Dünyada ikinci olan kanyonu ilə məşhur turizm məkanı — Atatürkün adını verdiyi Kemaliye...

OXUNUB: 17736 MARAQLI
Fərat çayının sahilindəki yaşıl vadidə yerləşən Kemaliye həm tarixi, həm də turizm baxımından çox zəngindir. Bu gün Kemaliye milli və beynəlxalq səviyyədə tanınan Türkiyənin nadir tarixi və turizm bölgələrindən biridir. Xüsusilə son illərdə beynəlxalq idman tədbirləri bu qəsəbənin populyarlığını xeyli artırıb. Bu səbəbdəndir ki, Kemaliye bölgənin ən məşhur turizm mərkəzinə çevrilir.
 
 
1922-ci ilə qədər Eğin adı ilə tanınan bu qəsəbənin sakinləri Qurtuluş Savaşı zamanı Mustafa Kamal Atatürkə nə qədər sadiq olduğunu göstərmək üçün ona teleqram göndərir. Həmin teleqramda yerli camaatın ən azı 500 atlı əsgərlə döyüşə qatıla biləcəyi dəstəyi bildirilir. Qazi Mustafa Kamal Atatürk isə sakinlərin məktubuna "Eğinlilər, siz yetkinliyə çatmış insanlarsınız. Ona görə də adımı sizə verirəm" deyə cavab verir. Bundan sonra qəsəbənin adı dəyişdirilərək Kemaliye adlandırılır. 
 
 
 Kemaliye Azərbaycanın Şuşa şəhərinə də çox bənzəyir. Şuşa kimi Kemaliye də ucsuz-bucaqsız sıldırımlı qayaların ortasında salınmış təbii qaladır.
 

 
Azərbaycanın tarixi diyarı olan Şuşa şəhəri

Kemaliye həm də YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən tarixi bölgədir. Günümüzdə bu qəsəbə beynəlxaq idman oyunlarına ev sahibliyi etməklə də populyarlaşıb. Artıq Kemaliye qardaş Türkiyədə təşkil olunan bir çox beynəlxalq idman yarışlarının mərkəinə çevrilib.  
 
 
 
 
Əslində, Kemaliye həm Türkiyədə, həm Azərbaycanda indiyədək lazımınca tandılmayan, ancaq beynəlxalq aləmdə turistlərin böyük diqqətini çəkmiş tarixi məkandır. Türkiyə hökuməti vəziyyəti anlayaraq, son illər bu bölgənin turizminin inkişafına böyük diqqət ayrırıb. Elə bu səbəbdən də son vaxtlar bu rayonda çoxlu beynəlxalq su idmanı yarışları keçirilir. Bunun üçün çox gözəl şərait da mövcuddur. Kemaliyedəki ecazkar kanyon və hündür qayalar rafting və digər idman yarışları üçün uyğundur.
 

 
 

Kemaliyədə ən çox gəziləcək, görüləcək yerlər...
 
 
Fərat çayının sahilində yerləşən bu füsunkar məkanda gəzməli, görməli yerlər çoxdur. Həm təbii gözəlliklərini görə biləcəyiniz, həm də tarixi binalarını ziyarət edə biləcəyiniz Kemaliye qəsəbəsi əminəm ki, bütün səyahətsevərlərin ürəyincə ola biləcək turizm məkanıdır. 
 
 
 
Qaranlıq Kanyon...
 Kemaliye deyiləndə ağıla ilk gələn yer şübhəsiz ki, buranın Qaranlıq Kanyon adlanan məkanıdır. Bu yer təkcə Türkiyədə deyil, bütün dünyada turistlərin görmək istədiyi məşhur məkan sayılır. ABŞ-dakı məşhur Böyük Kanyondan sonra dünyanın ikinci ən böyük kanyonu olan Qaranlıq Kanyon Türkiyənin ecazkar təbiət möcüzəsidir. Hər iki tərəfi 400-500 metr hündürlüyündə sıldırım qayalıq yamaclardan ibarət kanyonda turistlər üçün qayıq turları da təşkil olunur. Azərbaycandan olan turistlər də Türkiyənin bu unikal mənzərələrindən həzz ala bilərlər.
 


 
 
 Qədim Kemaliye evləri...
 
Özünəməxsus memarlıq xüsusiyyətləri ilə diqqət çəkən Kemaliye evləri hər il minlərlə yerli və xarici turistləri qonaq edir. Bu evlərin ən gözəl nümunələrini rayon mərkəzində və Apçağa, Başpınar, Ergü, Ocak, Salihli, Sırakonak, Yeşilyamaç, Yeşilyurt və Yuva kəndlərində görmək mümkündür. Burada yaşı 500 ilə dayanan tikililər mövcuddur. 
 
 

 

"Sultan deserti” Lökhane...
 
 emaliyedə olarkən Lökhanəyə baş çəkməmək mümkün deyil. Qurudulmuş tut və qozdan hazırlanan və keçmişdə saraylarda sultanlara təqdim edildiyi üçün "Sultan deserti” də adlandırılan Lök turistlərin vazkeçilməz ağız dadına çevrilib. Lokhanenin interyeri olduqca orijinaldır, əgər bura yolunuz düşsə, lokhanenin necə hazırlandığını da görə bilərsiniz.




Şahin təpəsi...

Kemaliyenin bənzərsiz mənzərəsini seyr edə biləcəyiniz ən gözəl yer Şahin təpəsi hesab olunur. Burada yerləşən obyektdə özünüzə kofe sifariş verib, möhtəşəm mənzərədən həzz ala bilərsiniz. Təpəyə gedərkən keçəcəyiniz Mani yolunda yerli manisləri də görəcəksiniz.





Kadıgölü bulağı...

Kadıgölü qəsəbənin mərkəzində yerləşən Daşdibi və Orta məscidləri arasında yerləşən təbii bulaqdır. Kemaliyenin əsas içməli su mənbəyi olan Kadıgölü bulağı sakinləri içməli su ilə təmin etməklə yanaşı, qəsəbədəki üzüm bağlarına da həyat verir. 





Kemaliye Təbiət Tarix Muzeyi...

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) nəzdində Kemaliye qəsəbəsində fəaliyyət göstərən Təbiət Tarix Muzeyində bioloji və geoloji nümunələr qorunub saxlanılır. Muzey türkiyəli tanınmış bioloq, professor Ali Demirsoyun adını daşyır. Muzeyi ziyarət edən insanlar burada geniş məlumatlara sahiblənirlər. Muzeyin ən böyük özəlliyi isə pulsuz olmasıdır. Bu isə turistlərin buraya axınını cəlbedici edir.



Ala mağarası...

Kemaliyenin şimal-şərqində yerləşən Ala mağarası da turistlərin ən çox görmək istədiyi yerlərdən biridir. Mağaranın içərisində dəhlizlər və kanallar mövcuddur. Mağaranın müalicə əhəmiyyəti də böyükdür. Belə ki, Ala mağarası dəridə ləkələrin əmələ gəlməsi ilə nəticələnən Psoriaz və Vitiliqo (Ala) xəstəliklərinin müalicəsi üçün faydalıdır. 

Ardı var...

RƏYLƏR