DTX-də gənclər təşkilatlarının rəhbərləri üçün məlumat turu keçirilib

OXUNUB: 705 SOSİAL

Dövlət Təhlükəsizliyi Xidmətinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə DTX-də məlumat turu təşkil edilib.

 

İcmal.Az-ın DTX-nin saytına istinadən verdiyi məlumata görə, Xidmət rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevin göstərişi ilə DTX-də gənclər təşkilatlarının rəhbərləri üçün ilk dəfə təşkil olunmuş məlumat turunun başlıca hədəflərindən biri Azərbaycanın maraqlarının qorunması və təhlükəsizliyinin təmin olunması işində gənclərin iştiraklarının daha da artırılması olub.

 

Əvvəlcə tədbir iştirakçıları DTX-nin Heydər Əliyev adına Akademiyasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad ediblər.

 

"Şöhrət” muzeyində keçirilmiş tədbirə ARGTMŞ-in üzvü olan 30 təşkilatın rəhbəri qatılıb.

 

DTX aparatının, Akademiyanın, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul əməkdaşları müvafiq fəaliyyət istiqamətləri üzrə izahedici məlumatlar veriblər. Bildirilib ki, şəxsi heyətinin əksər hissəsini gənclər təşkil edən DTX-də belə görüşlərin keçirilməsi təqdirəlayiqdir və ictimaiyyətlə əlaqələrin qurulması baxımından əhəmiyyətidir.

 

Tədbirdə Azərbaycan təhlükəsizlik orqanlarının tarixi, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət təhlükəsizliyinin etibarlı təmin olunması, bu sahədə müasir çağırışlara uyğun aparılmış islahatlar və əldə edilmiş nailiyyətlər barədə danışılıb.

Qeyd olunub ki, xalqın və dövlətin maraqlarının etibarlı qorunmasında, xüsusilə gənc

nəslin vətənpərvər, dövlətçiliyə sədaqət ruhunda yetişdirilməsində gənclər təşkilatlarının üzərinə böyük vəzifələr düşür.

 

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları, o cümlədən əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məsələlərin həlli üzrə dövlət tərəfindən görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri erməni terrorçu-quldur birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayət faktlarının beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bu işdə gənclərin daha da yaxından iştirakları mühüm əhəmiyyət kəsb edir.

 

Tədbirdə xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təhlükəsiz inkişaf etməsi və qüdrətlənməsi, mənafelərinin etibarlı təmin olunması üçün insan kapitalının yaradılması naminə uğurla həyata keçirilən gənclər siyasətinə digər aidiyyəti dövlət orqanları ilə birgə Dövlət Təhlükəsizliyi Xidməti bundan sonra da öz töhfələrini verəcək.

 

Sonda gənclərin sualları cavablandırılıb.

RƏYLƏR