Gəncədə “15 temmuz dastanı” adlı anım mərasimi keçirilib

OXUNUB: 763 SOSİAL

İyulun 15-də Türkiyənin Gəncədəki Baş konsulluğunda ötən il qardaş ölkədə baş verən dövlət çevrilişi cəhdinin birinci ildönümü ilə əlaqədar "15 temmuz dastanı” adlı anım mərasimi keçirilib.

Mərasim Azərbaycan və Türkiyənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, qardaş ölkələrimizin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Müqəddəs "Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşık çıxış edərək, 15 iyul dövlət çevrilişi cəhdinin Türkiyə Respublikasının tarixində çətin sınaq olduğunu, həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirdiyini bildirib.

Baş Konsul ölkəsində 15 iyulda baş vermiş dövlət çevrilişi cəhdi zamanı Azərbaycan dövləti və xalqının Türkiyənin yanında olduğunu, Prezident İlham Əliyevin dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 15 iyul hadisələri zamanı 250-dən çox insanın həlak olduğunu xatırladan Orxan İşık dövlət çevrilişi cəhdinin ağır nəticələrindən danışıb.

AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev Azərbaycan xalqının 15 iyul hadisələri zamanı qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan dövləti o çətin günlərdə birmənalı şəkildə Türkiyənin konstitusion quruluşunu, xalqın iradəsi ilə formalaşmış hakimiyyəti dəstəklədi, bu hakimiyyətə qarşı xain cəhdləri qətiyyətlə pislədi. Ulu öndərlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyev xalqlarımızın taleyinin bir olduğunu, bundan sonra da bir olacağını birmənalı şəkildə bəyan ediblər. Ulu öndərlərimizin müəyyən etdikləri bu yol, bu birlik daimi və əbədidir.

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan xalqı ötən il iyulun 15-də Türkiyədə baş verən hadisələrin nə olduğunu çox yaxşı bilir, eyni tarixi hadisələri xalqımız da yaşayıb. Vaxtilə ölkəmizdə də xain qüvvələr dövlətə və dövlətçiliyə qarşı qiyam qaldırmış, demokratik yolla seçilmiş hakimiyyəti devirməyə cəhd göstərmişdi. Yaşanan bu hadisələr bir daha sübut etdi ki, heç kim xalqın iradəsinə qalib gələ bilməz. Xalqın iradəsi ilə formalaşmış hakimiyyət hər cür iradədən üstündür. O ağır günlərdə Türkiyə xalqı Vətən, dövlətçilik, demokratiya uğrunda mübarizə apardı və qələbə çaldı.

AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Türkiyədə dövlət çevrilişinə cəhd zamanı iyulun 15-də yaşından asılı olmayaraq vətəndaşların küçə və meydanlara axışaraq Vətənə, millətə, demokratiyaya sadiqliyini əsl qəhrəmanlıq nümunəsi adlandırıb.

Tədbir iştirakçıları 15 iyul hadisələri zamanı şəhid olanların ailələrinə və bütün türk xalqına bir daha başsağlığı verib, Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısını alan, demokratiyaya, dövlətçiliyə sadiq qalan insanlarla həmrəy olduqlarını bildiriblər.

Mərasimdə 15 İyul – Demokratiya və Milli Birlik Gününə, Azərbaycan-Türkiyə dostluğuna həsr olunan videoçarxlar nümayiş etdirilib, 15 iyul hadisələrindən bəhs edən "Uzun gecənin qısa tarixi” adlı” kitabın təqdimatı keçirilib./qafqazinfo

 

İcmal.Az

 



RƏYLƏR