AzMİU-da memarlıq təhsilinin 100 illiyinə həsr edilən sərgi açılıb - FOTO+VİDEO

OXUNUB: 33 SOSİAL

Tədbirdə dövlət və özəl qurumların nümayəndələri, ölkəmizin nüfuzlu universitetlərinin rektorları, partnyor təşkilatların rəhbərləri iştirak ediblər.

7NEWS.az xəbər verir ki, tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycanda memarlıq təhsilinin tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Rektor qeyd edib ki, respublikamızda memarlıq ixtisası üzrə kadr hazırlığı işinə 1920-ci ildən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutu adlanan təhsil ocağının İnşaat fakültəsinin memarlıq bölməsində başlanılıb, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin memarlıq bölməsində davam etdirilib. 1968-ci ildə bu bölmənin əsasında ayrıca Memarlıq fakültəsi yaradılıb. Rektor vurğulayıb ki, 100 ilə yaxın tarixi olan Memarlıq fakültəsi öz ənənələrinə görə həm universitetin digər fakültələri, həm də memarlıq ixtisası tədris olunan digər ali məktəblər arasında həmişə seçilib. Mikayıl Useynov, Ənvər Qasımzadə, Leonid Bretanitski, Qəzənfər Əlizadə, Davud Axundov, Boris Revazov, Həsənağa Məcidov, Eldar Kanukov, Mürsəl Nəcəfov, Fikrət Hüseynov kimi memarlıq üzrə alim və mütəxəssislər uzun illər bu fakültədə pedaqoji fəaliyyətlə məşğul olublar.

G.Məmmədova qeyd edib ki, fakültə memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsil pilləsində mütəxəssislər hazırlayır və təhsilin hər iki pilləsində 1100-dən artıq tələbə təhsil alır. Fakültənin professor-müəllim heyətinin böyük qismi memarlıq layihələndirilməsi - şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 11 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və təcrübi biliklərini tələbələrlə paylaşır. Onlardan 1 nəfəri "Şərəf”, 2 nəfəri "Şöhrət” ordeninə, 14 nəfəri "Əməkdar memar”, 1 nəfəri "Əməkdar müəllim”, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb.

Rektor vurğulayıb ki, sərgiyə Memarlıq fakültəsinin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası, landşaft ixtisasları üzrə 30-a yaxın buraxılış işi və 100 kurs işi təqdim olunub. Həmin işlər sırasında bu il Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində keçirilən XXVIII müsabiqənin qalibləri olmuş işlər də nümayiş olunacaq.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə 19 bakalavr işi və 4 magistr dissertasiyasının fəxri diplomlara layiq görülməsi, 14 nəfərin I dərəcəli, 9 nəfərin isə II dərəcəli diplom qazanması münasibətilə universitet və fakültə rəhbərliyini təbrik edib. E.Qasımzadə qeyd edib ki, görülən işlər uğurlu nəticədir və eyni zamanda, tanınmış memarlıq məktəbləri ilə yarışmağa qadir olmağımızın gözəl nümunəsidir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Nijniy Novqorodda keçirilmiş müsabiqədə işləri qalib olan məzunlara diplomlar təqdim edilib.

 
















RƏYLƏR