Mingəçevirdə məktəbin açılışı nə ilə yadda qaldı? (xüsusi reportaj)

OXUNUB: 269 SOSİAL



Mingəçevirdə növbəti dəfə əsaslı təmirdən çıxan məktəb şəhid Vaqif Ağakişiyevin adını daşıyan 12 nömrəli tam orta məktəb oldu. Vaqif Ağakişiyev I Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olmuş və Mingəçevirin ilk dörd şəhidindən biridir. 24 yaşlı qəhrəman şəhidimizin hərbi formada olan şəkili həmin dövrü xatirlayan hər bir mingəçevirlinin yaddaşında həkk olunub. Biraz qabağa qaçaraq bildirim ki, məktəbdə şəhid Vaqif Ağakişiyevə aid xüsusi güşənin yaradıldığını görmək bizləri çox sevindirdi.

Təəssüf ki, pandemiyanın gətirdiyi məhdudiyyətlər məktəbin təntənəli açılış mərasiminin keçirilməsinə imkan vermir. Bu səbəbdən məhdud sayda şəxslərin iştirakı ilə açılış ictimai baxış formasında keçirilir. 

Biz tədbir yerinə çatanda artıq rəsmi şəxslər məktəbin qarşısında Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun gəlməyini gözləyirdilər. Onların arasında Təhsil Nazirliyinin nümayəndəsi, nazirliyin sektor müdiri Fuad Qarayevi, Nazirliyin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elçin Həsənzadəni, şəhər Təhsil şöbəsinin müdiri əvəzi Zamik Cəbiyevi və 12 nömrəli məktəbin direktoru Sevda İsmayılovanı görürük. Çox keçmir ki, şəhər rəhbəri də tədbir yerinə gəlir və açılış mərasiminə start verilir.

Tədbirin əvvəlində İcra başçısının Təhsil Nazirliyinin nümayəndələri ilə şəhər məktəblərində mövcud problemlərin müzakirəsinin qulaq şahidi oluruq. Nazirliyin sektor müdiri Fuad Qarayev İlham İsmayılovun məktəblərdə mövcud olan problemlərin ən xırda detallarına qədər bilməsindən təəccübünü gizlətmir və icra başçısına təhsil sahəsinə göstərdiyi dəstəyə görə təşəkkür edir. İlham İsmayılov gülümsənərək bu onun borcu olduğunu deyir və Mingəçevirdə təhsilin inkişafını təmin edən əsas amilin prezident İlham Əliyev və 1-ci Vitse prezident Mehriban xanım Əlieyevanın olduğunu vurğulayır.

İctimai baxış məktəbin girişində nəfis şəkildə tərtib olunmuş ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin Mingəçevir şəhərinə səfərlərini və təhsil sahəsinə olan diqqət və qayğılarını əks etdirən güşələrə baxışla başlayır. Bundan sonra bir neçə sinif otağına baxış keçirilir, yaradılan şəraitlə tanış olunur. 

Qeyd edək ki, məktəb 450 şagird yerlikdir və cəmi 23 sinif otağı var. Məktəb binası 1969-cu ildə tikilərək istifadəyə verilib və ilk dəfədir ki, əsaslı təmir olunur. Yüksək səviyyədə təmir olunmuş və ən müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları, laboratoriyalar, akt və idman zalları, yeməkxana, kitabxana və müxtəlif fənn kabinetlərinə baxdıqca bir daha əmin olursan ki, təhsilin inkişafı üçün bundan artıq  ediləsi heç nə qalmayıb. Bircə qalır ki, uşaqlar təhsilə həvəs göstərsin və müəllimlər öz vəzifələrini vicdanla yerinə yetirsinlər. Laboratoriyalara  baxış keçirərkən İcra başçısı İlham İsmayılovun şəhər Təhsil şöbəsinin müdiri və məktəbin rəhbərinə müraciətlə yaradılmış bu şəraitin təhsil ictimaiyyətimiz qarşısında yeni vəzifələr qoyduğunu və onların  bundan sonra daha yüksək nailiyyətlər əldə etməli olduğunu sanki bir tapşırıq kimi bildirməsi də diqqətimizdən yayınmır.
 
 





RƏYLƏR