Törədilən təxribatlar Ermənistana baha başa gələcək - MÜSAHİBƏ

OXUNUB: 400 Özəl GÜNDƏM SİYASƏT
Millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin 7News.Az-a müsahibəsi

- Elşən müəllim, Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə erməni təxribatı törədildi. Sizcə, erməniləri təxribatlar törətməyə həvəsləndirən nədir?

- Ermənistanın növbəti təxribatı ondan xəbər verir ki, bunların təfəkküründə, mahiyyətində heç nə dəyişməyib. Dayanmırlar, öz məkrli niyyətlərindən əl çəkmirlər, öz vandal xislətlərini yenə nümayiş etdirirlər. Amma belə təxribatlarla harasa getmək, məqsədə çatmaq mümkün deyil. Ermənistanın tör-töküntü ordusunun və uğursuz, strategiyasız, bədnam siyasi hakimiyyətinin belə avantürist və nadan əməllərlə nəyəsə nail olması mümkünsüzdür. Çünki qüdrətli Azərbaycan ordusu, qəhrəman Azərbaycan əsgəri öz torpaqlarını qoruyacaq əzmdə və gücdədir. 44 günlük müharibədə biabır və məğlub olmuş erməni ordusu əzəli torpaqlarımızın bir qarışına belə toxuna, yaxınlaşa bilməz. Yaxınlaşmaq istəsə, hər yaxınlaşdığında öz başına bəla açacaq və həmin başın üzərində "dəmir yumruq”u görəcək. Dünən gecə gördükləri kimi!

- Paşinyan müxtəlif ölkələrin rəhbərlərinə zənglər edir. Əgər bu məxluq qorxursa niyə təxribatlara meyl göstərir?

- Bəli, ən qəribəsi isə odur ki, təxribatçı Paşinyan dünəndən etibarən durmadan haralarasa zəng edir. Hərgah, adama sual verən lazımdır, belə qorxaqsansa, çətinə düşən kimi, uduzan kimi telefonu qarşına qoyub kimisə arayacaqsansa niyə bu təxribatları edirsən? Cəsarətin, gücün, təpərin yoxdursa niyə məkrli niyyətlərinə son qoymursan? Niyə sülh müqaviləsini imzalamalı olduğun halda sabitliyi pozan addımlar atırsan? Səbəb nədir? Bəlkə sifarişdir, bəlkə təlimatdır, bəlkə düşünürsən ki, belə davranmaqla özünə sərf etməyən hansısa prosesin qarşısını ala biləcəksən?

- Ermənistanın təxribatları nəticə etibarı ilə Azərbaycanı növbəti qisas əməliyyatları keçirməyə məcbur edə bilərmi?

- Paşinyan yanlış ardınca yanlış edir. Amma bu ona baha başa gələcək. Ermənistan ağıllanana qədər öz cavabını alacaq. Həm də ən sərt formada. Görünən də odur ki, Ermənistan ordusunun başı "dəmir yumruq” üçün darıxıb. Yaddaşları, ağılları yoxdur bunların. 44 günlük müharibədə necə rəzil olduqlarını tez unudublar deyəsən. Amma əgər unudublarsa, Azərbaycanın qüdrətli ordusu onlara həmin günləri yenidən xatırladar.

RƏYLƏR