Mingəçevirdə şəhidin xatirəsinə bulaq istifadəyə verilib - FOTOLAR

OXUNUB: 671 GÜNDƏM SOSİAL
Mingəçevirdə 44 günlük Vətən müharibəsi şəhidi Nəcəfli Oruc Rövşən oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.
Bulaq şəhidin yaşadığı binanın qarşısında inşa olunub.
Açılış mərasimində şəhidin ailəsi, şəhid anaları, cəbhə yoldaşları, məktəblilər və oxuduğu universitetin(MDU) tələbə-müəllim heyəti  iştirak edib.

Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri təşkil edən "Nur”dəstək qrupunun üzvüləri çıxış edərək  İkinci Qarabağ müharibəsində 30 illik işğal altında olan torpaqlarımızın 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışıblar.
Qeyd edək ki, şəhid O. Nəcəfli 1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. O. Nəcəfli 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2007-ci ildə Mingəçevir Politexnik İnstitutunun  (indiki Mingəçevir Dövlət Universiteti) "İnformatika və hesablama texnikası” ixtisasına qəbul olub və 2011-ci ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Kəşfiyyatçı vəzifəsində hərbi xidmətdə olduğu bir il ərzində hər zaman yüksək fiziki hazırlığı ilə fərqlənib. Oruc Nəcəfli 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda, həmçinin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə savaşan O. Nəcəfli oktyabrın 17-də Suqovuşanda şəhid olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.  Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Nəcəfli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Oğul həsrətindən xəstə düşmüş ana - Flora Nəcəfova bu bulağın onun üçün ziyarət yeri olacağını bildirib, əməyi olan hər kəsə minnətdarlıq edib. Açılış mərasiminə Bakı şəhərindən 258 saylı məktəbin 15 yaşlı şagirdi, gənc rəssam İsayev Ayxan Elşən oğlu da qatılıb. O ailəsi ilə birgə, öz vəsaitləri hesabına 44 günlük vətən müharibəsində şəhid olan bütün şəhidlərin hər birinə xatirə çələngi hazırlayıblar. Ayxan tədbirdə Mingəçevirdən olan 51 şəhidin ailə üzvlərinin hər birinə xatirə çələngini  təqdim edib. Gənc rəssamın atası Elşən İsayev bildirdi ki, daha sonra Gəncə və Ağstafa şəhidlərinin də çələngələrini təqdim edəcəklər. Bu xeyirxah işlərinə görə şəhid anaları gənc rəssamı alıqşlayıblar.
Torpaqlarımızın azad edilməsi, vətənimizin bütövlüyü uğrunda canından və qanından keçərək müqəddəs şəhidlik məqamına yüksəlmək ən böyük şərəf və qürur hesab edilir. MDU-nun məzunu Nəcəfli Oruc Rövşən oğlunun da taleyinə Vətən müharibəsində qeyrət, hünər və qəhrəmanlıq simvolu olan şəhidlik zirvəsinə qovuşmaq yazılıb.
Onun 2 yaşlı qız övladı bizlərə yadigar qaldı.



RƏYLƏR