ARB 24 MMC
Aparıcı, qrup rəhbəri Rüfət Seyidov

 

GİRİŞ

Rəqəmsal texnologiyalar erasının yaxınlaşması qlobal iqtisadiyyatın fundamentini silkələdi. Ortaya maliyyə və texnoloji innovasiyaların çıxması dövlət institutlarını dünya ticarətinin sərhədlərinə yenidən baxmağa faktiki olaraq məcbur etdi. Rəqabətdə geridə qalmamaq üçün ölkələr sırf elektron xidmətlər üzrə yarışa başladı və son 15 ilin tendensiyası onu deməyə əsas verir ki, yarış davam edərək bir az da şiddətlənəcək. Bəs görəsən ölkələr, xüsusən də Azərbaycan bu yarışda özünü necə göstərəcək? Azərbaycanda rəqəmsal hökumətin inkişafı, maliyyə sektorunda tətbiq edilən həllər, qanunvericiliyin yeni texnoloji trendlərə uyğunlaşdırılması prosesi nə yerdədir? Görəsən ictimaiyyətə daha əlçatan sistemləri təqdim etmək üçün nələrə ehtiyac var? İrəlidə bu və digər sualların cavabını axtaracağıq. Əvvəlcə isə gəlin qlobal maliyyə sektorunda baş verənləri müqayisəli şəkildə gözdən keçirək.

                   1-ci hissə. Dövlət-maliyyə-texnologiya üçbucağı.

Maliyyə

Son 15 ildə informasiya-kommunikasiya texnologiyalarının qlobal həcmi 1,3 faizdən 3 faizə qədər artıb. Hər il isə bu tendensiya bir az da sürətlənir. Hökumətin və özəl sektorun birgə fəaliyyətinin effektivlik əmsalı nə qədər çoxdursa, texnoloji proqress də bir o qədər sürətli gedir. Texnoloji cəhətdən daha çox inkişaf edən ölkə əməkdaşlıq etdiyi digər ölkələrlə fəaliyyəti zamanı məlumat mübadiləsi aparır ki, bunun sayəsində də qlobal maliyyə texnologiyalarını özündə ehtiva edən inkişaf zənciri yaranır. Bəs görəsən bu zəncirin ən yuxarı nöqtəsində dayanan ölkələr hansılardır?

         (QRAFİKA 1) MALİYYƏ TEXNOLOGİYALARININ XİDMƏT                                                    SEKTORUNDA İNTEQRASİYASI

Yer Ölkə İnteqrasiya səviyyəsi (faizlə)
1 Çin 69
2 Hindistan 52
3 Rusiya 43
4 Böyük Britaniya 42
5 Braziliya 40
6 Avstraliya 37
7 İspaniya 37
8 Meksika 36
9 Almaniya 35
10 CAR 35
11 Birləşmiş Ştatlar 33
12 Honqkonq 32
13 Cənubi koreya 32
14 İsveçrə 30
15 Fransa 27
16 Niderland 27
17 İrlandiya 26
18 Sinqapur 23
19 Kanada 18
20 Yaponiya 14