“Xarıbülbül, igid yadigarları, qış nağılı” uşaq festivalı keçirilib "Əsgərə Xatirə" layihəsi+Fotolar

OXUNUB: 424 QHT
"Əsgərə Xatirə” layihəsinin təşkilatçılığı, Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə "Xarıbülbül, igid yadigarları, qış nağılı” uşaq festivalı keçirilib.

Dekabrın 21-də "Sərin” restoranlar şəbəkəsinin "Astoria” zalında "Əsgərə Xatirə” layihəsinin təşkilatçılığı, Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında, qorunub-saxlanılmasında canından keçmiş və şücaət göstərmiş, eləcə də Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirən şəhid və qazilərin övladlarına həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Azərbaycan Respublikasının Dövlət Himnindən sonra tədbir açıq elan olundu.

Tədbirdə Müdafiə Nazirliyinin məsul əməkdaşı Anar Nağıyev, millət vəkilləri Arzu Nağıyev, Vüqar İskəndərov, Nizami rayon YAP təşkilatının sədri Ramil Vəlibəyov, "Yugen” kreativ agentliyinin direktoru Adnan Hüseyin, Azərbaycan Respublikasının Səmti müəyyən etmə İdman Federasiyasının vitse-prezidenti Pərvin Şərifov, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, "Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş canlı qəhrəman, qazi Yaşar Bağırov, "İLKİN M İNŞAAT” və "ZİMAR” şirkətlərinin rəhbəri İlkin Məmmədov, şəhid Abdurrəhmanlı Sübhanın anası Mehriban xanım, şəhid Mehrab Niftəliyevin həyat yoldaşı Vüsalə xanım, "Sərin” restoranlar şəbəkəsinin direktoru Azər Bağırzadə, iş adamı, sahibkar Sərxan Allahverdiyev çıxış nitqlərində bildirdilər ki, "Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı Böyük Qələbə, Zəfər tarixi, qəhrəmanlıq dastanı yazdı. Qazanılan qələbə Ali Baş Komandan, Ölkə Prezidentimizin qətiyyət və cəsarəti, fədakar xalqımızın birliyi və Müzəffər Ordumuzun gücü ilə yaşandı.

Qeyd edək ki, tədbirin aparıcısı Azərbaycanın istedadlı televiziya və radio təmsilçisi, "Eurovision-2015”in ən gənc şərhçisi Quliyev Kamran olmuşdur.

Tədbirin bədii hissəsində "Talant” rəqs qrupu, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlzamanlı, Mənsum İbrahimovun tələbəsi, gənc muğam ifaçısı Kənan Şərifov iştirak ediblər.

Layihənin icraçı direktoru Məltəm Şıxəliyeva tədbirin ərsəyə gəlməsinə dəstək olan "Əsgərə xatirə” layihəsinin fəxri üzvlərinə, cəsur və zərif qəhrəmanlarına, iş adamlarına, sahibkarlara, mədəniyyət xadimlərinə, digər idarə, müəssisə və təşkilatlara, eləcə də televiziya və media nümayəndələrinə çıxışı zamanı xüsusi minnətdarlığını bildirib.

Dövlət rəsmiləri, iş adamları və festival qəhrəmanları gələcəyimizi etibar etdiyimiz uşaq və yeniyetmələrlə birlikdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hazırlanan tort şirnisini kəsmiş, 60 şəhid və qazi övladları nağıl qəhrəmanları ilə görüşərək xoş və əyləncəli anlar yaşamış, hər bir igid övladına hədiyyələr və sovqatlar təqdim olunmuşdur.
 


RƏYLƏR