Quş əti və yumurta istehsalçıları Dövlət Gömrük Komitəsilə PROBLEM YAŞAYIRLAR

OXUNUB: 452 GÜNDƏM İQTİSADİYYAT
Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) quş əti və yumurta istehsalçılarının çətinlikləri, ehtiyaclarını müzakirə etmək üçün dövlət qurumlarına müraciət etsə də, indiyədək yalnız Dövlət Gömrük Komitəsindən sahibkarların müraciətinə hər-hansı reaksiya verilməyib.
Bu barədə Assosiasiya məlumat yayıb.

Bildirilib ki, quş əti və yumurta istehsalçıları bir neçə istiqamətdə gömrük orqanları ilə çətinliklər yaşamaqdadırlar:

"Qanunvericiliyə əsasən, kənd təsərrüfatı istehsalı və emalı üçün gətirilən avadanlıqlar idxal rüsumlarından azaddır. Lakin gömrük orqanları müxtəlif bəhanələrlə quş əti və yumurta istehsalçılarının gətirdikləri istehsal avadanlıqlarını rüsuma cəlb etməyə çalışırlar.

Əvəzində isə Türkiyədə topdansatış qiyməti 50 sent olan birgünlük cücələrin Azərbaycana idxalını 25 sentə rahatlıqla rəsmiləşdirirlər. Özü də Türkiyədəki satış qiymətlərini təsdiq edən sənədləri dəfələrlə Dövlət Gömrük Komitəsi rəsmilərinə təqdim etdiyimiz halda...”

Bundan başqa, "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi iri ticarət şəbəkələrinin quş əti və yumurta istehsalçılarına yaratdığı problemlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi məktubla müraciət edib.

Məlumata görə, məktubda Dövlət Xidmətindən aşağıdakı problemlərin aradan qaldırılmasında yardımçı olması xahiş edilib.

Marketlər pərakəndə ticarətdə üstün mövqelərindən istifadə edib istehsalçılarla qeyri-bərabər, onların mənafeyinə uyğun gəlməyən müqavilələr imzalayırlar. Məsələn, təzə kəsilmiş toyuq ətinin rəf ömrü 5 gün, ən yaxşı halda 1 həftədir. Müqavilədə onun dəyərinin ödənməsi üçün 45 günlük müddət müəyyənləşir. Digər məhsullarla bağlı da eyni vəziyyətdir. Bu, bizim istehsal prosesimizi vaxtında və düzgün tənzimləməyimizə, istehsalı genişləndirməyimizə imkan vermir, istehsal olunan məhsulun maya dəyərinin artmasına, son nəticədə ərzaq bazarında bahalaşmaya səbəb olur.

Marketlərin demək olar ki, heç biri istehsalçılardan aldıqları məhsulların pulunu müqavilədə nəzərdə tutulan vaxtda ödəmir. Müxtəlif yollarla bəzən bu proses 2-3 aya qədər uzanır.

Marketlərin satış nöqtələrində quş əti və yumurta məhsullarının saxlanma şərtləri texniki normalara cavab verən vəziyyətdə deyil. Məhsulların saxlanmasında qonşuluq prinsipi pozulur, yaxud quş əti onun üçün zəruri şərtlər təmin edilməyən soyuducularda saxlanılır. Nəticədə, geriqayıtma həcmləri müqavilədə nəzərdə tutulan 2%-dən xeyli yüksək – 6-7%-dən, bəzən 10%-dən çox olur.

Ticarət şəbəkələri istehsalçılardan ən müxtəlif adlarla müqavilədə nəzərdə tutulandan əlavə ödənişlər alırlar. Məsələn, onlar aldıqları malın pulunu 3 ay yubadır, axırda tələb edirlər ki, yığılan məbləğin 3-5%-ni "cashback" kimi verin, sonra pulu köçürək. Yaxud TV-lərdə reklamlarını yerləşdirir, onun pulunu istehsalçılara ödətdirirlər. Bundan əlavə, konkret bir məbləğ müəyyənləşdirir, ondan yuxarı satışdan 1-2% əlavə ödəniş tələb edirlər.

Bəzi marketlərdə müqavilə üzrə ödənişlər davamlı surətdə uzanır və ödəniş müddətindən 15-20 gün (ümumi 45-50) gün sonra həyata keçirilir. Tələb olunan müqaviləyə ödənişlə bağlı hansısa fakturaaltı ödənişlərdə düzəliş də qəbul edilmir.

Bəzi marketlərdə təzə məhsullar üçün müqavilə üzrə 30 gün tələbi qeyd edilir, amma dondurulmuş məhsulların ödənişini yalnız rəfdən çıxışı zamanı həyata keçirəcəyini bəyan edir. Bu şərt istehsalçının aşağı marjınallı biznesini təhlükəyə atmaqla yanaşı, həm də ödənişin həqiqətən də rəfdən çıxışdan sonra həyata keçirilib-keçirilmədiyini qeyri-müəyyən edir. Çünki rəfdən məhsulun nə zaman satıldığnı yalnız şəbəkənin özü bilir və istehsalçıya bununla bağlı dəqiq bir sübut verə bilmir./AMİA.AZ

RƏYLƏR