"Gedənə yoldaş, gələnə qardaş" - Anar Rəhimov yazır

OXUNUB: 8819 KÖŞƏ MARAQLI Özəl SİYASƏT
Bu başlığı oxuyan kimi hərənin ağlına fərqli nələrsə gəlir. Nə getsə də, bu fərqlilik dəqiq qalacaq. Fərqli yaşam, fərqli geyim tərzi, saç düzümləri, fərqli musiqi zövqü, fərqli kitab və ən əsası da fərqli düşünmək. Fərqli düşünmək həm də ümumi fikir, vahid rəyin formalaşmasının böyürün deşir ki, qalma, get. Nə isə, bu başqa get-qaldır.  Yazını şifahi xalq ədəbiyyatımızdan "get özünə dost qazan, düşmən ocaq başındadır" cümləsi ilə başlamaq istəyirdim, mövzuya elə də uyğun gəlmədi. Buna görə də, bu atalar sözü daha keçərlidir- "gedənə yoldaş, gələnə qardaş". Qayıdaq yeniliyə, kim gedəcək, kim qalacağa! 2019-cu ilin getməyi dəqiqdir, yeni il gələcək. Qarqız Şaxtababası ilə gəlib, gedəcək, bəxtimiz gətirsə hədiyyələri qalacaq. Kiminə sevincli, kiminə nisgilli 2020-ci il qalacaq. "Zerkalni" qəlibdən olanlar indidən mobil nömrəsində bu 20-lərə qapılıb, yeni ildə yüksək post ümidilə telefonun sensorun barmaqlayır. Həmin postlarla dostlaşanlar azca fikirlidir, çünki yeni ildə də bəzi qurum rəhbərləri müavinləri ilə əvəzlənsə, məəttəl qalmaram. Adın qoyaq - birincilər gedəcək, ikincilər qalacaq. Proqnoz versək, Merkelin getməyin, Putinin qalmağın sıxmaq olar. Kupon sıxanların təbirincə desək,  Yuventusdan Sarrinin getməyi, Liverpulda sarının - Klopun qalmağı gözlənilən və seziləndir. Top oyunundan yazmışkən, atəşkəsi pozan toplardan da bəhs edək. Cəbhəyə, hərbi hissələrə əsgərlər gedəcək, atəşkəs isə qalacaq. Konflikt çözümü istiqamətində hazırlanmış sənədlər imza duası ilə kabinetlərə gedəcək. Münaqişə həllinə hesablanmış prinsiplərin prinsipsizliyi, faydasızlığı qalacaq. İşğal faktoru da qalıcılaşıb. Nikbinliyə yozsaq, evin dəhlizi gedəcək,  otaqları qalacaq. Nikbinliyə yozduğum koridorsuz evin otaqlarında qalan və ya ora qayıdan olacaqmı? " Şər deməsən, xeyir gəlməz ".  Bədbinliyə qapılsaq, böyük güclər Qarabağ kartı ilə müxtəlif gedişlər gedəcək ki, bizə də baxmaq qalacaq.  Gənclər PUBG kimi oyunlarla savaş qurdların öldürəcək, ya da Gürcüstan , Rusiyada erməni qızlarla görüşüb, bir növ qisas, həzz, nəsə alacaqlar da!  Əslində ölkəmizin beynəlxalq arenadakı son uğurları işğalçıların "Böyük Ermənistan" xülyalarının getməyi, Qarabağın bizə qalmağına dəlalət edir. Xaricdən daxilə qayıdanda bir sualla qarşılaşırıq: "Görəsən, məmur özbaşınalığı öz axarı ilə gedəcək, bəziləri elə qərib qalacaq" Real yanaşsaq, kadr islahatları daha ağılabatan və qəlbəyatandır. Elə isə, özbaşınalar yaxın zamanda gedəcək, kresloları başqalarına qalacaq. "Burda dilənir, orda zəkat verir" atalar sözündəki kimi o kreslolardakı bəzi ateistlər  Həccə gedəcək, ibadət edənlərin bir qismi elə Mir Mövsümün qəbirinə fırlana-fırlana qalacaq. Ümumiyyətlə, müsəlmanlar cümə namazına, xristianlar keşiş yanında bağışlanmağa, yəhudilər sinaqoqa gedəcək, ateist, deist kimilər də öz dediklərində qalacaq. Həm din, həm elmin elə öz cərəyanları arasında da narazılıq qalacaq, mübahisə hələ çox gedəcək. Atalar yaxşı deyib: "Balta ağac kəsməzdi, sapı ağac olmasaydı". Ağaclar da bir ucdan kəsiləcək, gedəcək, yerində bar verməyən, lakin pul qazandıran binalar qalacaq.  Binaların özü də yaralı mövzudur, gündəmdir. Uşaqlıqdan görməyə alşdığımız çox bina söküləcək, tarixə qovuşub, gedəcək. İstədiyi məbləği ala bilənlər gedəcək, doğulduğu məhləyə öyrəşənlər qalacaq. Ta ki, elə məhlədə qaldıqlarını anlayanacan. Lazımi idarələrə gedən giley-güzar namələri qorx ki, qapıda qala! Təki gözümüz qapıda qalmasın. Siz belə yazıları oxudunuz, oxumadınız vaxtınız gedəcək, təəsüratınız qalacaq. Darıxmayın, bir gün köks ötürməyə vadar edən, düşündürən yazıların müəllifləri gedəcək, oxucular qalacaq.

RƏYLƏR