Prezident: Bilirdim ki, böyük tranzit potensialımız olacaq

OXUNUB: 667 index-manşet SİYASƏT

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əminəm ki, yeni Bakı Limanı ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaqdır.

İcmal.Az xəbər verir ki, bunu ölkə prezidenti İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında deyib.

Prezident bildirib ki, o, bir neçə il bundan əvvəl limanın tikintisi ilə bağlı qərar qəbul edib:

"Bilirdim, görürdüm ki, Azərbaycanın çox böyük nəqliyyat və tranzit potensialı olacaq, ölkəmiz sürətlə inkişaf edəcək.

Belə bir qərarın qəbul edilməsi bir daha göstərdi ki, bizim siyasətimiz uzaqgörən siyasətdir, düşünülmüş siyasətdir.

Tikinti işləri başlamışdı və biz bu tikinti işlərini mərhələlərə böldük. 2014-cü ildə bərə terminalı, bu ilin əvvəlində isə Ro-Ro terminalı istifadəyə verildi, bu gün isə liman tam fəaliyyətə hazırdır.

On beş milyon ton yükaşırma, o cümlədən 100 min konteyner yükaşırma qabiliyyəti olan liman bizim nəqliyyat infrastrukturumuzun möhkəmlənməsində əlbəttə ki, önəmli rol oynayacaqdır.

Bundan sonrakı mərhələ yükaşırma qabiliyyətini 25 milyon tona çatdırmağa hesablanıb. Bax, burada yerlər də hazırdır.

Bu gün təqdimatda, o cümlədən limanın genişləndirmə işləri ilə bağlı planlar da məruzə edilmişdir və konteynerlərin həcmi ildə 500 min ədədə hesablanıb.

Limanın inşasında yerli və xarici mütəxəssislər, işçilər iştirak ediblər. Mən gördükləri işlərə görə onlara minnətdarlığımı bildirmək istəyirəm. Limanın tikintisi ilə bağlı işlərə mən şəxsən nəzarət etmişəm.

Şadam ki, bu gün burada ən yüksək standartlar tətbiq olunur, bütün avadanlıq, lazım olan texniki vasitələr, ən müasir kranlar alınıb quraşdırılıb.

Beləliklə, biz Azərbaycanda çox güclü nəqliyyat-logistika mərkəzini yaratdıq.

Ələtin seçilməsi də təsadüfi deyildi.

Çünki mövcud Bakı Dəniz Limanı bizim tələbatımıza artıq uyğun deyil, şəhərin mərkəzində yerləşir və artan yükləri qəbul etmək imkanları çox məhduddur.

Ələt isə coğrafi baxımdan çox əlverişli bir yerdir və həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları əlbəttə ki, bu yerin seçilməsində əsas rol oynayıb.

Əlbəttə ki, Ələt qəsəbəsinin də inkişafı böyük dərəcədə burada yaradılan logistika və nəqliyyat infrastrukturu ilə bağlı olacaq.

Əlavə etsək ki, biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq, deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq.

Beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaqdır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik.

Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var.

Mənə verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi alınmışdır. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilib.

Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq…”

İcmal.Az

RƏYLƏR