Rövşən Əkbərova hökm oxundu: 10 il cəza çəkəcək, 40 min manat ödəyəcək - YENİLƏNİB

OXUNUB: 351 HADİSƏ

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report” xəbər verir ki, Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.

Belə ki, məhkəmə R.Əkbərovdan 40 010 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarıb.

Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsinin və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.

17:04

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

"Report” xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edib.

O, R.Əkbərova bəraət verilməsini xahiş edib.

Daha sonra təqsirləndirilən şəxs də son sözünü deyib. O, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə müşavirəyə yollanıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04:00 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

RƏYLƏR