Bir daha Ana dilimiz haqqında…

OXUNUB: 4773 SOSİAL
İsa Nəcəfov: "Nə üçün sovet dövründə  elmi zirvəyə yüksələ bilməyənlər indi  Hüseyn Cavidin ölməz kəlamlarına yara vursunlar?”

Ümummilli lider Heydər Əliyev Azəbaycanın taleyüklü məsələlərinə böyük siyasətçi, müdrik və uzaqgörən rəhbər, həm də işin mahiyyətini bilən mütəxəssis-ekspert kimi yanaşırdı. Təbiidir ki, Azərbaycan xalqının milli-mənəvi kimliyini müəyyənləşdirən dil, mədəniyyət, adət-ənənə, ədəbiyyat və incəsənət kimi sahələrə daha böyük diqqətlə yanaşırdı. Ulu öndər bu sahələr arasında xalqın milli-mənəvi sərvəti sayılan dilə xüsusi qayğı və həssaslıq göstərirdi. Onun dil ilə bağlı siyasətindən bir sıra mühüm məqamları nəzərdən keçirək:

Konstitusiya layihəsinin müzakirəsində  (1995) dil məsələsi ilə bağlı  Prezident Heydər Əliyevin çıxışından:

"Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var… Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türküyəm?”

"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”

Türk dünyası yazıçılarının 1996-cı il noyabrın 6-da keçirilmiş III qurultayında çıxışından:

"Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”.

Azərbaycan yazıçılarının X qurultayında çıxışından (30dekabr 1997):

"Bilirsiniz, mən bunu dəfələrlə demişəm və bu gün də deyirəm: biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.

Azərbaycan və xarici ali məktəblərlə qəbul edilən tələbələrlə görüşdə şıxışından (29 avqust, 1997):

"Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də biz bu dildə danışmağımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də bunu heç bir şeyə dəyişmək olmaz”.

Yeni dərs ili münasibəti ilə çıxışından (1 sentyabr 2000):

"Azərbaycan dili! Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik (1978-ci il Azərb. SSR Konst. 73-cü mad.). Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək olan bir dildir. Sizə deyə bilərəm ki, başqa ökələrdə müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır”.

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər  Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanından: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur”.

Azərbaycan Prezidenti Heydər Əliyevin TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının XIX toplantısının  iştirakçılarını qəbul edərkən çıxışından (Bakı şəhəri, 6 fevral 2003-cü il):

"Milləti yaşatmaq və millətin indiyə qədər olduğu kimi əzilməsi imkanlarının qarşısını gələcəkdə almaq üçün dilimizi qorumalıyıq. İndi türkdilli millətlərin dillərində bir qədər fərq var. Amma bu dillərin kökü birdir. Mən belə düşünmürəm ki, biz gərək dilimizi tatar dilinə oxşadaq. Yaxud da ki, qırğızlar dillərin bizim dilə oxşatsınlar. Yox!. Əsrlər boyu dillərimiz belə yaranıbdır. Azərbaycan dilinin bundan sonra da inkişaf etməsi mənim həyatımın ən birinci vəzifəsidir. Çünki millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda, onu heç nə dəyişdirə bilməz. Allaha şükürlər olsun, bizim Azərbaycan dili çox mükəmməlləşib, çox genişlənibdir. Dilimizin çox böyük lüğət ehtiyatı var”.

Sonda TÜRKSOY-a belə müraciət edir: "Mən bunu sizə ona görə deyirəm ki, dili inkişaf etdirmək TÜRKSOY-un əsas vəzifələrindən biridir. Dilimizi bir-birinə bağlamaq, yaxud da ki, bənzətmək lazım deyildir”.

Ümummilli öndər Heydər Əliyevin Azərbaycan dilinə münasibəti barədə daha çox faktlardan danışmaq olar. Bu, kifayət qədər müdrik, məntiqli və  aydın münasibətdir və o, məsələyə təkcə siyasətçi və dövlət başçısı kimi deyil, həm də dilin tarixi və təbii inkişaf qanunayuyğunluqlarını bilən mütəxəssis, milli kimliyimizi və onun əsas daşıyıcısı olan dilimizin təmizliyini, gözəlliyini saxlamaq zərurətini dərindən və həssaslıqla anlayan, başqa türk dillərini yamsılamağı lüzumsuz sayan vətənpərvər ziyalı kimi yanaşırdı.

Təəssüflər olsun ki, indi çoxları deyir ki, mən Heydər Əliyevin yolu ilə gedirəm, ancaq əslində Heydər Əliyevin yolundan çıxaraq hər kəs ona yararlı olan yolla gedir. Sadəcə öz şəxsi planlarını və ambisiyalarını bu şüar ilə həyata keçirir. İndi Prezident dilimizi təkmilləşdirmək üçün fərman imzalamışdır. Ancaq həmin fərmanın adı altında Akademiyada hazırlanan yeni orfoqrafiya layihəsi mahiyyətcə Ulu öndərin prinsipal xarakter daşıyan tövsiyələrinin əksinə olaraq dilimizin səlisliyini pozmağa, yazı ilə tələffüz arasında uyğunsuzluq yaratmağa, onun musiqili ahənginə və gözəlliyinə xələl gətirməyə,  onu süni surətdə türk dilinə bənzətməyə xidmət edir. Bir sözlə, dilin uzun illər boyu təşəkkül taparaq cilalanan, düzənə salınan və möhkəmlənən ahəngini, gözəlliyini və təməlini müxtəlif bəhanələrlə süniləşdirməyə heç kəsin haqqı yoxdur.

İndi çoxları hay-küy edir ki, Sovetlər zamanı dil və milli-mənəvi dəyərlər təhrif olunub. Buraxın bu söhbətləri! Q zaman senzura və məhdudiyyətlərə baxmayaraq elmimiz də, mədəniyyətimiz də, dilimiz də yüksək səviyyədə inkişaf etmişdi, dilimizin elmi mənzərəsi və sabit qayda-qanunları yaranmışdı. Peşəkar mütəxəssislər yetişmişdi…

Mərhum Ağamusa Axundovun 2013-cü ildə nəşr olunan son orfoqrafiya lüğəti  müasir tələblərə cavab verir, sadəcə onu daha da cilalamaq, yeniləşdirmək, təkmilləşdirmək və zənginləşdirmək lazımdır.

Əslində Akademiyanın təqdim etdiyi yeni layihədə yenilik adında ciddi bir şey  yoxdur, boş hay-küydür, orada irəli sürülən qaydalar elə sovet vaxtında  da  olub və  son lüğətdə də vardır. Köhnə qaydaları və lüğəti olduğu kimi köçürərək ona bir neçə mənasız və süni yamaq vurmaq və türkləri yamsılamaq isə yenilik deyildir; sadəcə yersiz yarınmaqdır, yeni qaydaya görə əsgər sözü əskər, İsgəndər sözü İskəndər kimi yazılmalıdır, çünki hər iki söz alınmadır və türklər belə yazır. Bu halda Ələsgər sözü də Ələskər olar. Ancaq hamı bilir ki, Azərbaycan dili ərəb və fars sözlərini özünün səs ahənginə uyğunlaşdırıb. İndi bunu niyə pozuruq?. Mədəniyyət sözünü də türklər kimi mədəniyət və s. yazmağın nə mənası vardır? Cavid deyir:

Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Bunu dəyişsək sözün və şeirin  ahəngi pozular. Nə üçün sovet dövründə elmi fəaliyyətə geniş imkan verilən bir zamanda elmi zirvəyə yüksələ bilməyənlərə indi  Hüseyn Cavidin ölməz kəlamlarına yara vursunlar?

Nə üçün ərəbdən gəlmə "meyl” sözü "meyil” kimi, ancaq "sehr” sözü elə "sehr” kimi yazılır?…45-ci bənddə -dək, -tək qoşmasına misal verilir: – küçəyədək, – quştək; birinci söz məlumdur, ikinci isə (quştək) məna vermir. Bu cür  qarışıqlıq və ziddiyətli şeylər çoxdur. Apostrofun götürülməsi isə bütün ədəbi irsi şikəst hala salıb. Deməli, yeni qaydalar əslində dildə qaydasızlıq yaradır, onun cilalanmış düzənini pozur.  Onların məntiqi və elmi əsası yoxdur, həm də  bir-birinə zidd izahlar verilir: bəzi sözlər deyildiyi kimi yazılır, bəzi sözlər isə başqa cür. Niyəsi yoxdur. Belə bir sual ortaya çıxır:

Bu süni dəyişiklikdən sonra indiyədək yazılan və nəşr olunan əsərlərin aqibəti necə olacaq? Heç kəs yazıçı və şairlərin işlətdikləri dili dəyişə bilməz. Bəs şəxsiyyət vəsiqələrində və pasportlarda olan adların, soyadların talei necə olsun.

Başqa bir tərəfdən, belə tələsik və qatmaqarışıq "yeni”  lüğət, keçmişlə bu günün əlaqəsini bir daha qiraraq ictimaiyyətdə və təhsildə çaşbaşlıq yaradacaq, daha bir nəsil savadsız qalacaq.

Bir daha qeyd etmək lazımdır ki, dil ciddi məsələdir və bu işdə iki prinsipal cəhəti unutmaq olmaz:

Dilin ahəngi və qaydaları tarixən təbii şəkildə təşəkkül tapır və təkamül yolu keçir, bunları alimlər və akademiklər yaratmır, sadəcə öyrənib sistemə salırlar; başqa dillərdən çıxış edərək dilin qayda-qanunlarına və ahənginə süni müdaxilə yolverilməzdir;
Dil xalqın ümumi milli-mənəvi sərvəti və kimliyidir, onun taleyi bir neçə nəfərin, bir qurupun, bir zümrənin inhisarında ola bilməz, onun qaydaları inzibati-amirənə yollarla ictimaiyyətə qəbul etdirilə bilməz.
Bir sözlə, yeni lüğət iddiası mahiyyətcə köhnəyə bir necə lüzumsuz şeylər əlavə etməklə ictimai fikri çaşbaş salmaq, dili süni şəkildə öz sabitləşmiş ahəngindən  çıxarmaq və başqalarını təqlid etmək deməkdir. Bunun əvəzinə zəhmətə qatlaşaraq və ciddi surətdə çalışaraq zəngin Azərbaycan ədəbiyyatı nümunələrini, klassik anadilli poeziyanı, milli nağılları, xalq dastanlarını, aşıq şeirini, dilimizin bədii cəhətdən gözəlliyinə və cilalanmasına xidmət edən Vaqif, Aşıq Ələsgər, Üzeyir bəy, Molla Nəsirəddin, Müşfiq, Səməd Vurğun, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Ordubadi, Ənvər Məmmədxanlı, Süleyman Rəhimov, İlyas Əfəndiyev və digər qələm sahiblərinin əsərlərini diqqətlə mütaliə etmək, onlardan faydalanmaqla dilimizi təkmilləşdirmək, onun söz ehtiyatını zənginləşdirmək, üslubunu cilalamaq və gözəlliyini qorumaq daha faydalı olar.

İsa Nəcəfov

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi  
 
İcmal.Az

RƏYLƏR