasov və Ruslan Mirzəliyevin təqdimatında "Azərbaycanın gənclər siyasəti”, "Könüllülərin komanda işinin qurulması”,  "Könüllülərin seçim prosesinin aparılması” təlimləri baş tutub və iştirakçıların praktiki biliklərinin möhkəmləndirilməsi məqsədilə bir sıra komanda oyunları təşkil edilib.

Proqramın sonuncu günündə iştirakçıların əldə etdikləri biliklərin yoxlanılması və sertifikasiyanın həyata keçirilməsi məqsədilə imtahan prosesi baş tutub. Yekun nəticələrə uyğun olaraq əməkdaşlar könüllülərlə iş sahəsində nəzəri və praktiki biliklərini təsdiq edən dərəcə və iştirakçı sertifikatları ilə təltif olunublar. Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək ölkəmizdə könüllülük hərəkatının sürətlə inkişaf etdiyini, Azərbaycan Könüllü Təşkilatları İttifaqının fəaliyyəti çərçivəsində könüllülərin fərdi və peşəkar inkişafı istiqamətində əhəmiyyətli layihələrin həyata keçirildiyini qeyd ediblər. İlk dəfə könüllülərlə iş sahəsində çalışan əməkdaşlar üçün keçirilən proqramın olduqca uğurlu təşəbbüs olduğunu bildirən qonaqlar bu tip layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda proqram iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirilib.

 

RƏYLƏR