Zəngəzur dəhlizini açmaq üçün Ermənistana 5 milyard dollar?

OXUNUB: 342 GÜNDƏM SİYASƏT
Sabiq xarici işlər naziri: "Xankəndinə gedən yol Zəngəzurdan keçir...”
Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumda iştirak edib. Forumda çıxış edən A.Overçuk bir sıra məqamlara toxunub və o cümlədən çıxışı zamanı üçtərəfli sazişlərdə nəzərdə tutulan regionda nəqliyyat xətlərinin açılmasını ermənilərə xatırladıb.

O, Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılmasının təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacağını bəyan edib: "Üçtərəfli sazişlərdə nəzərdə tutulan regionda nəqliyyat əlaqələrinin açılması Ermənistanın iqtisadi inkişafı və bura investisiyaların axını üçün yeni imkanlar açacaq”.

Görünən odur ki, Rusiya tərəfi belə açıq tədbirlərdə nəqliyyat xətlərinin açılmasının vacibliyini dolayı da olsa Ermənistanın diqqətinə çatdırır. Bu isə o deməkdir ki, nəqliyyat xətlərinin açılması təkcə Rusiya və Azərbaycanın xeyrinə olmayacaq. Bundan eyni zamanda bu və digər formada Ermənistan da faydalanacaq. Bu 5 milyard qazanc isə erməniləri şirnikləndirmək deyil, reallığı onlara başa salmaqdır. Məsələ ondadır ki, Rusiya siyasi dairələrində Zəngəzur dəhlizi layihəsinə artıq xarici ticarət sahəsində yeni perspektivlərin açılma şansı kimi yanaşmağa başlayıblar. Hazırda Rusiyanın Fars körfəzindəki limanlara birbaşa çıxış imkanları yoxdur. Zəngəzur dəhlizinin açılması isə Rusiyanın Hind Okeanı hövzəsinə ticarət bağlantısını asanlaşdıra bilər. Rusiyanın xarici ticarət maraqları həmin bölgəyə daha asan və qısa marşrutla mal dövriyyəsinin təmin olunmasını tələb edir. Məhz Zəngəzur dəhlizi rəqabətədavamlı alternativ dəniz daşımalarına geniş imkanlar aça biləcək yeni və güclü liman terminalları ilə bağlı layihələri aktuallaşdıracaq. Və bu, hazırda Rusiyanın can atdığı yeni regional maliyyə-iqtisadi perspektivlərin sırasında önəmli yer tutur.

Yeri gəlmişkən, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son sərhəd gərginliyindən sonra Azərbaycanda bəzilərinin "Zəngəzur dəhlizi bizə niyə lazımdır” sualına maraqlı cavab verib. Moderator.az-a açıqlamasında deyib: "Bəzən insanlar anlamırlar ki, nəyisə müdafiə etmək üçün hücuma keçmək lazımdır... Vaxtilə Atatürk alimləri toplayıb ki, elmi-tarixi baxımdan Türkiyənin torpaqları uğrunda savaş aparmaqda haqlı olduğunu sübut etsinlər. Alimlər araşdırmalarla müxtəlif sübutlar ortalığa qoyurlar ki, İstanbulda filan vaxtdan, Ankarada filan vaxtdan türklər yaşayıb. Atatürk cavab verib ki, mənə İstanbuldan danışmaq lazım deyil, İstanbulda onsuz da türk əsgəri dayanıb. Mənə Afinadan danışın...Yəni anlamaq lazımdır ki, ən yaxşı müdafiə hücumdur. Bu baxımdan da mən belə deyərdim ki, Xankəndinə gedən yol Zəngəzurdan keçir. Baxın, biz Zəngəzur mövzusunu qaldırdıqdan sonra Paşinyan parlamentdə belə çıxışlar etməyə başlayıb: "Elə bir sənədə qol çəkməliyik ki, bəlkə də məni satqın adlandırdılar". Bunlar hamısı Azərbaycan tərəfindən Zəngəzur mövzusunun sərt şəkildə qoyulmasının nəticəsidir, bununla həm də Xankəndi problemini həll etməyə nail olacağıq..."- deyə sabiq baş diplomat vurğulayıb.

Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın mövqelərinin Bakı ilə üst-üstə düşməsi Ermənistanı ikitərəfli təzyiq altına qoyur. Bundan yayınmaq isə hər ötən gün Ermənistan üçün çətin olacaq.
Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır - AZƏRTAC
Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev "Yeni Müsavat”a bu mövzu ətrafında maraqlı açıqlamalar verdi: "Aleksey Overçukun İrəvanda düzənlənən forumdakı çıxışını Ermənistana dolayı mesaj kimi qiymətləndirirlər. Mənim düşüncəm isə bundan ibarətdir ki, bu, nəinki dolayı, hətta birbaşa mesajdır. Daha dəqiqi, Overçukun çıxışında açıq-aydın strateji yol planı göstərilir, üçtərəfli razılaşmanın bəndləri sadalanır, Ermənistana nəqliyyat dəhlizinin, avtomobil və dəmir yollarının əhəmiyyəti haqda növbəti xatırlatma edilir. Üstəlik, burada həm də 4-5 milyard dollarlıq sərmayənin perspektivindən danışılır. Düzdür, müəyyən analitiklər düşünür ki, məlum rəqəm şirnikləndirici xarakter daşıyır. Amma çox güman, əslində belə deyil. Overçukun çıxışındakı əsas məğz elə məhz xatırlatma, yönəltmə və istiqamətləndirmə ilə bağlıdır ki, həmin dəhlizi açmağın zamanıdır və burada söhbət regionun marağından gedir. Və heç şübhəsiz, məlum kommunikasiya açılarsa, bundan ən çox faydalananlardan biri də Ermənistanın özü olacaq. Eyni zamanda Zəngəzur dəhlizinin açılması Rusiyanın Hind okeanı hövzəsinə ticarət bağlantısını da asanlaşdıra bilər. Çünki Rusiyanın xarici ticarət maraqları həmin bölgəyə daha asan və qısa marşrutla mal dövriyyəsinin təmin olunmasını tələb edir. Yəni məsələyə həm də bu kontekstdən baxsaq görərik ki, elə məhz Zəngəzur dəhlizi rəqabətə davamlı daşımalara geniş imkanlar aça biləcək yeni və güclü liman terminalları ilə bağlı layihələri qısa müddətdə aktuallaşdıracaq. Və bu, hazırda Rusiyanın can atdığı perspektivlərin sırasında ən önəmli yer tutur.

Bütün bunları niyə sadalayıram? Çünki mənzərə aydın olsun və anlaşılsın ki, Zəngəzur dəhlizinin açılması əslində region dövlətlərinin hamısının marağına xidmət edəcək və eyni zamanda sülh, sabitlik, beynəlxalq kommunikasiya üçün ciddi töhfə  olacaq. Ona görə artıq Rusiya da açıq mətnlə dilə gəlib və Paşinyana reallıqları anlatmağa, xatırlatmağa çalışır. Digər yandan isə eyni adlı həqiqətləri biz deyirik.  Üstəlik, həm də izah edərək deyirik. Yəni məsələnin xoş olan tərəfi budur ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan və Rusiyanın mövqeləri üst-üstə düşür. Ermənistan isə belə vəziyyətdə daha da dalana dirənir və hesab edirəm ki, reallıqlardan, həqiqətlərdən yayınmaq hər ötən gün Paşinyan və Ermənistan üçün daha böyük çətinliklər yaradacaq".
Prezident Moskva və İrəvan ciddi mesajlar verdi
Məhəmməd Əsədullazadə 

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya baş nazirinin müavini Overçukun Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları reallıqdır: "Bu, regionda iqtisadi inteqrasiyaya və sülhə, sosial rifaha xidmət edəcək. Göründüyü kimi, Ermənistan rəhbərliyi bu məsələdə geri addım atmır və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Rusiyaya tətbiq edilən sanksiyalar fonunda bu dəhlizin Rusiya üçün iqtisadi əhəmiyyəti artıb və Moskva ona görə də dəhlizin açılmasında maraqlıdır. Ermənistana da müəyyən məbləğdə investisiya qoyulacaq. Ermənistanın hansı mövqe tutmasından asılı olmayaraq mütləq şəkildə bu dəhliz açılacaq. Bu, Azərbaycanın strateji planı və İrəvanın üzərinə götürdüyü öhdəlikdir. Qeyd edim ki, Azərbaycan rəhbərliyinin qarşısında iki plan var. Zəngəzur dəhlizinin açılması və Xankəndi üzərində nəzarətin tətbiq edilməsi. Təbii ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Xankəndi məsələsi həll ediləcək. Ermənistan tərəfi bu iddialarından geri çəkiləcək. Rusiya da prosesdə Azərbaycanla üz-üzə gəlməyəcək. Qərbi Zəngəzurun Şərqi Zəngəzurla birləşməsi avtomatik olaraq Qarabağda separatizmə son qoyacaq”.
Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik hökm sürür - İlyas Hüseynov
İlyas Hüseynov

Politoloq İlyas Hüseynov bildirdi ki, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında ən böyük üstünlüyü iqtisadi resurslarıdır: "Hər dəfə bu imkanlardan istifadə etmək haqqında xüsusi vurğular edilir və regiona təsir vasitəsi kimi nəzərdə tutulur. Üçtərəfli bəyanatlarda qeyd olunan regionda nəqliyyat əlaqələrinin açılması Ermənistanın iqtisadi inkişafı üçün yaxşı fürsətdir. Ermənistanın ağır iqtisadi durumda 5 milyard dollarlıq potensialın formalaşması "nəfəslik rolunu" oynayacağı sübhəsizdir. Rusiyanın iqtisadi və nəqliyyat müstəvisində beynəlxalq səviyyədə bloklanması və ağır məhdudiyyətlər onu alternativlər axtarmağa məcbur edir. Zəngəzur dəhlizi Rusiyanın Hind okeanı hövzəsinə ticarət bağlantılarını reallaşdıra bilər. Bu gün rəsmi Bakı ilə Kremlin mövqeləri Zəngəzur dəhlizi məsələsində uyğunluq təşkil edir. Zəngəzur dəhlizi Moskva üçün mühüm əhəmiyyət kəsb edir. Sabiq xarici işlər naziri, hörmətli Tofiq Zülfüqarovun fikirləri də diqqətə alınmalıdır. Müdafiə olunmaq üçün hücum taktikasını əsrlər boyunca görkəmli strateqlər istifadə ediblər. Zəngəzur və Zəngəzur dəhlizi ilə Xankəndi arasında geosiyasi bağlılıq yaratmaq istiqamətində Azərbaycanın xarici siyasətində və diplomatiyasında bəzi çalarlar hiss olunur. Zəngəzurla Xankəndidəki qondarma rejimə son qoymaq və separatizmin kökünün kəsilməsindən sonra orada yaşayan erməniləri Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək mümkün ola bilər. Bunun üçün Türkiyə və Rusiya ilə ardıcıl danışıqlar aparmaqla yanaşı, 3 ilin sonunda müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilən Rusiya sülhməramlılarının taleyinə də aydınlıq gətirmək lazımdır".

RƏYLƏR