Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.
İCMAL.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə
və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı
adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər
diplomatik əlaqələrimizin qurulmasından sonra ötən 25 il ərzində dostluq və əməkdaşlıq
zəminində dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlmişdir.
Enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi
irimiqyaslı transmilli layihələrə ABŞ-ın mühüm və davamlı dəstəyi, beynəlxalq
terrorizmə qarşı mübarizədə, Əfqanıstanda sülhyaratma missiyasında ölkələrimizin
yaxından və səmərəli əməkdaşlığı tərəfdaşlığımızı səciyyələndirən başlıca amillərdəndir.
Biz, eyni zamanda, Ermənistanın
Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi,
qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın
doğma yurd-yuvalarına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh
yolu ilə və ədalətli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən
Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Belə bir xoş gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq
və firavanlıq diləyirəm”.