Növbəti qurultayın Şuşada keçirilməsi çox qürurvericidir

OXUNUB: 493 SOSİAL
Məlum olduğu kimi, Dünya Azərbaycanlılarının V qurultayı xalqımızın musiqi beşiyi olan Şuşa şəhərində keçiriləcək. Dünyanın hər yerindən təşrif buyuracaq soydaşlarımız hər birimiz üçün xüsusi məna daşıyan Şuşada, Cıdır düzündə görüşəcəklər. Bundan gözəl, qürurverici nə ola bilər?!

Bu xoş müjdə hamı kimi, məni də çox sevindiribdir. Hesab edirəm ki, dünya azərbaycanlılarının növbəti qurultayı xalqımızın birlik və həmrəyliyini daha da gücləndirəcək. Qurultay, əlbəttə, qarşıdakı illər üçün yeni, mühüm vəzifələr müəyyən edəcək.

Ən vacib olanı isə xalqımızın birliyidir. Azərbaycan dövləti və xalqımız möhtərəm Prezidentimizin ətrafında bir yumruq kimi birləşib. Dünənki və bugünkü böyük uğurlarımızı şərtləndirən məhz bu amildir. Sabah da belə olacaq. Buna tamamilə əminəm.

Hesab edirəm ki, Azərbaycan xalqı bu gün dünyanın ən xoşbəxt xalqlarındandır. Çünki öz gücü, hünəri ilə otuz ilə yaxın işğal altında olan torpaqlarını yağı düşməndən azad edə bilibdir. Son onilliklər ərzində bütün dünyada Qarabağda bizim qazandığımız zəfər miqyasında uğura çox az xalqlar nail ola biliblər.

Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsindəki hünər dastanı bütün dünyanı heyran edib. Bizim sevinməyə, qürur duymağa tam haqqımız var. Bu böyük xoşbəxtlik xalqımıza İkinci Qarabağ müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qeyri-adi qəhrəmanlıqları sayəsində nəsib olubdur. Qədirbilən Azərbaycan xalqı doğma Qarabağımızın xilaskarlarını heç vaxt unutmayacaq.

Qeyd etmək lazımdır ki, xalqımızın 44 günlük Vətən müharibəsindəki parlaq zəfəri ölkəmizin hər yerində böyük ruh coşğunluğu yaratmışdır. Dünən cəbhədə parlaq qələbə qazanan Azərbaycan dövləti bu gün artıq Qarabağda böyük tikinti-quruculuq işləri ilə məşğuldur. Dövlətimiz və xalqımız bu gün əl-ələ verib işğaldan azad edilmiş ərazilərdə düşmənin vandalcasına dağıtdığı şəhər və kəndləri yenidən inşa edir. Gözlərimizin önündə əvvəlkindən də gözəl şəhərlər tikilir, parklar və yollar salınır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili” elan edib. Fikrimcə, ölkəmizdə elə bir insan tapılmaz ki, o, gözəl və qənirsiz Şuşanı bütün varlığı, ruhu ilə sevməsin, ona qəlbən bağlanmasın. Amma, mənə elə gəlir ki, möhtərəm Prezidentimiz Şuşanı hər birimizdən daha çox sevir. Cənab İlham Əliyev bir dəfə bu barədə söz açarkən demişdir: "Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır”.

Mən İkinci Qarabağ müharibəsi qazisiyəm. Nə gizlədim, Vətənimin azadlığı uğrunda döyüşlərdə iştirak etdiyim üçün çox qürurluyam. Eyni zamanda, hazırda dövlətimizin Vətən müharibəsi iştirakçılarına, qazilərə, şəhid ailələrinə göstərdiyi hərtərəfli diqqət və qayğı hamı kimi, məni də çox məmnun edir. Buna görə cənab Prezident İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdolusu təşəkkür edirəm.

Sonda isə bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan xalqı yeni, möhtəşəm tədbir ərəfəsindədir. Çünki, Dünya azərbaycanlılarının Şuşada keçiriləcək növbəti qurultayı əsl milli bayrama çevriləcək.

Azər VERDİYEV,

politoloq, İkinci Qarabağ müharibəsi qazisi

RƏYLƏR