Parlament Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişiklik edildi

OXUNUB: 731 index-manşet SİYASƏT

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

İcmal.Az "Report”-a istinadən xəbər verir ki, Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar təklif edilib.

Sərəncamdan irəli gələrək cəza siyasətinin humanistləşdirilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə məcəllənin müvafiq maddələrində dəyişikliklər nəzərdə tutan qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən həbs qətimkan tədbirinin tətbiq olunmasının müstəsna halları sadalanıb ki, bu da həbsə alternativ olan qətimkan tədbirlərinin, xüsusən də ev dustaqlığı və girovun tətbiq edilməsi hallarının genişləndirilməsi məqsədi daşıyır. Habelə, məcəllənin həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri ilə bağlı məsələləri tənzimləyən normalarının təkmilləşdirilməsi məqsədilə də dəyişikliklər təklif edilib. Xüsusən ev dustaqlığı qətimkan tədbirinin seçilə bilməsi hallarını, təqsirləndirilən şəxslərin üzərinə qoyulan vəzifələrin, onun icrasına nəzarət edən orqanın hüquqlarının siyahısını, məhkəmə və prokurorluq orqanlarının bu sahədəki səlahiyyətlərini tənzimləyən normalara qanun layihəsində xüsusi yer ayrılıb.

Digər dəyişikliklər elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlıdır ki, bu da sərəncama uyğun olaraq cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədi daşıyır.

Layihəyə əsasən Məcəlləyə "Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat” adlı yeni Fəslin əlavə edilməsi təklif edilib. Layihədə təklif edilən yeni 467-1-467-11-ci maddələr bu icraatın xüsusiyyətlərinin, icraat zamanı müəyyən edilməli halların siyahısının, məhkəmə baxışının və bu icraat ilə bağlı digər məsələlərin tənzimlənməsinə yönəlib.

Qanun layihəsinin ev dustaqlığı qətimkan tədbiri ilə bağlı müddəalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları ilə eyni gündə qüvvəyə minməsi, "Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat” adlı yeni fəslinin müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minməsi, digər müddəaların isə dərc edildiyi gündən qüvvəyə minməsi təklif edilib.

Cəzaların İcrası Məcəlləsinə edilən dəyişikliklər də "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 2668 nömrəli Sərəncamının icrası ilə əlaqədar təklif edilib.

Həmin Sərəncamda cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məsədilə bir neçə istiqamət üzrə tədbirlərin görülməsi müəyyən edilib.
Qeyd edilənlərə əsasən təqdim olunan qanun layihəsində Cəzaların İcrası Məcəlləsinə bu istiqamətlər üzrə dəyişikliklərin edilməsi təklif edilib:

1. Cəzanı icra edən müəssisə və orqanların dairəsinin müəyyənləşdirilməsi,
2. Probasiya nəzarətinin kimlər tərəfindən həyata keçirilməsi,
3. Cəzaların icrası zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri,
4. İctimai işlər növündə cəzanın icrası qaydasının daha da təkmilləşdirilməsi,
5. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası mexanizmi.
Hər iki layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

İcmal.Az

RƏYLƏR