DYP rəsmilərindən Nazim İbrahimovun qayda pozuntusuna qəribə reaksiya: "27 FEVRALDA ZƏNG EDİN"

OXUNUB: 4516 Seçilmiş Önəmli index-manşet

Dünəndən etibarən Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun avtomobilinin "durmaq qadağandır" işarəsi olan yerdə, səkinin fiziki qüsurlu insanlar üçün keçid yerində saxlaması sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

BNEWS.az xəbər verir ki, Sosial mediada gedən şərhlərdən aydın olur ki, Nazim İbrahimov neçə illərdir, hər gün avtomobilini belə park edir. Belə ki, komitəyə çatmamış eyni küçənin solunda hər zaman DYP əməkdaşları "post quraraq" sürücülərə nəzarət həyata keçirilər. Belə olan təqdirdə niyə bu günə qədər DYP Nazim İbrahimovun özbaşınalığına göz yumub? Məsələ ilə bağlı BNEWS.az -a açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, Nazim İbrahimovla bağlı sosial şəbəkələrdə gedən müzakirələrdən xəbəri var: "Ümumiyyətlə, DYP əməkdaşları tərəfindən hər hansı şəxs və ya şəxslərin cərimə edilib-edilməməsi ilə bağlı məlumat vermirik. Yalnız ictimaiyləşmiş məsələ ilə bağlı olduqda, yalnız qarşı tərəfin razılığı ilə informasiya verilir. Yalnız bundan sonra kimin haqqında hansı protokolun nə vaxt yazıldığını deyə bilərik”, - deyə Kamran Əliyev qeyd edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə BNEWS.az-a bildirib ki, Xocalı soyqırımının 26 il dönümü ilə bağlı tədbirdə olduğu üçün münasibət bildirməyəcək: "Bununla, yəni Nazim İbrahimov barəsində yayılan informasiyadan da xəbərim yoxdur. Tədbir başa çatdıqdan sonra, araşdırma aparıb fevral ayının 27-dən sonra açıqlama verə bilərəm”, - deyə V. Əsədov əlavə edib.

Məlumat üçün qeyd edək ki, DYP sıravi vətəndaşların hər hansı yol hərəkəti qaydalarının pozuntusunu aşkar etdiyi təqdirdə qarşı tərəfin razılığı olmadan belə dəfələrlə məsələyə münasibət bildirib, hətta müşahidə kameralarının görüntülərini yayıblar. Digər bir tərəfdən isə biz redaksiya olaraq Vaqif müəllimi gözləyə bilərik. Ancaq rəsmi açıqlama olmayana qədər sosial şəbəkə istifadəçiləri gözləyə bilməyəcək, hər gün yeni iddia paylaşacaqlar. Bu isə cəmiyyətdə ciddi çaşqınlıq yarada bilər.

BNEWS.az

RƏYLƏR