Bu il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində təxribatlar törədiblər. Nəticədə xalqımız onlarla şəhid verib, yaralılarımız var. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməni geri oturdub. Hesab edirəm ki, sərhəddə baş verənlər Ermənistanın revanşist siyasətinin nəticəsidir. Onlar mövcud vəziyyəti öz xeyirlərinə dəyişdirməyə cəhd etsələr də, layiqli cavablarını alıblar. Şəhidlərimizin qanı yerdə qalmayıb.
Ermənistanın Azərbaycana qarşı təxribatları ölkə ictimaiyyətində dərin hiddət və qəzəb hissi doğurub. Görünən budur ki, Ermənistan hökuməti yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürür. Çox nahaq yerə! Bu iddialar tamamilə əsassız və qeyri-qanunidir. Azərbaycan regionda beynəlxalq hüquq əsasında hərəkət edir və sülh sazişinin bağlanmasını təklif edir.
Rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasından boyun qaçırmaqla, böyük səhvə yol verir. Regionda iri nəqliyyat və kommunikasiya layihələrinin icrası bu bölgədə yerləşən bütün xalqların mənafelərinə uyğundur. Bu layihələrdən hazırda ağır sosial-durumda yerləşən Ermənistan da faydalana bilər. Təəssüf ki, onlar reallıq hissini itirdiklərindən öz xeyirlərini belə başa düşmək istəmirlər.
Ermənistanın son təxribatları törətməkdə bir neçə niyyəti var. Onlardan biri regionda Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş nəqliyyat dəhlizlərinin açılmasına mane olunmaqdır. Belə ki, bu gün Zəngəzur dəhlizi həyati əhəmiyyət kəsb edən layihəyə çevrilir. Bilirik ki, Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövcud nəqliyyat-logistik imkanlarında məhdudiyyətlər yaradıb. Burada ən səmərəli, əhəmiyyətli dəhliz Zəngəzur dəhlizidir.
Regionda aranı qarışdırmaq istəyənlər də var. Belə ki, müəyyən dairələr yeni təxribatlar törətməklə regionda sabitliyi pozmaqda maraqlıdırlar. Onların niyyəti regionun gələcəyini müəyyənləşdirən iqtisadi gəlirliliyi təmin edəcək layihələrin icrasını ləngitməkdir. Ancaq sözügedən layihələrin həyata keçməsinin qarşısını almaq mümkün olmayacaq.
Məlumdur ki, Azərbaycan 44 günlük şanlı Vətən müharibəsi ilə rəqib üzərində tam qalibiyyət əldə edib. Ermənistan 10 noyabrda kapitulyasiyaya imza atıb və öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklərdən biri də Zəngəzur dəhlizinin, kommunikasiyaların açılmasıdır. Bu dəhlizin açılaraq fəaliyyət göstərməsi zaman məsələsidir. Bunu həyat özü diqtə edir.
Azərbaycanın irəli sürdüyü bütün bu şərtlər və prinsiplər beynəlxalq normalara uyğundur və bu normaların alternativi yoxdur. Ermənistan bizimlə silah dilində danışa bilməz. Məlumdur ki, sərhəddə Ermənistan tərəfindən törədilən sonrakı təxribatların qarşısı Azərbaycanın Müzəffər Ordusu tərəfindən çox ciddi şəkildə alınıb, düşmən ağır itkilərə məruz qalıb.
Çağdaş dünya siyasətinin ən görkəmli dövlət xadimlərindən olan möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyilə Azərbaycan regionda haqq-ədalət uğrunda mücadilə aparır. Zaman bizim lehimizə işləyir. Azərbaycanı tutduğu ədalətli və prinsipial yoldan heç bir qüvvə çəkindirə bilməz.
Mən Vətən müharibəsi iştirakçısıyam. Bir çox ağır döyüşlərdə iştirak etmişəm, qaziyəm. Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü və qüdrətli ordularından biridir. Qoy düşmənlər bunu unutmasınlar.
Bizim özgə torpaqlarında gözümüz yoxdur. Lakin hamı bilməlidir ki, bizim torpaqlarımıza göz dikənləri ağır aqibət gözləyir. "Dəmir yumruq” yerindədir. Düşünürəm ki, ermənilərin bu dəfə başına dəyən yumruğumuz daha da güclü olacaq.
Azər VERDİYEV,politoloq,İkinci Qarabağ müharibəsi qazisi