Narazı kütlə formalaşdırmaq, yoxsa sui-qəsd planı? - “Kristal Abşeron” ÖLKƏ RƏHBƏRLİYİNİ BELƏ ALDADIR - İDDİA

OXUNUB: 610 index-manşet Özəl GÜNDƏM İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Rövşən əsədov məlumat verib. Məlumatda deyilir: "Ötən gün "Kristal Abşeron”nun binaları tam inşa etməmələri, natamam iş görmələri ilə bağlı bir status paylaşmışdım. İndi görürəm ki, dəyərli həmkarlarım mövzunu araşdırıblar. "Kristal Abşeron”nun "kristal"a dönmüş rəhbərliyi açıqlama verib ki, biz binaları tam təhvil vermişik. Daha bilmirəm onların bu açıqlamasına hansı formada gülüm ki, ürəyim sakitləşsin. Ortaya fotofakt qoymuşam, özüdə həvəskar çəkiliş yox, Azərtac-ın fotoreportajından götürülmüş görüntünü. Bunlar isə üz-gözlərinə sıvamaqla məşğuldular. Necə ki, aşağıdakı faktda "sıvadıqları" kimi.

Düşünürəm ki, "Kristal Abşeron” şirkəti narazı kütlə formalaşdırmaq və bu kütləni dövlətə qarşı yönəltmək fikrindədir.

Ölkə başçısı ötən ilin 8 oktyabrında "Qobu Park -2" yaşayış massivinin açılışını edəndə də həmin binaları bəh-bəhlə prezidentə təqdim etdilər. Lakin qısa müddətdə ərsəyə gələn 13 bina heç bir il keçməmiş uçub-tökülür.

Keyfiyyətsiz materiallardan istifadə olunduğu üçün binanın üz qabığı qopmağa başlayıb. Adi vaxtlarda belə qopan üzlüklər külək olan kimi sürətlə qopub camaatın başına tökülür. Buna görə də hərəkətə keçən və narazılığı önləməyə çalışan şirkət üzlükləri drellə deşib binanın divarına şuruplayırlar. Qeyd edim ki, belə bir praktika dünyanın heç bir yerində görünməyib, ekskluziv olaraq Kristal Abşeron şirkəti bu yeniliyə imza atıb.

Bu azmış kimi divarların üzlüyünü binaya şuruplayan fəhlələr o qədər kobud və özündən razıdır ki, sanki bunlar sakinlərlə elə məhz belə də rəftar etməlidirlər. Necə?

Həmin fəhlələr bir neçə gün öncə binanı şuruplayarkən evimizin kombisinin borusunu kökündən qoparıblar. Nəticədə isə kombidən xaric olunan qaz evə sızmağa başlayıb. Fərqinə gec varsaydıq ya qazdan boğulub öləcəkdik, ya da evdə güclü partlayış olacaqdı ki, bu da binanın külə dönməsi ilə nəticələnəcəkdi. Etiraz bildirdikdə isə burda bir şey yoxdu, niyə səs-küy edirsiniz deyə cavablar alırıq.

Demək olar ki, adıçəkilən şirkət binanın inşaasında hər fürsətdə keyfiyyətsiz materiallardan istifadə edib. İstər hamam-tualet aksesuarlarında, istər qapılarda, istər su borularında, istər liftlərdə, plastik pəncərələrdə və s. Külək əsərkən evdə lüstür titrəyirsə heç şübhəsiz ki, bir neçə ildən sonra bina uçmaq təhlükəsi ilə üz-üzə qalacaq. Düşünürəm ki, şirkət ya məcburi köçkünlərdən ibarət narazı kütlə formalaşdırmaq istəyir, ya da onlara qarşı sui qəsd etmək planı var.

Yaxın günlərdə daha ətraflı videoreportajlarla "Kristal Abşeron”nun sakinlərə "diqqət və qayğısı"nı sizə göstərəcəm.”

Mövzunu davam etdirəcəyik.

7NEWS.az


RƏYLƏR