Nəsimi rayonunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

OXUNUB: 137 SOSİAL
Dekabrın 10-da Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin və ADU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə professor-müəllim heyəti, icra nümayəndələri və respublikanın digər universitetlərindən olan qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzüblər. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının ürəyində, əməllərində yaşayır və hər zaman yaşayacaq: "Onun əməllərinin sayəsində biz işğal altında olan Qarabağı azad etdik. Onun əməllərinin sayəsində biz Azərbaycanı geri dönməz inkişaf yoluna qoyduq. Ulu öndərin həyatı, siyasi fəaliyyəti, atdığı hər bir addım bu gün Azərbaycanın xeyrinə hesablanmış bir tarixdir. Bu gün bizim gəncliyimiz Ulu öndərin vəsiyyətinə əməl edir. Ulu öndər gəncləri bizlərə əmanət edib. O, öz çıxışında bunu xüsusi olaraq vurğulayırdı: "Gənclər, tələbələr mənim sizə əmanətimdir”. Bu sözlər daima mənim yaddaşımda silinməz izlər buraxıb”. 
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndərin həyat təcrübəsindən, Azərbaycan üçün etdiyi böyük işlərdən, millətimizin daha gözəl yaşaması üçün xilaskar missiyasından söhbət açıb: "Ulu öndər gənclərin düşüncələrini, ideyalarını daima dəstəkləyirdi. Gənclərin daha sağlam, daha savadlı və xoşbəxt olması üçün yorulmadan çalışırdı. Ulu öndər ancaq Azərbaycanın parlaq gələcəyini, millətin xoşbəxtliyini düşünürdü, müstəqilliyimizin əbədi olması üçün əlindən gələni edirdi. Bu gün biz qalib bir xalqıq, bu qalibiyyətin anlamını dərk etmək üçün ulu öndərin həyat fəaliyyətinə bir daha nəzər salmalıyıq”.
ADU-nun Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar, Rumın dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Jozefina Batto Ulu öndər Heydər Əliyevin müdrik siyasətindən və misilsiz idarəçiliyindən danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycanın haqq səsini dünyanın ən nüfuzlu tribunalarından dünya ölkələrinə çatdırıb. Onun xalqına, dövlətinə olan sevgisi hər addımında, hər qərarında hiss olunurdu. Bütün bunlar bu gün Azərbaycanın daha qüdrətli, daha müasir və azad bir ölkə kimi fəaliyyət göstərməsində əsas meyar hesab olunur.
Anım mərasimində ADU-nun tələbələri Ulu öndər Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” şüarını video-rolik şəklində bir neçə xarici dildə səsləndiriblər.
Tədbir ADU tələbələrinin ifasında bədii hissə ilə davam edib.
 
7News.Az
 


RƏYLƏR