Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək
qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə
uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və
vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti
ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə
yönəlmişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları
sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi.
Azərbaycan uşaqlarının sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə
alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim
diqqətində olmuşdur.Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki,
müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər
əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca
mühüm əhəmiyyət kəsb edir.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras
qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham
Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev
Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan
uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli
təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər
görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni
məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və
yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan
uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının
bu yöndə səfərbər olmasına yönəlmişdir.
Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı və yaddaqalan
olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə
tədbirlər davam edir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bilgəh qəsəbəsi "Damla” istirahət mərkəzində təşkil edilən tədbirə
uşaqlar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəlmişlər. Uşaqlar üçün
təşkil olunan bu tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı
ailələrdən, təhsildə və idmanda fərqlənən məktəblilər iştirak etmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva
tədbirdə iştirak edən uşaqlara xoş istirahət arzu edərək bildirdi ki, bu
gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mədəni mühitdə
böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən
Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri
yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin,
təlim-tərbiyəsinin, təhsilinin,sosial müdafiəsinin, sağlamlığının yüksək
səviyyədə təşkil edilməsidir. Gülarə Verdiyeva daha sonra bildirdi ki,
uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Heydər
Əliyev Fondu davamlı olaraq layihələr həyata keçirir. Fondun bu
istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah
işləri nümunəvidir. Bu xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi
və təmənnasız xeyirxah əməllər təşkil edir. Azərbaycanın Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva "Uşaqlar Azərbaycanın
sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” fikrini dəfələrlə
vurğulayıb.
Tədbirdə uşaqlar müxtəlif maraqlı oyunlarda iştirak edib, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar. İsti yay günündə əylənən uşaqlar Nəsimi rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət edib, əyləniblər. Tədbirdə uşaqlar birgə nahar ediblər.
Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.