Azərbaycan və İtaliya prezidentləri sərgidə - FOTO

OXUNUB: 884 index-manşet SİYASƏT

Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş "Ədəbiyyat xəzinəsi” adlı sərginin açılışı olub.

İcmal.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, İtaliya prezidenti Sercio Mattarella və qızı Laura Mattarella sərgi ilə tanış olublar.

Sərgi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.

Sonra Heydər Əliyev Mərkəzindəki "Mini Azərbaycan” sərgisi ilə tanışlıq olub. Bu sərgidə Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı var.

Sərgidəki eksponatlardan biri "Bakı Ekspo 2025”in ərazisinin maketidir. Burada 295 hektar ərazinin planı göstərilir.

Sərgi ilə tanış olanlar, həmçinin Dövlət Bayrağı Meydanının, Bakı Ağ Şəhərin, Heydər Əliyev Mərkəzinin, Ali Məhkəmənin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Hökumət evinin, Azərbaycan Xalça Muzeyinin maketlərinə baxıblar.

Heydər Əliyev Mərkəzində müxtəlif mövzuları əhatə edən sərgilər fəaliyyət göstərir. Maraqla qarşılanan sərgilərdən biri də klassik avtomobillərin sərgisidir.

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bildirib ki, Federasiyanın və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan bu sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

İtaliya prezidenti Sercio Mattarella Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanışlıqdan məmnun qaldıqlarını diqqətə çatdırıb.

 

İcmal.Az

RƏYLƏR