“www.44days.info” portalının təqdimatı keçirildi - Fotolar

OXUNUB: 363 GÜNDƏM SİYASƏT

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.44days.info portalının təqdimatı keçirilib. 

 Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri iştirak edib. 

Saytın təqdimatında Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev və saytın işçi qrupunun üzvü Şamxal Əbilov çıxış edərək saytın yaradılması və bazası ilə bağlı ətraflı məlumat veriblər. 

 

Vətən müharibəsinin xronikasını təqdim edən www.44days.info saytı 8 başlıqdan ibarət olaraq 44 günlük müharibənin salnaməsini Azərbaycan, rus və ingilis dillərində izləyicilərə çatdırır. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, dövlət başçısının müxtəlif beynəlxalq media qurumlarına və xəbər agentliklərinə müsahibələri, tvitləri, videokonfransları, onlayn görüşləri və müxtəlif ölkələrin prezidentləri və rəsmiləri ilə telefon danışıqları, yerli və beynəlxalq qurumların, müxtəlif ölkələrin və təşkilatların nümayəndə heyətləri ilə keçirilən qəbullar, Müdafiə Nazirliyinin rəsmi açıqlamaları, xarici mediada Vətən müharibəsi ilə bağlı dərc edilən məqalələr, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hücumlarla bağlı məlumatlar portalda əksini tapıb. 

Saytın "Qələbə səfərləri" bölməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri dərc olunub.

Portalın əsas səhifəsində Vətən müharibəsinin hər günü və Ermənistanın kapitulyasiyasını ifadə edən üçtərəfli bəyanat yer alıb. Bundan başqa, müharibənin hər günü ayrıca bölmələrdə təqdim edilir, həmin günə aid xarici mediada dərc olunan məqalələr və analitiklərin proqnozları mətn və linklərdə əks olunur.

Portalın  "44 günlük müharibəyə gedən yol” bölməsində 2020-ci il iyul hadisələri xronoloji ardıcıllıqla əks olunub və "Müharibə niyə baş verdi?” başlıqlı təhlil təqdim edilib. 14 iyul 2020-ci il tarixində Milli Orduya dəstək məqsədi ilə Bakının mərkəzində keçirilən yürüşün fotoları və xarici mediada bu hadisələrlə bağlı dərc olunan məqalələr mətn və linklərlə verilib. 

"Mülki əhaliyə hücum” bölməsində isə Ermənistan silahlı qüvvələrinin Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Goranboy, Tərtər və cəbhə xəttindən kənarda yerləşən digər şəhər və rayonlara endirdiyi raket zərbələri və artilleriya atəşi nəticəsində mülki əhalimizin öldürülməsi və onlara dəyən ziyanı əks etdirən məqalələr xronoloji ardıcıllıqla yerləşdirilib. 

Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi qələbəsi münasibəti ilə Bakıda keçirilən hərbi parad, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə etdiyi səfərlərin xronoloji ardıcıllığı, o cümlədən foto və video materiallar da sayt izləyicilərinə təqdim edilir.

Bundan əlavə portalda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, işğal olunan ərazilərdə mədəni irs və təbii sərvətlərimizə qarşı ermənilər tərəfindən törədilmiş cinayətlər və Xocalı Soyqırımı ilə bağlı gerçəkləri özündə əks etdirən baza da öz əksini tapıb./Qafqazinfo

 

 




 

RƏYLƏR