Nazir İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 14-cü Berlin Konfransında iştirak edib

OXUNUB: 849 GÜNDƏM İQTİSADİYYAT
Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun mühüm tərkib hissələrindən biri olan 14-cü Berlin Kənd Təsərrüfatı Nazirləri Konfransı öz işinə başlayıb. Kənd təsərrüfatı nazirlərinin görüş platforması sayılan bu mötəbər beynəlxalq tədbirdə 64-dən çox ölkənin rəsmiləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edib.

Azərbaycanı bu beynəlxalq tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov təmsil edir. 24-28 yanvar 2022-ci il tarixlərini əhatə edən Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forum "Torpaqdan davamlı istifadə: Ərzaq təhlükəsizliyi torpaqdan başlayır” şüarı altında keçirilib.

Konfransın "Məhdud torpaq ehtiyatları” mövzusuna həsr edilmiş panel müzakirəsində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, torpaq və su sürətlə artan dünya əhalisinin ərzağa olan tələbatının ödənilməsi üçün həyati əhəmiyyət kəsb edir. Lakin bu resurslar məhduddur və azalır. Qeyd olunub ki, son 19 ildə bütün dünyada kənd təsərrüfatı təyinatlı torpaqların sahəsinin 3 faiz azalmasına baxmayaraq bu müddətdə məhsul istehsalı 53% çoxalıb. Ərzağa olan tələbatın ödənilməsi üçün məhsuldarlığın artırılması torpağa təzyiqləri artırır. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, hazırda qlobal ərzaq sistemi iqlim dəyişikliyindən də əziyyət çəkir. Yeni texnologiyalar və rəqəmsal həllərin tətbiqi iqlim dəyişikliklərinin təsirlərini minimuma endirməyə, torpaq və su resurslarından davamlı və düzgün istifadəyə imkan verir. Belə ki, innovativ tədqiqatlara əsaslanan rəqəmsallaşmış kənd təsərrüfatı məhdud resurslardan səmərəli istifadəni təmin edir.

İnam Kərimov qeyd edib ki, hazırda Azərbaycan hökuməti ölkənin kənd təsərrüfatı sektorunun rəqəmsallaşmasına xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycanda torpaq və su resurslarından düzgün və səmərəli istifadə, yeni suvarma texnologiyalarının geniş tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirləri həyata keçirilir. Nazir əlavə edib ki, qlobal iqlim dəyişikliyinin ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir və istənilən səmərəli tərəfdaşlığa açıqdır.

Konfransda ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması ilə davamlı inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı zəncirinin qurulması, bu istiqamətlərdə qlobal əməkdaşlığın əhəmiyyəti əsas müzakirə mövzularından olub. Tədbir iştirakçıları aqrar sahədə elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Konfransın yekun bəyannaməsində torpaqların və su resurslarının mühafizəsi, təbii resurslardan səmərəli istifadə üzrə müxtəlif istiqamətlərdə kollektiv fəaliyyətin təşkili və səylərin gücləndirilməsi ilə bağlı çağırışlar öz əksini tapır. Bu çağırışlar qlobal istiləşmənin qarşısının alınması, torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə, gübrələrdən düzgün istifadənin təşviqi və effektiv torpaq idarəçiliyinin qurulması istiqamətində birgə fəaliyyəti təmin etməkdən ibarətdir.

RƏYLƏR